HRÓZNI (Hrozný) Bedrjix (6.5.1879, Lisa-Laba – 12.12.1952, Praqa) – çex şәrqşünası, Çexoslovakiya EA-nın akad. (1952). 1897–1902 illәrdә Vyana vә Berlin un-tlәrindә Şәrq dillәrini öyrәnmişdir. 1905 ildәn Vyana un-tindә (1915 ildәn prof.), 1919 ildәn Praqada Karl un-tindә (prof., 1926–27 illәrdә fәlsәfә fakültәsinin dekanı, 1939 ildә rektor) işlәmiş, burada şәrqşünaslıq kafedrasını yaratmışdır. 1920-ci illәrin ortalarında Suriyada vә Türkiyәdә arxeoloji ekspedisiyalara rәhbәrlik etmişdir. Türkiyә ekspedisiyası gedişindә müqavilәlәrin vә Aşşur tacirlәrinin mәktublarının mәtnlәrindәn ibarәt mixi yazılı lövhәciklәrin (tәqr. 1 min әdәd) böyük arxivi aşkarlanmışdır. 1929 ildә “Archiv Orientální” jurnalını tәsis etmişdir.
Şumer mifologiyasını, Babilistan mәdәniyyәti vә iqtisadiyyatını, Şumer, Akkad, Hett dillәrinin mixi yazılı abidәlәrini tәdqiq etmişdir. Hett çarlığının qәdim paytaxtının (bax Hattusas) qazıntıları zamanı tapılmış hett mixi yazılı mәtnlәrdәki bir sıra sözlәrin vә dil formalarının mәnasını açmış, onların hind-Avropa xarakterini әsaslandırmışdır. Bir sıra hett mәtnlәrini tәrcümә vә şәrhlәrlә (o cümlәdәn hett qanunlarının mәtnlәri –“Code hittite: provenant de l’Asie Mineure (vers 1350 av. J.-C.). Vol. 1. Transcription, traduction fran çaise”, 1922) dәrc etdirmişdir. Hett mixi yazılı әn qәdim abidә olan hökmdar Anittasın kitabәsinin ilk tam tәrcümәsini vermişdir.
H. Ön Asiya xalqlarının etnogenezinә dair orijinal, lakin mübahisәli konsepsi yaları özündә әks etdirәn Qәdim Şәrq tarixinә aid ümumilәşdirici әsәrin müәllifidir. Azәrb. arxeoloqu Ə.Əlәkbәrovun boyalı qablar mәdәniyyәti üzrә apardığı tәdqiqatlar H.-nın böyük marağına sәbәb olmuş vә o, bunu yüksәk qiymәtlәndirmişdi. Hәmin elmi işlәr ilә yaxından tanış olmaq üçün H. 1936 ildә Bakıya gәlmişdi.











