HÓLDİNQ (ing. holding – tutmaq, saxlamaq) – biznesin tәşkili forması; әsas (törәdici) vә nәzarәt edilәn (törәmә) şirkәtlәrin birlәşmәsini nәzәrdә tutur. Mövcud firmaların birlәşmәsi (әsas şirkәt iri bank şirkәtlәrinin sәhmlәrinin nәzarәt paketini satın alır), yaxud әsas şirkәtin struktur bölmәlәrinin hüquqi cәhәtdәn müstәqil törәmә şirkәtlәrә çevrilmәsi yolu ilә yaranır. H.-in idarәetmә iyerarxiyası sәrt amiranә piramidadan әn çevik vә yumşaq formalara qәdәrdir.
H. forması ABŞ-da (“Pennsylvania Railroad Company West of Pittsburg”, 1870) sәhmdar kapitalının (ilk olaraq sәnaye) tәmәrküzlәşmәsi nәticәsindә meydana gәlmişdir. H.-lәrә antiinhisar qanunvericiliyi tәtbiq edilmirdi. H. qismindә çoxsahәli konsernlәr yaradılmışdır.
H.-lәrin inkişafı korporasiyaların multidivizional strukturunun yaranması ilә әlaqәdar kapitalın diversifikasiyası vә sәnaye menecmentindә edilәn dәyişikliklәrin tәsirilә baş verir. Transmilli korporasiyalar üçün H.-in iki әsas forması sәciyyәvidir: “xalis” (әsas şirkәt törәmә şirkәtlәrin maliyyә axınlarını idarә edir) vә “qarışıq” (kvaziholdinq, әsas şirkәt özünün istehsal fәaliyyәtini göstәrir vә törәmә şirkәtlәrin istehsal fәaliyyәtinә nәzarәt edir). İtaliya dövlәt holdinqlәri, Cәnubi Koreya çebolisi vә s. H. növlәridir
ABŞ-da Qlass – Stiqal qanunu (1933, 1999 ildә lәğv edilmişdir) kommersiya banklarına qeyri-maliyyә şirkәtlәrinin sәhmlәrinә kapital qoyuluşunu qadağan edir, lakin bank H.-lәri yaratmağa icazә verir. “Citicorp” şirkәtinin “Travelers Group” sığorta şirkәti ilә birlәşmәsi nәticәsindә әn iri beynәlxalq maliyyә konqlomeratı “Citi - group Inc.” yarandı (1998).
Azәrb.-da әn iri H.-lәr: “Gilan Holding” (әsas biznes sahәlәri inşaat, turizm, k.t. vә logistikadır; 40 şirkәti özündә birlәşdirir), “Pasha Holding” (özәl maliyyә korporasiyasıdır, ümumi aktivlәrinin dәyәri 11,9 mlrd. AZN-dir; 11 şirkәti özündә birlәşdirir, 2019), “Cahan Holding” kommersiya şirkәtlәri ittifaqı (müәssisәlәri tikinti materialları, plastik mәmulatlar, panel radiatorlar, elastik vә plastik borular, hәmçinin çay, siqaret vә tütün mәmulatları istehsal edir; İran, BƏƏ, Türkiyә, Almaniya vә Çindә nümayәndәliklәri var), “AtaHolding” (nizamnamә kapitalı 40,07 mln. AZN-dir maliyyә, İT, sәnaye, xidmәt, turizm sahәlәri üzrә; 17 şirkәti özündә birlәşdirir, 2019), “Azәrsun Holding” (qida mәhsulları istehsalı, pәrakәndә satış vә k.t. sahәsindә fәaliyyәt göstәrir, 14 şirkәti birlәşdirir).










