HOMEOSTÁZ, h o m e o s t a z i s (homeo... + yun. στάσιϛ – hәrәkәtsizlik, hal) – b i o l o g i y a d a: canlı orqanizmlәrdә daxili mühitin tәrkib vә xassәlәrinin dinamik sabitliyini saxlamaq qabiliyyәti. Daxili mühitin sabitliyinin saxlanmasına yönәldilәn fizioloji mexanizmlәr kompleksinin orqanizmdә mövcudluğuna dair fikir 19 әsrin 2-ci yarısında K.Bernar tәrәfindәn irәli sürülmüşdür. O hesab edirdi ki, daima dәyişәn xarici mühitdә orqanizmlәrin sәrbәst vә müstәqil hәyatının әsasını daxili mühitin fiziki-kimyәvi şәraitinin sabitliyi tәşkil edir. Canlı orqanizmdә belә şәraitin sabitliyini tәmin edәn proseslәr kompleksini bildirmәk üçün U.Kennon “H.” terminini tәklif etmişdir (1929).
Yer üzәrindә birhüceyrәli orqanizmlәrin yaranması hüceyrә daxilindә onun bütün hәyatı boyu әtraf mühit şәraitindәn fәrqli spesifik fiziki-kimyәvi şәraitin formalaşması vә saxlanması ilә әlaqәdar olmuşdur. Hәyatın sonrakı tәkamülü çoxhüceyrәli heyvanların meydana gәlmәsi, onların hüceyrәlәrinin diferensiasiyası, hüceyrәlәrin yerlәşdiyi vә öz aralarında qarşılıqlı tәsirdә olduğu daxili mühitin formalaşması ilә müşayiәt olunmuşdur. Hüceyrәdәnkәnar maye sistemi, limfa, qan әmәlә gәlir, bunlardan da hüceyrәlәr zәruri üzvi vә qeyri-üzvi maddәlәri, O2-ni alır vә mübadilәnin son mәhsullarını ifraz edir. Çoxhüceyrәli heyvanların tәkamülü gedişindә ixtisaslaşmış orqanlar (tәnәffüs, qan dövranı, hәzm, ifrazat) vә sistemlәr (osmotәnzimlәmә, hәcmitәnzimlәmә, istiliktәnzimlәmә, verilmiş konsentrasiya sәviyyәsindә hәr bir ionun, turşu-qәlәvi tarazlığının vә s. saxlanması) formalaşır. Onlar daxili mayelәrin fiziki-kimyәvi tәrkibinin sabitliyini tәmin edir. Bütün orqanlardakı hüceyrәlәrin fәaliyyәti üçün xüsusi şәraitin saxlanmasına xidmәt edәn qan, limfa, hüceyrәyanı maye ilә yanaşı, ixtisaslaşmış hüceyrәdәnkәnar mayelәr dә (mәs., onurğa beyni, gözdaxili, daxili qulağın endolimfa vә perilimfası) әmәlә gәlir.
Dәniz onurğasızlarının H.-ına daxili mühit mayelәrinin hәcmi, mühitdәki ayrıayrı ionların konsentrasiyası, pH aiddir. Orqanizmlәrin şirin suya uyğunlaşması tәnzimlәnmәnin yeni sisteminin formalaşmasını, yәni daxili mühitdә mayelәrin osmotik tәzyiqinin sabit sәviyyәdә saxlanmasını, orqanizmdәn su artığının çıxarılmasını tәlәb edirdi. Daxili mühitin xüsusi nәzarәt olunan fiziki-kimyәvi parametrlәrinә onun osmotik tәzyiqi (izoosmiya), ayrı-ayrı ionların konsentrasiyası (izoioniya), qanın hәcmi (izovolemiya), onun pH-ı, quşlarda vә mәmәlilәrdә hәmçinin sabit bәdәn tempru (izotermiya) vә s. aiddir.
Daxili mühitdә fiziki-kimyәvi şәraitin sabitliyi, hüceyrәәtrafı mühitin vәziyyәti hüceyrәlәrin sәmәrәli işi üçün lazım olan hәyati vacib amildir: xarici (mәs., işıq, sәs, temp-r qıcıqlandırıcıları) vә daxili (o cümlәdәn sinir sisteminin impulsları, hormonlar, autakoidlәr) mühit siqnallarına onların adekvat reaksiyası H.-ın saxlanması ilә mümkündür. H.-ın xüsusilә yüksәk dәrәcәsi qanın osmolyallığı, tәrkibindәki Ca2+ionlarının konsentrasiyası, pH-ı, izo termiyası әn ciddi surәtdә saxlanan mәmәlilәr üçün sәciyyәvidir.
H. hüceyrәlәrin adekvat reaksiyasına, onların metabolizminin lazımi sәviyyәsinin saxlanılmasına vә xarici tәsirlәrә cavabına imkan yaradır. Daxili mühitin fiziki-kimyәvi parametrlәrinin tәnzimlәnmәsindә sinir vә endokrin sistemlәri, autakoidlәr iştirak edir. Daxili mühit parametrlәrinin sabitliyinin saxlanması üçün tәnzimlәmә keyfiyyәtinin yüksәldilmәsi fәrdin sağ qalmasının vә növün inkişafının mühüm amilidir.
