HÓMO HELMEİ – qazıntı insan növü, Homo heidelbergensis (bax Heydelberq adamı) ilә Homo sapiens arasında keçid xarakteristikalara malik Pleystosen hominidlәri.
Qazıntılara maliyyә yardımı göstәrәn K.E. Helmenin şәrәfinә adlandırılmışdır. Yeni qazıntı insan növünün müәyyәnlәşdirilmәsi üçün 1932 ildә Cәnubi Afrikada Florisbad adlı yerdә (Fri-Steyt әyalәti) T.F. Dreyerin tapdığı kәllә sümüyü әsas olmuşdur. Tәqr. 250 min il bundan әvvәlә aid edilir. Florisbaddan tapılan kәllәdәn başqa H.h.-yә Afrikadakı bir sıra digәr tapıntılar da aid olunur. Bunlar Eliye Sprinqs (Keniya), İleret (Quomde, Keniya), Omo-2 (Efiopiya), İrhud–1 (Mәrakeş), Sinqadan (Sudan) tapılmış kәllә, Haua Fteah (Kirenaika, Liviya), Muğarat әl-Aliyә (Mәrakeş) vә Dire-Daua (Efiopiya) tapıntılarıdır. S. Makbrerti vә A. Bruks hesab edirlәr ki, Afrikada Homo nәslinin tәkamülü 3 mәrhәlә keçmişdir: Homo erectus/erqaster > Homo helmei > Homo sapiens. H.h.-yә bәzәn qeyri-Afrika tapıntıları: Pontnevidd (Uels), Erinqsdorf (Almaniya), Zuttiyә (İsrail), Narmada (Hindistan), Maba, Dali, Çinnyuşan (Çin) dә aid olunur. Amerikalı antropoloqlar B. Vud vә M. Kollard Florisbad kәllәsini Homo heidelbergensis qazıntı insan növünә aid edirlәr. Mәrakeşdәki Cәbәl-İrhud tapıntılarını tәdqiq edәn alimlәr onları Florisbad kәllәsi ilә birlikdә “Homo sapiens” dәrrakәli insan növünün erkәn tәmsilçilәri xüsusi qrupuna daxil edirlәr.

Florisbad kәllәsi (reproduksiya). Cәnubi Afrika
Respublikası. Tәbiәt Tarixi Smitson










