HURRİŞÜNASLIQ – hurrilәrin dili, yazıları, tarixi vә mәdәniyyәti haqqında elmlәrin kompleksi. Hettşünaslıq vә urartuşünaslıqla sıx әlaqәli olan aşşurşünaslığın bölmәsi.
19 әsrin axırlarınadәk hurri mәdәniyyәti haqqında yeganә dәlil Bibliyada horilәr xalqının qeyd olunması idi. Mixi yazılarının deşifrәlәnmәsindәn sonra Mesopotamiya yazılı mәnbәlәrindә alimlәr tarixi ilә bağlı dövlәtlәr haqqında digәr mәlumatlar da әldә etmişdilәr. 1881 ildә Akkad leksik siyahılarında ilk dәfә Mesopotamiya yazılı әnәnәsinә uyğun olaraq “subar dili” adlandırılmış hurri dilinin sözlәri müәyyәnlәşdirilmişdir. Amarna arxivindәn Mitanni hökmdarı Tuşrattanın Misir fironu III Amenhotepә hurri dilindә mәktubu tapılmış (1887) vә nәşr (1889) edilmişdir. 1890-cı illәrdә “Mittanni dili” “subar dili” ilә eynilәşdirilmiş vә 1906 ildә Boğazköydә (Hattusas) hett arxivinin tapılmasından sonra hurrilәr (әvvәllәr sәhv olaraq onları harrilәr adlandırmışdılar) etnosu ilә әlaqәlәndirilmişdir.
Hurri dilinin öyrәnilmәsinә 1890-cı illәrdә Tuşratta mәktubunun Mesopotomiya arxivlәrindәki ayrı-ayrı mәtnlәr, qlossalar vә şәxs adları ilә müqayisәsi әsasında (P.İenzen, L.Messerşmidt, R.Brünnov, A.Seys, F.Bork) başlanılmışdı. 20 әsrin әvvәllәrindә H.-ın inkişafı Hattusasda (A.Unqnad), Uqarit vә Maridә (1931, 1939; F. Türo-Danjen) yeni mәtnlәrin aşkar edilmәsi ilә әlaqәdar olmuş, hurri dilinin qrammatikası üzrә fundamental әsәrlәr (İ.Fridrix, A.Götse, E.Spayzer) yazılmışdır. Mitanni dövlәtinin yaranmasınadәk hurrilәrin tarixi onların Mesopotamiyada (A.Unqnad), yaxud gәlmә (İ.Gelb) olmasını hesab edәnlәr arasında diskussiyaya sәbәb olmuşdu. 20 әsrin ortalarından Nuzi arxivlәri әsasında Arrapha hurrilәrinin dili vә mәdәniyyәti, hәmçinin Mitanni tarixinin mәsәlәlәri tәdqiq olunmuş, hurri dilinin lüğәtlәri tәrtib edilmişdir (İ.Fridrix, E.Laroş).
H.-ın müasir inkişaf mәrhәlәsi 1983 ildә Hattusasda әn geniş ikidilli mәtnin –“Əsirlikdәn azadolma haqqında nәğmә” adlı hetthurri eposunun aşkar edilmәsi ilә (1996 ildә E.Noy tәrәfindәn nәşr edilmişdir) başlamışdır. Bundan sonra yeni qrammatikalar (İ.Veqner, G.Vilhelm, M.Corceri) nәşr olunmuş, “Corpus der hurritischen Sprachdenkmaler” (1984–2005) mәtnlәrinin vә “Literatur zum hurritischen Lexikon”un (2008–) nәşrinә başlanmışdır. Hurrilәrin erkәn tarixinin anlaşılması üçün Urkeş tәpәsindәki qazıntılar (1984–2010, C.Buççellati) böyük әhәmiyyәt kәsb etmişdir. 20 әsrin sonları – 21 әsrin әvvәllәrindә Suriya arxivlәrindәn bir sıra hurri mәtni aşkarlanmış, hett әyalәt mәrkәzlәri Qayalıpınar (Samuxa) vә Ortaköydә (Sapinuva) hurri mәtnlәrinin tapılması davam edir. H. Almaniyada vә İtaliyada daha müvәffәqiyyәtlә inkişaf edir.










