HUMANİZM (lat. homo – insan, humanus – insani, humanitas – insan tәbiәti) – 1) İntibah dövründә formalaşmış vә antik mәdәniyyәtә, “klassik” (ilk növbәdә latındilli) әdәbiyyat abidәlәrinin öyrәnilmәsi vә şәrhinә ümumi marağın birlәşdirdiyi savadlı insanların hәrәkatı; 2) g e n i ş m ә n a d a: diqqәti dünyәvi işlәri vә әmәllәri ilә birlikdә insana yönәldәn, icra etdiyi sosial funksiya vә rolundan asılı olmayaraq onun azadlığını vә lәyaqәtini tәsdiqlәyәn, onda müstәqil yaradıcı qüvvәlәr mәnbәyini görәn xüsusi tip fәlsәfi dünyagörüşü.
İntibah humanizmi F.Petrarkadan intişar tapan vә 14 әsrin ortaları – 16 әsrin ortalarında ilk növbәdә İtaliyada (xüsusilә Florensiyada) vüsәt alan mәdәni hәrәkat idi; 15 әsrin sonlarından Almaniyaya, Fransaya, qismәn İngiltәrәyә vә digәr ölkәlәrәkeçәrәk Avropa “alimlәr respublikası”nı yaratdı. Özlәrini “müdriklәr” vә ya “natiqlәr” adlandıran italyan humanistlәri mәşğul olduqları işi “studia humanitatis” (“hәyata vә әxlaqa aid olan vә insanı kamillәşdirәn vә zinәtlәndirәn şeylәrindәrki”, L.Bruni) kimi müәyyәnlәşdirirdilәr; 15 әsrin sonunda “humanist” sözü yarandı. “H.” terminini ilk dәfә alman pedaqoqu F.Nithammer (1808) işlәtmişdir; G.Foyqtun “Klassik keçmişin intibahı, yaxud humanizmin ilk әsri” (“Die Wiederbelebung des classischen Alterthums oder das erste Jahrhundert des Humanismus”, 1859) әsәrindәn sonra bu anlayışın tarixi mәzmun vә hüdudlarının müzakirәsinә başlandı.
İtaliyada erkәn etik-filoloji H. (K.Salutatidәn L.Vallaya vә L.B.Albertiyә qәdәr, 14 әsrin sonu – 15 әsrin ortaları) orta әsrlәr sxolastikasının әn sevdiyi mövzu vә metodlarına qarşı klassik yunan-latın tәhsili әsasında ritorikanın, qrammatikanın, poeziyanın, tarixin vә әxlaq fәlsәfәsinin tәdrisi ilә әlaqәdar meydana gәldi. Humanistik “söz yaradıcılığı” tәnqidçiliklә, dünyәviliklә vә antik dünyaya münasibәtdә ilk dәfә yaranmış tarixi mәsafәnin dәrki ilә aşılanmış yeni dünyagörüşünün işlәnib-hazırlanmasına imkan yaratdı. Gözәl vә tәmiz “söz” “bilik” vә “mәziyyәt” (virtus), insanın universal vә ilahi tәbiәtinin tәcәssümü, onun harmonik etosu vә insanın dostlar arasında, ailәdә vә doğma mühitdә praktiki fәaliyyәt alәti kimi (“homo civilis” idealı) başa düşülürdü. H.-in mәrkәzi ideyası humanistik mәşğәlәlәr vasitәsilә fәrddә mövcud olan imkanların aktuallaşdırılması, onun “lәyaqәt”inin hәrtәrәfli yetkinlәşdirilmәsi idi. 15 әsrin son rübündәn humanistik maraqların teologiya, naturfәlsәfә vә tәbiyyat şünaslığa yönәlmәsi әnәnәvi mәdәniyyәt sahәlәrinin sәrbәstlәşmәsinә, lakin eyni zamanda orta әsrlәr irsi ilә daha mürәkkәb qarşılıqlı fәaliyyәtә sәbәb oldu (M.Fiçinonun neoplatonizmi, P.Pomponatsinin neoaristotelizmi vә s.). İtaliyadan kәnarda H. 16 әsrin sosial-dini münaqişәlәri ilә sıx әlaqәyә girmәklә vә Qәrbi Avropa millәtlәrinin mәdәni özünütәyini problemi ilә çulğanmaqla yeni vüsәt aldı (Erazm Rotterdamlı, T.Mor, İ.Reyxlin).
N e o h u m a n i z m Almaniyada 18 әsrin 2-ci yarısı – 19 әsrin әvvәllәrindә tәşәkkül tapmış vә insan fәrdiliyinin harmonik inkişafının tarixi proobrazı kimi antik yunan mәdәniyyәtinә müraciәtә (İ.İ.Vinkelman, İ.V.Göte, F.Şiller, K.V. fon Humboldt), insan nәslinin kamilliyә, “insansevәrliyә” vә xoşbәxtliyә doğru ardıcıl yüksәlişi zamanı onun daxilindәki qüvvәlәrin hәrtәrәfli aşkar edilmәsi (İ.Q.Herder) ilә birlikdә tәrbiyә olunmasından ibarәt maarifçi idealına (Q.E.Lessinq) dayaqlanırdı. Bu ideyalar Humboldtun başladığı mәktәb vә universitet tәhsili islahatının әsasını tәşkil edir.
