HUNEYN VURUŞMASI (630), H ә v a z i n v u r u ş m a s ı – islam ordusu ilә Hәvazin vә Sәqif qәbilәlәrinin birlәşmiş qüvvәlәri arasında baş vermiş döyüş. Mәkkәnin fәthindәn (630) sonra Mәhәmmәd peyğәmbәrin növbәti hәdәfi olacaqlarından qorxan Hәvazin vә Sәqif qәbilәlәri öz qüvvәlәrini birlәşdirәrәk, Mәkkә vә Taif ş.-lәri arasındakı Huneyn vadisindә, Övtas adlı yerdә Malik ibn Övfün komandanlığı altında toplandılar. Bundan xәbәr tutan peyğәmbәr 630 il yanvarın 27-dә 12 min nәfәrlik ordu ilә Mәkkәdәn çıxdı. Fevralın 1-dә sübh tezdәn Huneyndә döyüş başladı. Dar dәrәdә pusquya düşәn müsәlman әsgәrlәri pәrakәndә düşәrәk qaçmağa başladılar. Peyğәmbәr çaşqınlığı yatırmağa vә qaçanları geri qaytarmağa nail oldu. Əli ibn Əbu Talibin düşmәn bayraqdarını öldürmәsi qarşı tәrәfdә çaxnaşma yaratdı. Müsәlmanlar qәlәbә qazanaraq, xeyli sayda qәnimәt әldә etdilәr. Peyğәmbәr düşmәn әsirlәrini geri qaytardı. Huneyndәki qәlәbә Quranın “Tövbә” surәsinin 25–26-cı ayәlәrindә Allahın möminlәrә lütfünün tәcәssümü kimi әksini tapmışdır.










