HÖVSAN – Azәrb. Resp., Bakı ş.-nin Suraxanı r-nunda qәsәbә (1966 ildәn). Hövsan ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 13 km c.-q.-dә, Abşeron y-a-nda, Xәzәr dәnizi sahilindәdir. Əh. 54,2 min (2019); әkinçilik (soğan), gülçülük (qәrәnfil), balıqçılıq vә maldarlıqla mәşğuldur. Hövsan neft-qaz yatağı, “Bakı Hövsan Beynәlxalq Ticarәt Dәniz Limanı” ASC, “Bakı Taxıl Terminalı” MMC, “Hövsan Quşçuluq” MMC, aerasiya st.; 6 tam orta mәktәb, musiqi mәktәbi, 7 uşaq bağçası, mәdәniyyәt evi, mәdәniyyәt sarayı, kitabxana, 2 poliklinika, klub, poçt, ATS; Olimpiya idman kompleksi var.
Yaşayış mәntәqәsi kimi 1793 ildә salınmış, 1966 ildә şәhәr tipli qәsәbә statusunu almışdır. Yerli әhalinin mәlumatına görә, keçmişdә kәndin әrazisindә iki hovuz olduğuna görә Hovuzan (hovuz + mәkan bildirәn -an şәkilçisi) adlandırılmışdır. Bәzi tәdqiqatçılar toponimi әrәb dilindәki “hisn” (qala, istehkam) sözü, digәrlәri isә әrazidә mәskunlaşmış hovz, hövz, hәzz vә b. türkdilli tayfaların adı ilә әlaqәlәndirirlәr. H.- da arxeoloji abidәlәrdәn orta әsrlәrә aid qәbiristanlıq, 13–17 әsrlәrә aid yaşayış yeri, memarlıq abidәlәrindәn iki hamam (17 әsr; 1910), iki mәscid (1806 il; 20 әsr) vә dәyirman (19 әsr) var.

Hövsan Olimpiya idman kompleksi.










