HOLLÁNDİYA (Niderland dilindә Holland, hәrfi mәnada meşә ölkәsi; holt – meşә + land – ölkә) – orta әsr qraflığı (11 әsrin ikinci yarısından “H.” adı ilә), sonralar Niderlandın tәrkibindә әyalәt (qeyri-rәsmi olaraq Niderland çox vaxt “H.” adlandırılır). Qraflıq 9 әsrdә Kennemerlandda (Qәrbi Frislandiya) formalaşmağa başlamışdır. Feodal mülkü (len) qismindә Frank dövlәtinin, 870 ildәn Şәrqi Frank krallığının tәrkibindә olmuşdur. H.-nı idarә edәn sülalәnin banisi, frizqrafı Gerulf (9 әsrin ikinci yarısı) vә onun xәlәflәri müstәqil siyasәt yürütmüşlәr. “Hollandiya qrafı” titulu ilk dәfә 1076 ildә V Dirkә (ö. 1091) verilmişdir. H. 1247 ildә Almaniya kralı seçilmiş II Vilhelmin (H o l l a n d i y a l ı V i l h e l m) [1234–56] vә V Florisin [1256–96] hakimiyyәti zamanı xüsusilә güclәnmişdi. Bu dövrdә gәlәcәk Haaqanın yerindә qraf iqamәtgahı tikilmişdir. 13 әsrdә H.-da ticarәt, o cümlәdәn dәniz ticarәtinin, 14 әsrdәn isә mahud istehsalı vә gәmiqayırmanın mühüm mәrkәzlәrinә çevrilmiş şәhәrlәr (Dordrext, Harlem, Rotterdam, Amsterdam vә s.) sürәtlә inkişaf etmәyә başladı. Özünüidarәetmә hüququ alan şәhәrlәr qraflığın vә bütün Niderlandın siyasi hәyatına әhәmiyyәtli tәsir göstәrir, müqavilәlәr bağlamaq vә müharibәlәr aparmaq hüququna malik idi. Qraf hakimiyyәti zadәganların vә şәhәrlәrin nümayәndәlәrinin 1315 ildәn çağırılan mәclislәrinә (ştatlara) arxalanırdı. 1345 il dәn 1433 ilәdәk H.-nı Bavariya sülalәsi idarә edirdi. Şimali Niderlandın iqtisadi cәhәtdәn әn inkişaf etmiş әyalәti olan H. 1433–77 illәrdә Burqundiya hersoqlarının (bax Burqundiya hersoqluğu), 1477 ildәn (qәti olaraq 1482 ildәn) Habsburqların, 1556 ildәn 1581 ilәdәk (faktiki olaraq 1572 ilәdәk) İspaniya Habsburqlarının hakimiyyәti altında olmuşdur. Niderland inqilabı (16 әsr) dövründә H. İspaniya ağalığına qarşı mübarizәdә aparıcı rol oynamış; Utrext uniyasına (1579) görә Birlәşmiş Əyalәtlәr resp.-nın tәrkibinә qatılmış, yeni dövlәtin siyasi vә iqtisadi özәyinә çevrilmişdi. 1795 ildәn Bataviya respublikasının, sonralar Hollandiya krallığının (1806–10) tәrkibindә olmuş, 1810 ildә Fransa tәrәfindәn ilhaq edilmişdir. 1814 ildә Napoleon hakimiyyәtinin devrilmәsindәn sonra H. Niderland krallığının әyalәti olmuşdur. 1840 ildә Cәnubi Hollandiya (inz. m. Ha aqa) vә Şimali Hollandiya (inz. m. Harlem) әyalәtlәrinә bölünmüşdür.










