HÖKM – mәntiqi kateqoriya; gerçәklikdәki hәr hansı vәziyyәtin (predmet ilә onun xassәlәri arasında, yaxud predmetlәr arasında әlaqәnin olub-olmaması) tәsdiq vә ya inkar olunması fikrini bildirir. H.-ün dildә qrammatik ifadә forması nәqli cümlәdir.
H.-ün әsas növlәri hәr hansı xassәnin predmetә aid olub-olmadığını ifadә edәn atributiv (lat. atributum sözündәn) H. vә predmetlәr arasında münasibәtlәr haqqında relyativ (lat. relatio sözündәn) H.-dür. H.-ün mәntiqi strukturu belәdir: S P-dir; burada S mәntiqi mübtәda, P mәntiqi xәbәr, yaxud predikat, “-dir” xәbәr şәkilçisi (yaxud “deyil” sözü) isә subyektlә predikat arasındakı mәntiqi әlaqәni tamamlayan morfoloji vahiddir. Müasir mәntiqdә “predikat” termini hәm xassәni, hәm dә münasibәti bildirir. Atributiv H.-lәr keyfiyyәtcә tәsdiq vә inkar H.-lәrinә, kәmiyyәtcә isә ümumi, xüsusi vә vahid H.-lәrә bölünür. H.-lәrin miqdari xarakteristikası onların tәtbiq sahәsini tәsvir edir (bu, bir növә aid bütün predmetlәrdәn, onların bәzilәrindәn vә ya yalnız birindәn ibarәt ola bilәr). Ümumi vә xüsusi H.-lәr 4 qrupa bölünür: tam tәsdiq (“Bütün S-lәr P-dir”), tam inkar (“Heç bir S P deyil”), qismәn tәsdiq (“Bәzi S-lәr P-dir”) vә qismәn inkar (“Bәzi S-lәr P deyil”) H.-lәri. H.-lәrin bu formaları qәti H.-lәr adlandırılır vә sillogistikada öyrәnilir. Mürәkkәb H.-lәr mәntiqi әmәliyyatlar vasitәsilә sadә H.-lәrdәn düzәldilir.
H. doğru vә ya yanlış kimi sәciyyәlәndirilmәklә yanaşı, hәm dә modallığa görә qiymәtlәndirilir; modal xarakteristikalar H.-dә ifadә olunmuş subyektlә predikat arasındakı әlaqәni konkretlәşdirir vә dәqiqlәşdirir. Modal xarakteristikalar modal mәntiqdә öyrәnilir.










