HURONLAR [fr. huron – “kobud”; özlәrini v i a n d o t, v i a n d a t, v e n d a t (“yarım ada sakinlәri”) adlandırırlar] – Şimali Amerikada irokezlәr qrupundan hindi xalqı. Kanadanın c.-ş.-indә [Kvebek ş. yaxınlığında Lorett (Vendake) rezervasiyası –1,2 min nәfәr; Kanadada cәmi 3000 nәfәr] vә ABŞ-da (viandotlar, Kanzas, Oklahoma vә Miçiqan ştatlarında tәqr. 4000 nәfәr) yaşayırlar. Kanadada fransız, ABŞ-da ingilis dilindә danışırlar. Huron dilinin sonuncu daşıyıcısı 1960 ildә ölmüşdür. Hazırda rezervasiya mәktәblәrindә huron dili öyrәnilir (yazıları latın qrafikası әsasındadır). Dindarları, әsasәn, xristiandır, әnәnәvi inanclarını saxlayanlar da var.
Avropalıların gәlişinәdәk (16 әsr) Huron gölündәki Corcian-Bey körfәzi ilә Simko (hәmçinin Huroniya adlandırılır) gölü arasındakı әrazilәrdә mәskunlaşmışdılar. Tәqr. 30 min nәfәr olan H.-ın sayları çiçәk epidemiyasından (1638) sonra tәqr. 10 min nәfәrә enmişdi. İrokez liqası ilә düşmәnçilik edәn H. 5 tayfadan ibarәt Konfederasiyada [Attinyauantan (Ayı Adamları), Attinyuinonnyahak (Kәndir Adamları), Arendarronon (Qaya Adamları) vә Taonta yenrat (Maral Adamları)] birlәşmişdilәr. Hәr tayfa 3 fratriyadan ibarәt idi, 2 mәrasimi hissәyә bölgü dә mövcud olmuşdur. H.-ın ana xәtti üzrә 8 qәbilәyә (Canavar, Ayı, Qunduz, Tısbağa, Maral, İlan, Oxlu Kirpi, Qırğı) bölünmәsi haqqında da mәlumat var. H.-a petunlar (tionontatilәr, yaxud Tütün Adamları) vә attivendaronklar (bitәrәflәr) yaxın idilәr. Kәndlәrindә (әn mühümlәri Ossosane vә Teanaustaye) liniclәrin yaşadıqları 200-dәk uzun ev yerlәşirdi, iri möhkәmlәndirilmiş kәndlәr sığınacaq kimi istifadә olunurdu. Nikahdan sonrakı mәskunlaşma, әsasәn, matrilokaldır. Kәndlәr, tayfalar vә Konfederasiya başçılar şurası tәrәfindәn idarә olunurdu. Ənәnәvi mәdәniyyәtlәri Şimali Amerikanın şm.-ş. hindilәri üçün sәciyyәvidir. Talalarda toxa әkinçiliyi (әsasәn, qarğıdalı, paxlalılar, balqabaq, tütün), ovçuluq, balıqçılıqla (nәrә balığı, forel, durna balığı, hәmçinin tısbağa ovu) mәşğul olurdular, ev itlәrinin әtini yeyirdilәr. Digәr irokezlәrdәn fәrqli olaraq tozağacı qabığından alqonkin tipli qayıqlar düzәldәrәk uzaq ticarәt ekspedisiyalarına çıxırdılar. Fransız xәz möhtәkirlәri ilә alqonkin vә digәr hindi qrupları arasında әsas vasitәçilәr idilәr. Dini inancları oki adlı şәxssiz ecazkar qüvvәnin vә allahların (Ay, Günәş, qış, müharibә vә s.) kultu, şamanizmdir. Dәfn mәrasimlәri özünә mәxsusdur: ölülәri taxta sәki üzәrinә, yaxud kameralara qoyurdular; hәr 8–12 ildәn bir ümumtayfa bayramı (Ölülәrin ziyafәti) zamanı cәnazә qalıqlarını әsas yaşayış mәskәnindә ümumi mәzarlıqda basdırırdılar. Hәrbi әsirlәrә verilәn ayini işgәncәlәr kannibalizm aktı ilә tamamlanırdı.

Huronların uzun evi.
Fransızlarla ilk tәmaslar (S. de Şampleynin ekspedisiyası) 17 әsrin әvvәllәrinә aiddir. 1648–49 illәrdә Konfederasiyanın irokezlәr tәrәfindәn darmadağın edilmәsindәn sonra Kvebek yezuitlәrindәn sığınacaq istәmiş H.-ın bir qismi 1650 ildә Müq. Lavrenti çayının mәnsәbindәki Orlean a.-nda yerlәşdirilmişdi. Sonralar irokezlәrin basqınlarından qorunmaq mәqsәdilә daha 7 dәfә köç etmiş, 1697 ildә Jön-Lorett (indiki Lorett) rezervasiyasında mәskunlaşmışdılar.

Huron baltası vә ox qabı.
Fransa vә İngiltәrә ilә hәrbi münaqişәlәr zamanı Farnsanın müttәfiqlәri olmuşlar. Əsasәn trapperçilik vә ovçuluqla mәşğul idilәr. Qalan H. vә petunlar viandotlar adı ilә Ohayo әrazisindә mәskunlaşmış, yaxud irokezlәrin tәrkibinә qatılmışdılar. Fransa-hindi müharibәsindә (1755–63) fransızları dәstәklәmiş, Şimali Amerikada istiqlaliyyәt müharibәsi (1775–83) vә İngiltәrә-Amerika müharibәsindә (1812–14) ingilislәrin tәrәfindә iştirak etmişlәr. 1810 ildә Tekumsenin hәrәkatına qoşulmuşdular. 1842 ildә Ohayodan köçürülәrәk Kanzasdakı rezervasiyaya yerlәşdirilmişdilәr, 1855 ildә burada ABŞ vәtәndaşlığını almışlar. ABŞ-dakı Vәtәndaş müharibәsindә (1861–65) H.-ın çoxu Şimalın tәrәfindә iştirak etmişdir. 1867 ildә H.-ın bir qismi Oklahomaya köçürülmüşdü. Hazırda H. xidmәt vә turizm sahәlәrindә işlәyirlәr. Ənәnәvi sәnәtlәr dә (qarda yerimәk üçün lövhәlәrin, elәcә dә mokasinlәrin, kanoelәrin istehsalı) inkişaf etmişdir.
Hәmçinin şәhәrlәrdә yaşayırlar, ziyalıları da var. 1999 ildә Kanada vә ABŞ H.-ının icmaları Vendat konfederasiyasını yaratmışlar.










