HÓRNİ (Horney) Karen (16.9.1885, Hamburq – 4.12.1952, Nyu-York) – alman әsilli ABŞ psixoloqu vә psixoanalitiki, neofreydizm nümayәndәlәrindәn biri, psixoanaliz islahatçısı. 1906–13 illәrdә Frayburq, Göttingen vә Berlin un-tlәrindә tibb tәhsili almışdır. Berlin psixoanaliz poliklinikasında işlәdiyi dövrdә (1919–32, 1924 ildәn in-t) sonralar Beynәlxalq Psixoanaliz Assosiasiyası tәrәfindәn qәbul olunmuş psixoanalizin öyrәnilmәsi proqramını işlәyib hazırlamışdır. 1932 ildәn ABŞ-da yaşamış, Çikaqo Psixoanaliz İn-tunun ikinci direktoru olmuşdur.
Başqa mәdәniyyәtdә yaşayan nevrozlu xәstәlәrin müalicәsi zamanı әldә etdiyi tәcrübә sayәsindә H. şәxsiyyәt problemlәrinin yaranmasında sosial şәraitin dәrin rolunu öyrәnmişdir. “Dövrümüzün nevrozlu şәxsiyyәti” (“The neurotic personality of our time”, 1937) kitabında H. nevrozun mәnbәyini insanların qarşılıqlı münasibәtlәrindәki ziddiyyәtlәrdәn yaranan “özül hәyәcan” hissindә görür vә bu hәyәcana qarşı şәxsiyyәtin qoruyucu mexanizmlәrini qeyd edirdi: sevgiyә kompulsiv tәlәbat, itaәt, hakimiyyәtә, uğura vә sahiblәnmәyә beyinә girmiş canatma, hәmçinin insanlardan emosional uzaqlaşma. Z.Freydlә hәlә 1920-ci illәrdә başlamış fikir ayrılığı (xüsusilә qadın psixologiyasına dair görüşlәrindә) sonradan H.-nin ABŞ Psixoanaliz Assosiasiyasından ayrılmasına sәbәb oldu. 1941 ildәn ömrünün sonunadәk yenidәn tәşkil edilәn ABŞ Psixoanaliz İn-tunun dekanı olmuşdur.
“Özünütәhlil” (”Self-analysis”, 1942) kitabından başlayaraq, insanın şәxsiyyәt kimi inkişafı vә özünüreallaşdırması mәsәlәsi H. üçün başlıca mövzu olur. “Bizim daxili konfliktlәrimiz” (“Our inner conflicts”, 1945) kitabında nevrotik konfliktin hәllinin dörd әsas yolu tәsvir edilir: әks tәrәfin güclәnmәsilә konflikt tәrәflәrindәn birinin sıxışdırılıb çıxarılması; digәr insanlarla emosional distansiyanın saxlanması; ekster nalizasiya (daxili proseslәr Mәn xaricindә baş verәnlәr kimi yaşanır); yüksәk özü nәqiymәt hissi ilә müşayiәt olunan ideallaşdırılmış Mәn obrazının yaradılması.
“Nevroz vә şәxsiyyәtin inkişafı: Özünü reallaşdırma üçün mübarizә” (“Neurosis and human growth...”, 1950) adlı yekunlaşdırıcı fundamental әsәrindә H. ideallaşdırılmış Mәn obrazının yaradılmasını insana xas olan özünüreallaşdırmaya spontan canatmanı müxtәlif әlverişsiz şәraitlәr üzündәn hәyata keçirmәyin mümkünsüzlüyündәn törәnәn hәr bir nevrozun inkişafında әn әsas proses qismindә nәzәrdәn keçirir. Terapiyanın mәqsәdi әsl Mәnin reallaşdırılması vә ideallaşdırılmış Mәnin aktual tәsdiqinә yönәlmiş nevrotik hәvәs (şöhrәt axtarışı, nevrotik iddialar, “mәğrurluq sistemi” vә s.) arasındakı bu konfliktdә insana öz real Mәninә doğru irәlilәmәsindә kömәk etmәkdir.
1991 ildә Beynәlxalq K. Horni cәmiyyәti yaradılmışdır.
Ə s ә r l ә r i: The collected works. N.Y., 1964. Vol. 1–2; Собр. соч.: В З т. М., 1997.










