HULAR [ehtimal ki, monqol dilindә “hu(n)” – “adam(lar)” sözündәndir] – qәdim vә orta әsrlәrdә Çin aqrar dövlәtlәrindәn şm.-da vә q.-dә yaşayan, әsasәn, köçәri xalqların ümumi adı. “Hu” sözündәn linhu (e.ә. 4–3 әsrlәrdә Ordosda yaşayan “meşә H.-ları”), dunhu (“şәrq H.-ları”) vә s. etnonimlәr yaranmışdır. Xan sülalәsi dövründә (e.ә. 202 il– eramızın 220 ili) H. adәtәn hunnular adlandırılırdılar. “H.-ın 5 tayfası” 4–5 әsrlәrdә Şimali Çin әrazisindә siyasi qurumlarını yaradan, xanlılarla vә öz araların da rәqabәt aparan sünnu (hunnu), sze (ehtimal ki, hunnularla bağlı idilәr), syanbi, syan, di xalqları idi. “16 dövlәt” dövründә (304–439) “hu” heroqlifi tәhqir sayılırdı vә 319 ildә Son Çjao dövlәtinin әsasını qoyan sze әsilli general Şi Le tәrәfindәn qadağan edilmişdi. Tan imperiyasında (618–907) H.-ı çox vaxt “qәrb diyarı“ ilә әlaqәlәndirir, onları türklәr, soğdilәr, hәtta iranlılar da adlandırırdılar. Sonralar monqollar, mancurlar vә digәrlәrinә dә bәzәn H. deyilirdi. “Hu” termini qәrb mәnşәli (Çin üçün) mәdәni bitki, musiqi alәti vә s. mәdәniyyәt elementlәri adlarına daxil olmuşdur.










