HURRİ-URARTU DİLLƏRİ – ölü dillәr qrupu. H.-U.d.-nin ilk mәskәni haqqında mәlumat yoxdur. Qrupa yaxın qohum olan hurri vә Urartu dillәri daxildir. H u r r i d i l i n d ә mәtnlәrә e.ә. 3–2-ci minilliyin sonlarına aid abidәlәrdә rast gәlinir. Onların tәhlili hurri dilinin inkişafının 3 mәrhәlәsini ayırd etmәyә imkan verir: “qәdim hurri dili”, “köhnә hurri dili”, “yeni hurri dili”. Qәdim hurri dili dövrü Urkeşdәn (hazırda Suriyanın şm.-ş.-indәki Tәll-Mozan) tapılan e.ә. 3-cü minilliyә aid tikililәr üzәrindәki kitabәlәrlә, köhnә hurri dili dövrü e.ә. 2-ci minillikdә Cәnubi Babil vә Maridәn (indiki Tәll-Hәriri tәpәsi) tapılan orta hett dövrünә aid (e.ә. 15–14 әsrin ortaları) hurri-hett qәdim yazı abidәlәri vә Hattusasdan olan digәr mәtnlәrlә, yeni hurri dili dövrü Mitanni hökmdarı Tuşrattanın Misir fironu III Amenhotepә e.ә. 14 әsrin ortalarına aid mәktubu ilә; dini, mifoloji, әdәbi mәtnlәr, Hattusasdan tapılan e.ә. 14–13 әsrlәrә aid dualar, hurri-Akkad qәdim yazı abidәlәri, ayin nәğmәlәrinin fraqmentlәri, ayin mәtnlәri, Uqaritdәn olan hәmin dövr lüğәtlәri ilә tәmsil olunur. Mәtnlәrdәki dil әlamәtlәri bir sıra dialekt xüsusiyyәtlәrinin olduğunu göstәrir, lakin hurri dili dialektlәrinin dәqiq tәsnifatı mövcud deyildir. Hurri dili abidәlәrinin çoxu heca mixi yazısı ilә, Uqaritdәn olan az sayda mәtn isә Uqarit kvaziәlifba mixi yazısı ilә yazılmışdır.
U r a r t u d i l i e.ә. 9 әsrin sonu–6 әsrin әvvәllәrinә aid abidәlәrlә tәmsil olunmuşdur. Buraya, әsasәn, hökmdar kitabәlәri salnamәlәr, hәrbi sәfәrlәr haqqında mәlumatlar, quruculuq yazıları, qurbankәsmә qaydaları, hәmçinin müxtәlif mövzulu yazılar, çәtin başa düşülәn yazı ilә olan mәktublar, inzibati vә tәsәrrüfat sәnәdlәri olan az sayda lövhәlәr daxildir. Hökmdar kitabәlәrinin dilinin standartlaşmış xüsusiyyәtlәrinә baxmayaraq, bәzi mәtnlәr arasında az sayda dil fәrqlәri var (ehtimal ki, dialekt fәrqlәridir). Heca mixi yazısı ilә yazılmışdır.
Hurri-Urartu ulu dilinin parçalanma vaxtını müәyyәnlәşdirmәk çәtindir: Urartu dilindә nisbi әvәzlik qismindә qәdim hurri anafora әsaslarının işlәdilmәsi ulu Urartu dialektinin Urkeşdәn olan kitabәlәrin yaranmasından әvvәl ayrıldığını göstәrir; digәr tәrәfdәn, erqativ hal göstәricilәrinin eyniliyi vә hәr iki dildә erqativ tәsriflәnmәdәki oxşarlığın çox olması Urartu dilinin Urkeşdәn sonrakı dövrdә ayrıldığını sübut edir. Erqativ hal göstәricilәrinin eyniliyi qohum dialektlәrdәki paralel inkişafın nәticәsi ola bilәr, Urartu dilindәki nisbi әvәzliyin anafora ilә әvәz edilmәsi isә daha sonrakı hadisәdir.
Hurri-Urartu ulu dili üçün uzunluqqısalıq baxımından qarşılaşdırılmayan a, i, e, u, o saitlәrini әhatә edәn vokalizm yenidәn qurulmuş vә bu, hәm hurri, hәm dә Urartu dillәrindә saxlanılmışdır. Hurri-Urartu ulu dilini heca tipli, aktiv tipologiyalı aqlütinativ dil kimi xarakterizә etmәk olar. Söz sırası sabitdir (“subyekt + obyekt+ predikat”).










