HORÁTSİ (tam adı Kvint Horatsi Flakk; Quintus Horatius Flaccus) (e.ә. 8.12.65, Venuzi ş., indiki Venoza – e.ә. 27.11.8, Roma) – Qәdim Roma şairi. Romada qrammatik Orbili Pupillin mәktәbindә tәhsil almış, 45–44 illәrdә Afinada yunan fәlsәfәsi, әdәbiyyatı vә incәsәnәtini öyrәnmişdir. Vәtәndaş müharibәsi zamanı Yuli Sezarın qәtlindәn sonra Mark Yuni Brutun vәkili olmuş, hәrbi tribun vәzifәsindә respublikaçılar legionuna komandanlıq etmişdir; mәğlub olaraq, döyüş meydanından qaçmışdır (42); amnistiya nәticәsindә Romaya qayıtmış, xәzinәdә mirzә işlәmәyә mәcbur olmuşdur. Boş vaxtlarında şeir yazmış, Vergili ilә dostlaşmış, Mesenatın himayәdarlığı ilә işlәmәk zәrurәtindәn xilas olaraq, özünü yaradıcılığa hәsr etmişdir. Mesenat dәrnәyinin әsas fiqurlarından birinә çevrilәn H.-yә indiki Tivoli yaxınlığında villa hәdiyyә edilmiş, bununla da tәlatümlü paytaxt hәyatından uzaqlaşmışdır. Dövrümüzәdәk tam qorunub saxlanmış poetik irsindәn әksәriyyәtini (iki “Satiralar” kitabı, 35 vә 30; “Epodlar” toplusu, 30; dörd “Odalar” kitabı, 1–3-cü kitablar 23 ildә, 4-cü kitab 13 ildә yaradılmışdır; iki “Mәktublar” kitabı, 20 vә 13, hәmçinin Romadakı bayramlara hәsr olunmuş “Yubiley himni”, 17) Mesenata hәsr etmişdir. Eskvilindә onun yanında dәfn olunmuşdur.
H.-nin bәdii yaradıcılığının zirvәsi odalarıdır; yunan nәğmә lirikasını (Alkey, Sapfo, Anakreont vә b.) vә şeir ölçülәrini әsas götürәrәk onları böyük sәnәtkarlıqla latın dilinә uyğunlaşdırmışdır.
“Abidә” odası faciә ilahәsi Melpomenaya ünvanlanmışdır. Poeziya haqqında fikirlәr 2-ci “Mәktublar” kitabının әsas mövzusu olmuşdur; H.-nin “Pizonlara” (digәr adı “Poeziya elmi”) adlı 3-cü mәktubu geniş şöhrәt qazanmışdır.
H.-nin dünya әdәbiyyatına tәsiri böyükdür: hәlә antik dövrdә onun irsi mәktәblәrdә tәdris olunmuş, Svetoni Trankvill onun tәrcümeyi-halını hazırlamış, Porfiri onun әsәrlәrinә ilk şәrhlәrdәn birini yazmışdır. Orta әsrlәrdә H. nәsihәtçi kimi yüksәk qiymәtlәndirilmiş, Dante “İlahi komediya”sında Homerlә yanaşı, ona da yer vermişdir. Renessans dövrü şairlәrinә (F.Petrarka, L.Ariosto, P.Ronsar vә b.) tәsir göstәrmişdir. 16 әsrdәn Avropa mәktәblәrindә H.-nin odalarının xorla ifası tәcrübәsi mövcud olmuşdur. Estetik prinsiplәri “Pleyada” şairlәri vә 16–18 әsr klassisistlәri tәrәfindәn inkişaf etdirilmişdir: B.Conson, N.Bualo, A.Pop vә b.-nın traktatlarında. J.de Lafontenin bir sıra tәmsillәrindә, 17–18 әsr satiralarında (N.Bualo, C.Drayden, C.Svift vә b.) H.-nin tәsiri hiss olunur. J.B.Molyer, F.Fenelon, M.F.A.Volter, D.Didro, J.J.Russo, İ.V.Göte, V.Hüqo, C.Bayron vә b.-nın әsәrlәrindә H. yaradıcılığının motivlәrinә rast gәlinir.
Ə s ә r l ә r i: Полное собр. соч. М.–Л., 1936; Оды. Эподы. Сатиры. Послания. Наука поэзии. М., 2005.










