HÓPKİNS Cerard Menli (18.7.1844, Esseks qraflığı, Stratford – 8.6.1889, Dublin)– ingilis şairi. Sahibkar vә diplomat ailәsindә doğulmuşdur. Oksford Un-tindә tәhsil almışdır (1863–67). 1866 ildә katolikliyi qәbul etmiş, 1868 ildә yezuitlәr cәmiyyәtinә daxil olmuşdur. 1874–77 illәrdә Uelsdә Müq. Beuno yezuit kollecindә ilahiyyatı öyrәnmişdir. İngiltәrә vә Şotlandiyanın müxtәlif prixodlarında xidmәt etmiş, missionerlik vә pedaqoji fәaliyyәt göstәrmişdir. 1884 ildәn Dublindә Kral Un-ti kollecindә yunan dili prof.-u olmuşdur. Dublin xarabalıqlarında yoluxduğu yatalaq xәstәliyindәn vәfat etmişdir.
Tәbiәt vә insan taleyi ilә bağlı dәrin fәlsәfi fikirlәrin birlәşdiyi H. poeziyası Viktoriya dövründә az rast gәlinәn radikal novatorluq nümunәsidir. H. yaradıcılığı 20 әsr ingilisdilli lirikanın bәdii eksperimentlәrini qabaqlamış, T.S.Eliot, E.Paund, U.H.Oden vә b.-nın yaradıcılıqlarına tәsir göstәrmişdir. Sağlığında әsәrlәrini nәşr etdirmәmişdir; bәdii әsәrlәri ilk dәfә 1918 ildә dostu, şair R.Bricesin redaktorluğu ilә çap olunmuşdur.










