HÖRÜMÇƏKKİMİLƏR (Arachnida) – xeliserlilәr yarımtipinә aid onurğasızlar sinfi. Ən qәdim H.-in (әqrәblәr) qalıqları Yuxarı Silurdan mәlumdur, Karbon çöküntülәrindә bütün müasir dәstәlәrin nümayәndәlәri tapılmışdır. H.-in bәdәni (uz. 0,1 mm-dәn 17 sm-әdәk) bir-biri ilә birlәşib baş-döş vә qarıncıq әmәlә gәtirәn 19 buğumdan ibarәtdir. Baş-döş üzәrindә 6 cüt әtraf (xeliserlәr, pedipalplar vә 4 cüt ayaq) vardır. Qarıncığın buğumları qismәn reduksiyaya uğramışdır; әtraflar ya yoxdur, ya da yarpaqşәkilli ağ ciyәrlәrә, tor ziyilciklәrinә vә s. orqanlara çevrilmişdir. Ağız aparatı sorucudur; H.-in bir çoxu üçün bağırsaqdankәnar hәzm (hәrәkәtsizlәşdirilmiş şikarın bәdәninә hәzm fermentlәrinin daxil edilmәsi, sonra isә yarımhәzm olunmuş qidanın sorulması) sәciyyәvidir. Gözlәr sadәdir. Tәnәffüs ağ ciyәrlә vә ya traxeya ilәdir. İfrazat orqanları – Malpigi boruları vә koksal vәzilәrdir. H.-in bir çoxu zәhәr vә tor vәzilәrinә malikdir. Ayrıcinsiyyәtlidir. Çoxu yumurtaqoyan, bәzilәri diridoğandır. H. gәnәlәr, hәmçinin әqrәblәr, telif onlar, frinlәr, tartaridlәr, palpiqradlar, tropik hörümçәkkimilәr, yalançı әqrәblәr, solpugilәr, otbiçәnlәr, hörümçәklәr dәstәlәrini vә bir neçә nәsli kәsilmiş dәstәni özündә birlәşdirir. Müasir növlәrin sayı 100 minә yaxındır. Geniş yayılmışdır; әksәriyyәti quruda yaşayır, gәnәlәr vә hörümçәklәr arasında sonradan suda yaşayanları var. Əksәriyyәti yırtıcıdır (müxtәlif onurğasızlarla qidalanır), parazitlәr, saprofaqlar vә fitofaqlar da var.











