HÖLDERLİN Fridrix (İohann Kristian Fridrix) (20.3.1770, Lauffen-am-Nekkar –7.6.1843, Tübingen) – alman şairi, nasir. Tübingendә G.V.F.Hegel vә F.V.Şellinqlә birgә teologiyanı öyrәnmişdir (1788–93). 1794–95 illәrdә Yenada olmuş, F.Şillerlә әlaqә saxlamış, İ.Q.Fixtenin mühazirәlәrini dinlәmişdir. Bir müddәt frankfurtlu bankirin ailә müәllimi işlәmişdir. Ruhi xәstәliyә tutulmuş, 1806 ildә Tübingendә psixiatriya xәstәxanasında müalicә almışdır. 1807 ildәn ömrünün sonunadәk pәrәstişkarı xarrat E.Simmerin ailәsinin himayәsindә yaşamışdır. H. әdәbiyyatda Veymar klassisizmi ilә Yena romantizmi arasında orta mövqe tutmuşdur. İnsan psixikasının şüuraltı dәrinliklәrinә müraciәti H.-i 19 әsrin әvvәllәri romantizmi vә mistisizminә yaxınlaşdırmışdır. H.-in lirikasında onun şәxsi duyğuları da öz әksini tapmışdır (“Diotima haqqında Menonun ağısı”). Fantastik “Hiperion, yaxud Zahid Yunanıstanda” mәktub-romanının tamamlanmamış “Empedoklun ölümü” mәnzum faciәsinin (1798–1800), әdәbiyyat nәzәriyyәsinә dair әsәrlәrin “Poeziyanın müxtәlif növlәri haqqında”, “İliada haqqında söz” vә s.) müәllifidir. Sofoklun faciәlәrini, Pindar, Vergili, Ovidi vә Horatsinin lirik şeirlәrini tәrcümә etmişdir. Əsәrlәrinә İ.Brams, R.Ştraus, B.Britten, P.Hindemit, D.Ligeti musiqi bәstәlәmişlәr.
H. yaradıcılığına sağlığında lazımi qiymәt verilmәmiş, yalnız 19 әsrin sonu –20 әsrdә poeziyasına maraq artmışdır; yaradıcılığı 20 әsr alman poeziyasına tәsir göstәrmişdir.










