HUMORAL PATOLÓGİYA – sağlamlıq vә xәstәlik vәziyyәtini orqanizmin maye mühitlәrinin nisbәtlәri vә tәrkibinә әsasәn tәyin edәn tibb nәzәriyyәsi. H.p.-nın abstrakt konsepsiyası Hippokrat mәcmuәsindә әks olunmuşdur: hәyati tәzahürlәr dörd mayedәn (qan, selik, sarı öd vә qara öd) asılıdır vә onların harmonik qarışmasının pozulması xәstәliyә sәbәb olur. Bu konsepsiya Qalen tәrәfindәn inkişaf etdirilmiş vә tamamlanmış, İbn Sina vә Parasels tәrәfindәn qәbul olunmuşdur. Demәk olar ki, ikimin il müddәtindә H.p. konsepsiyası tibbin әsas nәzәriyyәlәrindәn biri olmuşdur. F.Silviyә görә, xәstәliklәrin iki başlıca qrupundan birinin әsasını toxumalarda turşuların, digәrinin әsasını isә toxumalarda qәlәvilәrin toplanması tәşkil edir. H.p.-nın görkәmli tәrәfdarlarından biri K. fon Rokitanski olmuşdur; o, xәstәnin bәdәn toxumalarındakı dәyişikliklәri qanın dәyişmәsi xarakterindәn asılı olaraq ikincili – orqanizmin ümumi xәstәlәnmәsinin yerli әlamәtlәri hesab etmişdir. 19 әsrin ortalarında eksperimental tәbabәtin vә patomorfologiyanın nailiyyәtlәri ilә әlaqәdar H.p. elmi faktlarla ziddiyyәt tәşkil etdi vә sellülyar patologiya nәzәriyyәsini irәli sürәn R.Virxovun әsәrlәri ilә qәti surәtdә rәdd edildi. Müasir tәbabәt H.p.-nın әsas müddәalarının aşkar yanlış olması ilә bәrabәr onun orqanizmin bir tam kimi başa düşülmәsindә pozitiv rolunu, hәmçinin orqanizmin daxili mühiti vә funksiyaların humoral tәnzimlәnmәsi haqqındakı tәlimin yaranmasında örnәk olduğunu etiraf edir.










