HÖKMÜN İCRASI – dövlәtin cinayәt әdliyyәsi sahәsindә vәzifәlәrindәn biri (cinayәt-icra vәzifәsi); mәhkәmә hökmlәrinin icrası ilә bağlı xüsusi anlayış.
H.i. dövlәt (mәhkәmә vә icra) hakimiyyәti orqanlarının qanuni qüvvәyәminmiş hökmlәrdә cinayәt qanunu әsasında müttәhimin törәtdiyi cinayәtә görә dövlәt mәcbur etmә tәdbiri kimi üzәrinә qoyulmuş fәrdi müәyyәnlәşdirilmiş cinayәt cәzası vә digәr mәhdudiyyәt tәdbirlәrinin hüquqi rәsmilәşdirilmәsi, tәsbiti vә faktiki reallaşdırılması üzrә kompleks cinayәt-prosessual vә cinayәt-icra fәaliyyәtidir.
H.i. sosial әhәmiyyәtli prosessual-hüquqi tәdbir kimi cinayәt işlәri üzrә aparılan әdalәt mühakimәsinin mәntiqi nәticәsidir, cinayәt mühakimә icraatının mәqsәd vә vәzifәlәrinin reallaşdırılmasına mühüm tәsir göstәrir; o, cinayәt cәzalarının vә cinayәthüquqi xarakterli digәr tәdbirlәrin tarixәn dәyişkәn növ vә mәqsәdlәr sistemi ilә müәyyәnlәşir vә icra sahәsindә cinayәt siyasәtinin (dövlәtin penitensiar siyasәtinin) tәrkib hissәdir.
İttiham hökmünün icrası, bir qayda olaraq, 3 mәrhәlәdәn ibarәtdir: hökmün icraya yönәldilmәsi (cinayәt prosesinin mәhkәmә tәrәfindәn hәyata keçirilәn mәrhәlәsi kimi); icranın yerinә yetirilmәsi; cәzanı icra edәn müәssisә vә orqanlar tәrәfindәn müәyyәn zaman әrzindә cәzanın vә digәr hüquqi mәhdudlaşdırıcı tәdbirlәrin (maddi vә mәnәvi zәrәrin ödәnilmәsi, prosessual xәrclәrin alınması, vәtәndaşların digәr hüquq larının bәrpası) praktiki reallaşdırılması prosesi.
Müttәhimin tәqsirsizliyini vә müvafiq olaraq cәzasızlığını bildirәn bәraәt hökmü elan edildikdikdәn dәrhal sonra icra edilir, bu, müttәhimin üzәrinә qoyulmuş bütün cәzalandırıcı-mәcburedici mәhdudiyyәtlәrin götürülmәsindә ifadә olunur.
Praktiki olaraq dünyanın bütün ölkәlәrin dә H.i. üzrә fәaliyyәt hüququn müstәqil kompleks (maddi-prosessual) sahәsi olan cinayәt-icra (penitensiar) hüququ ilә tәnzimlәnirki, bu da beynәlxalq hüquq normalarına vә hәm müttәhimin cәmiyyәtdәn tәcridi ilә bağlı olan, hәm dә olmayan cәzalar sahәsindә beynәlxalq, o cümlәdәn Avropa standartlarına (mәs., Avropa hәbsxana qaydaları) әsaslanır.
H.i. cinayәt-icra münasibәtlәri çәrçivәsindә tәminedici, lakin cinayәt-hüquqi vә cinayәt-icra münasibәtlәri sahәsindә zәruri funksiyanı hәyata keçirir.
Azәrb. Resp.-nda H.i. ilә әlaqәli hüquqi mәsәlәlәr Azәrb. Resp.-nın Cәzaların İcrası Mәcәllәsi (2000) ilә, digәr normativ-hüquqi aktlarla vә Azәrb. Resp.-nın tәrәfdar olduğu beynәlxalq müqavilәlәrlә tәnzimlәnir.