“Hüceyrә H.-ı” termini K.Bernar vә U.Kennon tәrәfindәn tәklif edilmiş anlayışın mәnasına ziddir.
K i b e r n e t i k a d a 1950-ci illәrdә N.Viner H. anlayışını universallaşdırdı vә onu kifayәt qәdәr mürәkkәb özütәnzimlәnәn sistemlәrin fәaliyyәtinә tәtbiq etdi. Nәticә etibarıilә H. anlayışı yalnız biologiyada deyil, digәr elmlәrindә dә istifadә edilmәyә başlandı. Vinerә görә, homeostatik alqoritm sistemin baza parametrlәrini (onların әhәmiyyәtli dәrәcәdә dәyişmәsi sistemin fәaliyyәtinin pozulmasına, yaxud dağılmasına gәtirib çıxarır) tәyin edir; müәyyәn olunmuş parametrlәrin xarici vә daxili mühitin tәsiri altında dәyişmәsinin yolverilәn hәdlәrini qeydә alır; sistemin baza parametrlәrinin kritik dәyişmәsi zamanı özünü göstәrmәyә başlayan mexanizmlәr toplusunu aşkarlayır. Açıq sistemin әtraf alәmlә homeostatik qarşılıqlı tәsiri onun adaptivliyinin ikili xüsusiyyәtini şәrtlәndirir: müәyyәn daxili dәyişmәlәr yolu ilә sistemin xarici alәmә uyğunlaşması vә sistem obyektinin mühitә aktiv tәsiri, yәni zәruri resursların seçilib mәnimsәnilmәsi yolu ilә mühitin “öz tәlәblәrinә uyğunlaşması”. H. mexanizmlәri sistemin inkişafını deyil, yalnız onun adaptasiyasını tәmin edir. Qapalı sistemlәr üçün әtraf mühitlә mәhdud qarşılıqlı tәsir vә sistemin özüsazlanmasını tәmin edәn H. mexanizmlәrinin olmaması (yaxud çox cüzi olması) sәciyyәvidir.
S o s i a l v ә s i y a s i e l m l ә r d ә H. anlayışı, әsasәn, sosial vә siyasi sistemlәrin, elәcә dә bәzi sistemli tәsisatların (dövlәt, partiya, hәmkarlar ittifaqları vә s.) fәaliyyәt vә dinamikasının tәhlili zamanı istifadә olunur. Sistemlәrin (vә alt sistemlәrin) çevik tarazlığı onların strukturları, sosial qrupları vә institutlarının fәaliyyәtin başlıca prinsiplәrini pozan daxili vә xarici amillәrә qarşı müqavimәti vasitәsilә qorunur (T.Parsons, D.İston). Siyasi tәhlildә vә idarәçilikdә cәmiyyәtin siyasi vә sosial sistemlәrinin sosiodinamik modellәrindәn istifadә olunur; belә sistemlәrdә onların xarici mühitlә birbaşa vә әks homeostatik qarşılıqlı әlaqәlәri fәrqlәndirilir. Sosialsiyasi sistemlәrdә qәrarların qәbulunda insan amilinin rolu (sәhvetmә riski vә s.) böyükdür, belә ki, әtraf mühitә hiperaktiv tәsirgöstәrmә vә onu dәyişdirmә sosial-siyasi agentlәr vasitәsilә gerçәklәşir. Müvafiq olaraq, bu sferada institusional orqanlar tәrәfindәn sosium üçün әhәmiyyәtli olan qәrarların qәbulunda, sistemin özütәşkilәnmәsi vә optimallaşdırılmasında ictimai nәzarәtin (әks-әlaqәnin) rolu böyükdür. Siyasi (sosial) sistemdә balansın pozulması onun böhranına, hәtta mәhvinә aparıb çıxarır ki, inqilablar tarixindә bunun şahidi oluruq. Qapalı (totalitar) tipli sosial-siyasi sistemlәr әtraf mühitlә, elәcә dә özünәbәnzәr sistemlәrlә sәrt vә dozalaşdırılmış qarşılıqlı әlaqәdә olur; onlar üçün zәif әksәlaqә sәciyyәvidir. Nәticә etibarilә onlar zamanın tәlәblәrinә adekvat cavab verә bilmir, iqtisadi inkişafda uduzur vә dayanıqsız olur.
Makroiqtisadiyyatda homeostatik yanaşma ümumi iqtisadi tarazlıq nәzәriyyәsinin әsasını tәşkil edir. H. prinsipi tәbii mühiti dinamik tarazlığın diferensiasiya olunmuş sistemi kimi nәzәrdәn keçirәn sosial ekologiyada da tәtbiq edilir; qlobal münasibәtlәr şәraitindә milli strukturların fövqәlmilli institutlar vә tәşkilatlarla qarşılıqlı әlaqәsinin tәhlilindә geniş istifadә edilir.










