HOLOTURİLƏR (Holothurioidea), d ә n i z x i y a r l a r ı – dәrisitikanlılar tipinin onurğasız dәniz heyvanları sinfi. Qazıntı qalıqları Devondan mәlumdur. Bәdәni qurdabәnzәr vә ya çәllәkşәkillidir, uz. bir neçә mm-dәn 2 m-ә qәdәr olur; bәdәni beşşüalı simmetriyalı olmaqla yanaşı, H.-dә bir çox orqanlar bilateral (ikitәrәfli) simmetriyada yerlәşir. Hәrәkәt, tәnәffüs vә ifrazat üçün maye ilә dolu kanallar sistemi olan ambulakral sistem vardır. Bir çox H.-in bәdәnindә xarici törәmәlәr (çıxıntılar, ayaqcıqlar vә s.) yerlәşir, bu zaman bәdәnin üç sıra çıxıntılarını daşıyan tәrәfi qarın sayılır. Dәridә xırda kirәc (әhәng) lövhәciklәr yerlәşir, bәzәn H. tamamilә belә lövhәciklәrlә örtülü olur. Bәdәn divarı yaxşı inkişaf etmiş hәlqәvi vә uzununa әzәlә dәstәlәrindәn tәşkil edilmişdir. Ağız 8–30 çıxıntılı tac ilә әhatә olunmuşdur vә uzun boruşәkilli bağırsağa açılır. Əlavә tәnәffüsü tәmin edәn şaxәli kisәlәr (su ağciyәrlәri) arxa bağırsağa tıkülür. İnkişafı metamorfozla gedir: yumurtalardan sәrbәst üzәn sürfәlәr çıxır. 5 müasir dәstәsi, 1100-dәn artıq növü var; dünyanın hәr yerindә yayılmışdır. H. az hәrәkәtli dib vә ya sәrbәst üzәn heyvanlardır; detritofaqlardır. Güclü qıcıqlanma vә ya tәhlükә zamanı bәdәninin arxa hissәsini tullaya (avtotomiya), yaxud bağırsağın bir hissәsini ayırıb sonra itirilmiş orqanları regenerasiya edә bilir. H. onların bağırsağında yaşayan bir çox xırda orqanizm, o cümlәdәn spesifik növ balıqlar üçün sığınacaqdır. Vәtәgә vә akvakultura obyektidir (әsasәn trepanqlar).










