HOLBÁX (Holbach) Pol Anri (8.12.1723, Almaniya, Edeshaym – 21.6.1789, Paris) –fransız filosofu. Alman taciri ailәsindә doğulmuşdur. 1744–49 illәrdә Leyden Untindә kimya tәhsili almışdır. Parisә köçdükdәn sonra D.Didronun başçılığı altında “Ensiklopediya”nın yaradılmasında fәal iştirak etmiş, onun üçün 375 mәqalә yazmışdır. H.-ın açdığı salon ensiklopedistlәrin müntәzәm fәlsәfi diskussiyalar apardığı yerә çevrilmişdi. Müasirlәrinin “materializmin Bibliyası” adlandırdığı “Tәbiәtin sistemi, yaxud Fiziki dünyanın vә ruhani dünyanın qanunları haqqında” (“Systeme de la nature ou Des loix du monde physique et du monde moral”, 1770) başlıca әsәrindә H. Maarifçilik dövrünün materialist vә ateist ideyalarının sistemlәşdiricisi kimi çıxış edirdi. 18.8.1770 ildә kitab Paris parlamentinin hökmü ilә kütlә qarşısında yandırılmışdı.
H.-a görә, materiya yeganә substansiyadır. Hәrәkәt materiyanın mövcudluq üsuludur. “Kainat bütün mövcudatın nәhәng birlәşmәsi olub, bizә hәr yerdә yalnız materiyanı vә hәrәkәti tәzahür etdirir”. Materiya yaradılmayıb, әbәdidir, özü özünün sәbәbidir. Tәbiәtdә mövcud olan hәr şey H.-ın “molekul” (bәzәn atom) adlandırdığı әn xırda hissәciklәrin birlәşmәsindәn yaranmışdır. Materiyanın elementlәri öz xassәlәrinә vә hәrәkәt üsullarına görә fәrqlәnir. H. sәbәbiyyәt tәlimindә özünәmәxsus “fatalizm sistemi”ni inkişaf etdirirdi: dünyada baş verәn hәr şey zәruridir vә tәbiәtin daim fәaliyyәtdә olan qanunlarına tabedir; tәsadüfi hadisәlәr yoxdur. O, qnoseologiyada sensualizmin tәrәfdarı idi: maddi predmetlәr bizim hissiyyat orqanlarımıza tәsir göstәrәrәk duyğular doğurur, onların әsasında fikirlәr vә istәklәr yaranır; fitri ideyalar mövcud deyil.
H. maraqları vә onların arasında әn mühümü olan xoşbәxtliyә canatmanı insan hәrәkәtlәrinin başlıca motivi hesab edirdi. Xoşbәxtlik insan arzularının onu әhatә edәn şәraitә uyğun gәlmәsindәn ibarәtdir, lakin o, xoşbәxtliyә digәr insanların kömәyi olmadan çata bilmir, öz yaxınlarının xoşbәxtliyinә yardım etmәk marağı buradan doğur. H. ictimai qaydaların yaxşılaşdırılmasını maarifçi monarxın fәaliyyәti ilә әlaqәlәndirirdi, lakin despotik idarәçilik formasını lәğv etmә vasitәsi kimi inqilabın mümkünlüyünü dә qәbul edirdi. Ədalәtli dövlәt quruluşu ictimai müqavilәyә әsaslanmalıdır.
H.-a görә, dini yaradan qorxu, cәhalәt vә yalandır. Bәdәnsiz can vә ölümdәn sonrakı hәyat haqqında tәlim “fantastik”dir vә “әsassız ehtimallar”a söykәnir: qeyri-maddi can heç vaxt bәdәn orqanlarına tәsir göstәrә bilmәzdi. Tәbiәt dәrindәn öyrәnildikcә allahlar haqqında tәsәvvürlәr yox olacaq, dinin aradan qaldırılmasına isә kilsәnin dövlәtdәn ayrılması vә din xadimlәrinin imtiyazlarının lәğvi yardım edәcәk. H.-ın ideyaları materialist fәlsәfәnin sonrakı inkişafına tәsir göstәrmişdir.










