HÓRKHAYMER (Horkheimer) Maks (14.2.1895, Ştutqart – 7.7.1973, Nürnberq) – alman filosofu vә sosioloqu, Frankfurt mәktәbinin aparıcı nümayәndәsi. 1919–22 illәrdә Münxen, Frankfurt-Mayn, Frayburq un-tlәrindә tәhsil almışdır.
Frankfurt-Mayn Un-tinin privat-dosenti (1925), prof.-u (1930–33 illәrdә vә 1949 ildәn) vә rektoru (1951–53), Frankfurt Sosial Tәdqiqatlar İn-tunun (1934–50 illәrdә Nyu-Yorkda yerlәşirdi) direktoru, 1934–49 illәrdә ABŞ-da mühacirәt hәyatı yaşayarkәn Kolumbiya Un-tinin sosiologiya prof.-u idi. 1945–49 illәrdә milli vә irqi zehniyyәtin tәdqiqinә dair geniş proqram işlәyib hazırlamışdır.
H.-in 1930-cu illәrdә inkişaf etdirdiyi cәmiyyәtin tәnqidi nәzәriyyәsi Hegel dialektikasının ideyaları, Z.Freydin psixo analizi, hәmçinin A.Şopenhauerin mәrhәmәt etikası ilә uyğunlaşır. H.-in diqqәt mәrkәzindә tarixi antropologiya problemlәri, ilk növbәdә artıq dövrü keçmiş ictimai sistemlәrin dәstәklәnmәsindә, H.-ә görә, hәlledici rol oynayan formalaşmış reaksiyalar sistemi qismindә “sosial xarakter”in tәnqidi tәhlili durur. Nüfuzu әsas tarixi kateqoriyalardan biri kimi nәzәrdәn keçirәn H. onun xarakterinin strukturunda ailә, kilsә vә müxtәlif sosial in-tlar vasitәsilә hәyata keçirilәn vә mövcud ictimai qaydalara könüllü tabeçilikdә ifadә olunan “interiorizasiya”sını tәdqiq edir. H. hәmçinin ictimai nüfuzun ilkin bәlәdçisi, hәm dә ona mümkün müxalif qüvvә mәnbәyi kimi ailәnin rolunu, burjua cәmiyyәtindә ailәnin (“qan” prinsipinә әsaslanan “feodal” institutu kimi) mövcudluq ziddiyyәtlәrini, müasir sәnaye cәmiyyәtindә onun böhranını; “avtoritar xarakter”in formalaşma mәnbәlәrindәn birinin – ailәnin daxilindә konkret emosional münasibәtlәrin zәiflәmәsini tәhlil edir.
1944 ildә Adorno ilә birlikdә yazdığı “Maarifçiliyin dialektikası” (“Dialektik der Aufklärung”, 1947) Frankfurt mәktәbinin fәlsәfi-sosioloji ideyalarının proqram xarakterli ifadәsi idi. Burada geniş mәnada tәbiәtә rasional şәkildә yiyәlәnmә prosesi kimi başa düşülәn “maarifçiliyin” daxili ziddiyyәtlәrinin tәnqidi tәhlili verilmişdir. H.-ә görә, bu yiyәlәnmә prosesini Avropa sivilizasiyasının antik köklәrindәn başlayaraq, 20 әsrdә ilk növbәdә ABŞ-da reallaşdırılan vә yeknәsәq standartlaşdırılmış mәhsula, tәşkil olunmuş “әylәncә praktikası”ndakı “stereotiplәr hökmranlığına” (bunlar sayәsindә kütlәvi şüur üzәrindә manipulyasiya hәyata keçirilir) malik “mәdәniyyәt sәnayesi”nә qәdәr izlәmәk mümkündür (“texnoloji ağlın hәqiqәt üzәrindә qәlәbәsi”). H.-in “Ağlın tutulması” (“The eclipse of reason”, 1947) әsәri dә bu qәbildәndir.
2-ci dünya müharibәsindәn sonrakı illәrdә H. mәqalә vә çıxışlarında kütlәvi mәdәniyyәtin, hәmçinin onun daxilindә tәşәkkül tapan “yalançı şüurun” hәr bir formasını tәnqid edir, müasir sәnaye cәmiyyәtinin total idarәetmәyә meyillәnmәsi (H. bu tip cәmiyyәti terrorun kömәyi ilә hәyata keçirilәn “totalitar” cәmiyyәtdәn fәrqlәndirirdi) vә azad tәşәbbüsün bununla bağlı yoxa çıxması ilә şәrtlәnәn durğunluq vә tәnәzzülün çoxsaylı cәhәtlәrini göstәrirdi. Bu meyillәnmәnin qaçılmaz olduğunu düşünәn filosof pessimist nәticәlәrә gәlirdi: o, indi sosial nәzәriyyә vә praktikanın vәzifәsini yalnız totalitarizmdәn xilas olmaqda vә liberal-burjua dövrünün yaratdığı müәyyәn mәdәniyyәt mәqamlarının qorunub saxlanmasına yardım etmәkdә görürdü. Tәnqidi sosiologiyanın hәrәkәtverici impulsunu teoloji köklәrә malik daxili “fәrqli olana canatma”da görәn H. bu zaman idealın hәr hansı müsbәt tәsvirinin prinsipcә qeyri-mümkünlüyündәn (iudaizmdә mütlәq transsendentliyinә görә Allah obrazı olmadığı kimi) çıxış edirdi.