Yeni dövr fәlsәfәsindә H. antik kosmosentrizmdәn vә orta әsrlәr teosentrizmindәn fәrqli olaraq, insanın Allahla tәbiәt, göylә yer arasında müstәqil (“orta”) mövqe tutmasından ibarәt antroposentrik dünya mәnzәrәsini (bax Antroposentrizm) irәli sürürdü. İnsan özü özünü vücuda gәtirә bilәn, özünә istәdiyi tәbiәti vermәyi bacaran, idrak vә fәaliyyәt subyekti olaraq hәrәkәtlәrindә öz ağlına vә yaradıcı potensialına arxalanan azad varlıq kimi nәzәrdәn keçirilirdi. H.-in bu kәşfi Yeni dövrdә insan ağlının hәm dünyanın dәrkindә, hәm dә insan birgәyaşayışının ictimai-siyasi formalarının yaradılmasında hәlledici әhәmiyyәtini tәsdiqlәyәn rasionalist düşüncәdә öz inkişafını tapdı. Bu әnәnә sosial-siyasi düşüncәnin inkişafına daha böyük tәsir göstәrdi, özünüyaratma vә yaradıcılıq qabiliyyәti olan azad fәrdiyyәt kimi humanistik şәxsiyyәt idealı bu qabiliyyәtin tam şәkildә hәyata keçәcәyi cәmiyyәt haqqında xәyallar doğurdu ki, bu da ilk kommunist utopiyalarının (T.Mor, T.Kampanella vә b.) yaranması ilә nәticәlәndi.
H.-in böhranı vә müvafiq olaraq humanistik tәfәkkürün әsas dәyәrlәrinin tәnqidi 19–20 әsrlәrdә insanın müasir cәmiyyәtdә öz azad vә muxtar subyekt mövqeyini qoruyub saxlamaq bacarığına şübhәlәrin yaranması ilә әlaqәdar başlıca mövzuya çevrildi. F.Nitsşe “hәddәn artıq insaniliyә” müharibә elan etdi, Qәrb sivilizasiyasının romantik vә mühafizәkar ruhlu tәnqidçilәri isә H.-i mәnәvi sәviyyәnin kәskin tәnәzzülünün, orta әsrlәr cәmiyyәtinin diniәxlaqi vә aristokratik dәyәrlәrindәn uzaqlaşmanın sәbәblәrindәn biri hesab etdilәr. X.Orteqa-i-Qasset mәdәniyyәtin “kütlәvilәşmәsi”nә qarşı çarәni “incәsәnәtin dehumanizasiyası”n da, bәdii әsәrdә zahiri hәqiqәtәoxşarlığın yox edilmәsindә görürdü. N.A.Berdyayevә görә, H.-in әsas nöqsanı insanı Allahdan ayırmasında, “insanın ilahiliyi”ni (“ilahini insanlaşdırma”nın әksinә olaraq) tәsdiqlәmәsindәdir, bu isә son nәticәdә insanın öz-özünü mәhv etmәsinә vә onun yaradıcı qüvvәlәrinin tükәnmәsinә, nihilizm (Nitsşe) vә sosializmin (Marks) yaranmasına aparır.
Sosial-fәlsәfi fikrin digәr variantlarında H. başlıca mәdәni dәyәr әhәmiyyәtini qoruyub saxlayır vә insanın hәqiqi azadlığını, muxtariyyәtini istisna edәn, onu maliyyәsәnaye korporasiyaları, siyasi bürokratiya vә elektron KİV-in simasında rasional tәşkil olunmuş qüvvәlәrin hakimiyyәtinә tabe edәn kapitalizm onun mövqeyindәn tәnqid edilir. Bu tәnqid sol tәmayüllü cәrәyanların çoxu vә neomarksizmin müxtәlif nümayәndәlәri, xüsusilә Frankfurt mәktәbi (M.Hork haymer, T.Adorno, Q.Markuze), neofreydizm (E.Fromm) vә b. üçün sәciyyәvidir.
Müasir dünyada H.-in faciәvi taleyi ekzis tensializmin mәrkәzi mövzusudur. M.Hay deggerә (“Humanizm haqqında mәktub”) görә, Yeni Avropa H.-inin tutarsızlığı onun insan subyektivliyini xarici alәmi elm vә texnika vasitәsilә dәrk vә fәth etmәyin şәrti kimi mütlәqlәşdirmәsindә, insanın mövcudiyyәtinә mәna verәn “varlıq hәqiqәti”ni unutmasındadır. İnsanın vәzifәsi mövcudata öz iradәsini zorla qәbul etdirmәk deyil, yalnız “varlığın” sәsinә qulaq asmaqdır. J.P.Sartr ekzis tensializmi H. kimi şәrh edәrәk, onu hәr kәsin öz taleyini müәyyәnlәşdirmә azadlığı kimi anlayır: klassik H.-dәn fәrqli olaraq, ekzistensial H. insana bir canlı növü (transsendental, yaxud mütlәq subyekt) kimi deyil, şәxsi mövcudiyyәti ilә unikal vә tәkrarsız olan konkret fәrd kimi müraciәt edir.
İnsan subyektivliyinә әsaslanmanı istisna edәn vә insanı müxtәlif növ strukturlarda әridәn “nәzәri antihumanizm” tәmayülü müasir fәlsәfәdә şәxssiz vә obyektiv strukturların fәrdi vә kollektiv insan fәaliyyәti üzәrindә qeyd-şәrtsiz üstünlüyünü bәyan edәn strukturalizmlә tәmsil olunur (poststruk turalizmdә “insanın ölümü” haqqında tezis buradandır).
Dövrün ruhuna uyğun gәlәn yeni H. formalarının axtarışları Qәrbdә hәm katolik (J.Maritenin neotomist “inteqral humanizm” layihәsi vә s.), hәm dә protestant (K.Bart, R.Nibur, P.Tillix vә b.) xristian fikrindә aparılır.










