HÖKM, h ü q u q d a – cinayәt prosesindә müttәhimin tәqsirli, yaxud tәqsirsiz olması vә ona cәza tәyin edilmәsi vә ya cәzadan azad edilmәsi haqqında birinci instansiya, yaxud apellyasiya mәhkәmәsinin çıxardığı qәrar. H. açıq mәhkәmә iclasında elan edilir. H. qanuni, әsaslandırılmış vә әdalәtli olmalıdır. O, mәhkәmә tәrәfindәn mәşvәrәt otağında hakimlәrin mәşvәrәt sirrinә riayәt olunmaqla çıxarılır. H. çıxarılarkәn mәhkәmә müttәhimin tәqsirlәndirildiyi әmәlin baş vermәsinin sübut edilmәsi; bu әmәlin cinayәt olması vә Cinayәt mәcәllәsinin hansıbәndi, hissәsi, maddәsi ilә nәzәrdә tutulması; müttәhimin bu cinayәti törәtmәkdә tәqsirli olması; müttәhimin törәtdiyi cinayәtә görә cәzalandırılmalı olması; cәzanı yüngüllәşdirәn, yaxud ağırlaşdıran halların mövcudluğu vә digәr bu kimi qanunla müәyyәnlәşdirilmiş mәsәlәlәri hәll edir.
H.-ün iki növü var. B ә r a ә t H.-ü aşağıdakı hallarda verilir: cinayәt hadisәsi müәyyәn edilmәdikdә; müttәhimin cinayәtin törәdilmәsinә aidiyyәti olmadıqda; müttәhimin әmәlindә cinayәt tәrkibi olmadıqda; müttәhim haqqında andlı iclasçılar kollegiyası bәraәt verdikti çıxardıqda. Bu әsaslardan hәr hansı biri üzrә bәraәt müttәhimin tәqsirsiz olmasının tanınması demәkdir vә onun hüquqlarının bәrpası ilә nәticәlәnir. İ t t i h a m H.-ü ehtimallara әsaslana bilmәz vә yalnız o halda çıxarılır ki, mәhkәmә tәhqiqatı gedişindә müttәhimin cinayәt әmәlinin törәdilmәsindә tәqsiri mәhkәmә tәrәfindәn tәhqiq edilmiş sübutlar mәcmusu ilә tәsdiqlәnmiş olsun.
H. mәhkәmә tәhqiqatının getdiyi dildә ifadә edilir vә giriş, tәsviri-motivlәşdirmә vә nәticә hissәlәrindәn ibarәt olur. H. әl yazısı ilә yazılmalı, yaxud H.-ün çıxarılmasında iştirak edәn hakimlәrdәn biritәrәfindәn texniki vasitәlәrin kömәyi ilә hazırlanmalıdır. H.-ü bütün hakimlәr, o cümlәdәn xüsusi rәyi olan hakim imzalamalıdır. H.-dәki düzәlişlәr xüsusi qeyd olunmalı vә H.-ün elan olunmasına qәdәr mәşvәrәt otağında bütün hakimlәrin imzası ilә tәsdiqlәnmәlidir. H. imzalandıqdan sonra mәhkәmә iclas zalına qayıdır vә sәdrlik edәn onu elan edir. Mәhkәmәnin tәrkibi dә daxil olmaqla, mәhkәmә zalındakı hәr kәs H.-ü ayaq üstә dinlәyir. Tәrәflәr H.-dәn şikayәt verә bilәr. Barәsindә şikayәt, yaxud protest verilmiş H. lәğv edilmәdikdә, yuxarı instansiya mәhkәmәsindә baxıldıqdan sonra o, qüvvәyә minir.










