HÓFMAN Avqust Vilhelm (8.4.1818, Gissen – 5.5.1892, Berlin) – alman kimyaçısı. London Kral Cәmiyyәtinin üzvü (1851), Peterburq EA-nın әcnәbi müxbir üzvü (1857). Y.Libixin tәlәbәsi olmuşdur. Hisen Un-tini bitirmişdir (1840). Bonn Un-tinin privat dosenti (1845), London Kral Kimya Kollecinin ilk direktoru (1845–65) olmuş, orada kimya laboratoryasını tәşkil etmişdir. Berlin Un-ti nin prof.-u (1865 ildәn), London Kimya Cәmiyyәtinin prezidenti (1861–63), Almaniya Kimya Cәmiyyәtinin banisi vә ilk prezidenti (1868–92), hәmin cәmiyyәtin mәtbu orqanı “Chemische Berichte”nin tәsisçisi olmuşdur. 1888 ildә zadәgan rütbәsinә layiq görülmüşdür.
Əsas elmi tәdqiqatları aromatik birlәşmәlәrә, o cümlәdәn boyaq maddәlәrinә hәsr olunmuşdur. Daş kömür qatranında anilin vә xinolin aşkar etmişdir (1841). Daş kömür qatranından benzolu ayırmışdır; benzola sulfat vә nitrat turşularının qarışığı ilә tәsir etmәklә onu nitrobenzola çevirmiş vә sonuncunun hidrogenlәşmәsindәn anilin alaraq Zinin reaksiyasını tәkmillәşdirmişdir. H.-ın aminlәrin vә anilinin halogen әvәzli birlәşmәlәrinin öyrәnilmәsinә aid işlәri Dümanın әvәzlәmә nәzәriyyәsinin müddәalarını tәsdiq edirdi. Toluidinlәri (1845) vә tetraalkillәşmiş ammonium әsaslarını (1850) kәşf etmişdir. Fransa kimyaçısı O.Kaurla birlik dә trietilfosfin, allil spirti vә sonuncunun oksidlәşmәsindәn akrolein almışdır (1855).
H. tәrәfindәn kәşf olunmuş altı reaksiya, o cümlәdәn ammonyak vә alkilhalogenidlәrdәn alifatik aminlәrin sintezi (1850), birli aminlәrin izonitrillәrә çevrilmәsi (1868) vә karbon turşularının amidlәrinin birli aminlәrә parçalanması (yenidәn qruplaşması) (1881) reaksiyaları onun adını daşıyır (bax Hofman reaksiyaları). İlk dәfә sintetik boya (movein) almış tәlәbәsi U.Perkinin (böyük) müvәffәqiyyәtli işindәn sonra H. bir sıra trifenilmetan boyaları, o cümlәdәn fuksin (anilin qırmızısı, 1858) vә parafuksin (“Hofman bәnövşәyisi”, 1863) almışdır. H.-ın anilin boyalarının sintezindә ilkin vә aralıq mәhsulların tәrkib vә xassәlәrinin öyrәnilmәsinә aid elmi işlәri ilә sintetik boyalar kimyasının әsası qoyulmuş vә onların sәnaye istehsalının inkişafı üçün böyük әhәmiyyәt kәsb etmişdir.
H. mühazirәlәri üçün çoxlu nümayiş etdirilәn tәcrübәlәr hazırlamışdır. Üzvi birlәşmәlәrin nomenklaturasına mütәrәqqi yeniliklәr tәklif etmişdir. “Einleitunq in die moderne Chemie” (“Müasir kimyanın öyrәnilmәsinә giriş”, 1866) kitabı dövrünün әn populyar dәrs vәsaitlәrindәn biri olmuşdur.











