HÚMBOLDT Aleksandr (Fridrix Vilhelm Henrix Aleksandr) fon (14.9.1769, Berlin – 6.5.1859, Berlin) – alman tәbiyyatşünası, coğrafiyaşünas vә sәyyah. Elmi coğrafiyanın banilәrindәn biri. Prussiya Kral EA-nın üzvü (1800), Peterburq EA-nın fәxri üzvü (1818). K.V.Humboldtun qardaşıdır. Bir sıra un-t vә akademiyalarda hәrtәrәfli tәhsil almışdır. 1790 ildә G.Forsterlә birlikdә Fransa, Niderland vә İngiltәrәyә sәyahәt etmişdir. 1792–96 illәrdә Prussiya dağ-mәdәn idarәsindә xidmәt etmişdir. Apardığı botaniki-fizioloji tәdqiqatlar әsasında “Frayberqin yeraltı florası” 1793 ildә әsәrini çap etdirmişdir; o, burada çiçәksiz bitkilәrә dair öz müşahidәlәrini ümumilәşdirmişdir. Onun sinir vә әzәlә liflәrinin qıcıqlanmasına dair tәcrübәlәri 1797 ildә yazdığı monoqrafiyada tәsvir edilmişdir. 1799–1804 illәrdә fransız botaniki E.Bonplanla birlikdә Şimali vә Cәnubi Amerikaya sәyahәt etmişdir. Sәyahәtinin nәticәlәrini 34 cildlik “1799–1804 illәrdә Yeni Dünyanın gecә-gün düzü bәrabәr olan vilayәtlәrinә sәyahәt” әsәrindә ümumilәşdirmişdir. Kitabın әsas hissәsini zoologiya vә müqayisәli anatomiya, hәmçinin astronomik müşahidәlәr, geodeziya vә kartoqrafiya materialları tәşkil edir. “Bitki fizionomiyasına dair fikirlәr” bölmәsinin daxil olduğu “Tәbiәti mәnzәrәlәri” әsәri (1808)
bitki coğrafiyasına aid ilk nәşrlәrdәn biri idi. Coğrafi zonallıq vә yüksәklik qurşaqlığına dair ilk mühüm elmi fikirlәr H.-a mәxsusdur; o, Yer sәthindә bitkilәrin yayılma zonallığı qanunauyğunluğunu әsaslandırmışdır. H.-un baxışları torpaqşünaslıq vә landşaftşünaslığın, hәmçinin iqlimşünaslığın inkişafına tәkan vermişdir. 1827 ildә Prussiya kralının kamergeri vә müşaviri vә zifәlәrindә çalışmaq üçün Parisdәn Berlinә köçmüşdür.1829 ildә Ural, Altay vә Xәzәr dәnizi sahillәrinә sәyahәt etmişdir. Asiyanın tәbiәti onun “Asiyanın geologiya vә klimatologiyası üzrә fraqmentlәr” (1831) vә “Mәrkәzi Asiya” (1843) әsәrlәrindә işıqlandırılmışdır. Yer vә Kainat haqqında dövrünün mövcud biliklәrini tamamlaya bilmәdiyi “Kosmos” әsәrindә (1845–62) ümumilәşdirmәyә çalışmışdır. Geologiyanın nәzәri problemlәrindә әvvәl neptunizmin, sonralar isә plutonizmin vә katastrofizmin tәrәfdarı olmuşdur. O, iqlim hadisәlәrinә vә onların bitki örtüyünün yayılması vә xarici formaları ilә әlaqәsinә xüsusi diqqәt vermişdir. Yer sәthindә bitki örtüyünün qanunauyğun zonal yayılması ideyası (eninә vә şaquli zonallıq) H. tәrәfindәn әsaslandırılmışdır. Bitki coğrafiyasında ekoloji istiqamәtin formalaşması üçün zәmin yaradan ideyaları inkişaf etdirmişdir. Bir neçә coğrafi obyekt, o cümlәdәn Mәrkәzi Asiya vә Şimali Amerikada dağ silsilәlәri, Yeni Kaledoniya a.-n da dağ, Qrenlandiyanın şm.-q.-indә buzlaq, ABŞda çay vә bir neçә yaşayış mәntәqәsi, bir sıra bitkilәr, mineral vә Ayda krater H.-un şәrәfinә adlandırılmışdır. Berlindә Aleksandr vә Vilhelm Humboldt qardaşlarının adını daşıyan un-t var.










