HOMOYOSMOTİK HEYVANLAR (yun. ὅμοιος – oxşar, eyni vә ὠσμός – tәkan, tәzyiq) – daxili mühit mayelәrindә osmotik aktiv maddәlәrin qatılığının sabitliyini (osmolyallığını) saxlaya bilәn orqanizmlәr. Bütün quru vә şirin su heyvanları, elәcә dә bәzi dәniz yastıqәlsәmәli balıqları (elasmobranxilәr), hüceyrә xaricindәki mayenin vә hüceyrәnin osmolyallığını әtraf mühitә nisbәtәn daha yüksәk sәviyyәdә saxlayan fizioloji mexanizmlәrә malikdir (hiperosmotik tәnzim). Belә tәnzim qәlsәmәlәrdә, dәridә (suda-quruda yaşayanlarda) vә s. olan xüsusi hüceyrәlәr vasitәsilә әtrafdakı şirin sudan duz ionlarının effektiv sorulmasına vә ifrazat orqanları ilә artıq suyun çıxarılmasına әsaslanır. Onurğalı dәniz heyvanlarının (sümüklü balıqlar, sürünәnlәr, quşlar) qanının osmolyallığı dәniz suyundakı osmotik aktiv maddәlәrin qatılığından aşağıdır (hiposmotik tәnzim). Dәniz suyundan orqanizmә daxil olan duzların artığı qәlsәmәlәrdәki xlorid hüceyrәlәri, burun duz vәzilәri vә s. ifrazat orqanları vasitәsilә çıxarılır. Mәs., dәniz sümüklü balıqlarında qanın vә toxuma mayesinin xarici mühitlә müqayisәdә daha aşağı orta osmotik tәzyiqi saxlaması böyrәklәr vasitәsilә nisbәtәn az miqdarda sidik, qәlsәmәlәrlә isә artıq miqdarda duzların ifraz edilmәsi; şirin su sümüklü balıqlarında isә әksinә, qanın orta osmotik tәzyiqinin xarici mühitlә müqayisәdә nisbәtәn yüksәk olması çoxlu miqdarda sidik ifraz edilmәsilә: qәlsәmәlәr vasitәsilә duzların udulması ilә tәnzim olunur. Dәniz mәmәlilәri onlara tәlәb olunan suyu qida vasitәsilә qәbul edir; osmotik tәnzimlәnmә böyrәklәrin iştirakı ilә baş verir. Şirin sulardan duzlu sulara vә әksinә miqrasiya edәn heyvanlarda osmotik stresdәn qaçmağa imkan verәn mürәkkәb endokrin mexanizmlәr mövcuddur. Müqayisә et. Poykiloosmotik heyvanlar.










