HOMOLOJİ SIRALAR – eyni funksional qruplara vә birtipli quruluşa malik kimyәvi birlәşmәlәrin ardıcıllığı; belә ardıcıllıqların homoloq adlanan hәr bir nümayәndәsi qonşuluqdakından sabit struktur vahidi (vә ya homoloji fәrq), adәtәn, CH2 qrupu ilә fәrqlәnir; misal olaraq alkanların (ümumi formulu CnH2n+2, n = 1, 2, …), alkenlәrin (CnH2n, n = 2, 3,…) vә doymuş bir әsaslı karbon turşularının (CnH2n+1COOH, n = 0, 1, 2, …) H.s.-ı göstәrmәk olar. 1840-cı illәrdә Ş.Jerar tәrәfindәn formullaşdırılmış H.s. anlayışı üzvi kimyada böyük әhәmiyyәtә malikdir vә üzvi birlәşmәlәrin tәsnifatlarının әsasını tәşkil edir.
H.s.-ın mövcudluğu karbon atomlarının öz aralarında vә eyni zamanda digәr elementlәrin atomları ilә kovalent rabitәlәrlә möhkәm zәncir vә halqalarda birlәşmә qabiliyyәtilә şәrtlәnir. Belә qabiliyyәt bәzi digәr elementlәrin atomlarında [mәs., silanlar SinH2n+2, (n = 1–8) vә silisium halogenidlәrin H.s.-ını әmәlә gәtirәn silisium atomunda] әhәmiyyәtli dәrәcәdә azdır. Homoloqlar eyni kimyәvi vә qanunauyğun dәyişәn fiziki xassәlәrә malikdir. Belә ki, şaxәlәnmәmiş zәncirli birlәşmәlәrin H.s.-ı üçün qonşu homoloqların qaynama temp-rları sıranın ortasında (C5–C14) 20–30℃ fәrqlәnir vә әlavә olunmuş hәr bir CH2 qrupu yanma istiliyini 630–660 kC/mol artırır. Sıranın ali üzvlәrindә qonşu homoloqların xassәlәrindәki fәrq azalır. Bәzәn H.s.-ın ilk nümayәndәlәrinin kimyәvi vә fiziki xassәlәri sonrakı üzvlәrin xassәlәrindәn fәrqlәnir; mәs., formaldehidin qәlәvilәrlә reaksiyasının gedişi digәr aldehidlәrinkindәn fәrqlәnir, metanol homoloqlarına nisbәtәn daha toksikidir.
Bәzi molekullar bir neçә müxtәlif H.s.-a daxil ola bilәr; mәs., tsiklopropan tsiklik vә ya nüvәli homoloqların (tsiklopropan, tsiklobutan, tsiklopentan, tsikloheksan vә s.) әmәlә gәtirdiyi H.s.-ya vә bir sıra zәncirli homoloqların sırasına (tsiklopropan, metiltsiklopropan, etiltsiklopropan vә s.) daxildir. Yüksәkmolekullu birlәşmәlәr polimerhomoloji sıralar әmәlә gәtirir vә onların hәr bir nümayәndәsi (polimer homoloq) digәrlәrindәn struktur manqaları (polimerlәşmә dәrәcәsi) ilә fәrqlәnir.
Üzvi kimyada H.s. ilә yanaşı viniloji, genetik vә izoloji sıralar ayırd edilir. Eyni funksional qruplu vә qoşulma ikiqat rabitәli birlәşmәlәr viniloji sıranı әmәlә gәtirir; viniloji sıranın hәr bir nümayәndәsi qonşularından vinilen qrupu CH=CH ilә fәrqlәnir. Genetik sıranı molekulunda karbon atomlarının sayı eyni, lakin müxtәlif funksional qrupları olan üzvi birlәşmәlәr әmәlә gәtirir; mәs., etan C2H6 sırasına etilxlorid C2H5Cl, etilamin C2H5NH2, asetaldehid CH3CHO, sirkә turşusu CH3COOH vә s. daxildir. İzoloji sıranı bir birindәn yalnız doymamışlıq dәrәcәsinә görә fәrqlәnәn üzvi birlәşmәlәr (mәs., etan C2H6, etilen C2H4, asetilen C2H2) әmәlә gәtirir.










