HUSÇULAR HƏRƏKATI – Çexiyada inqilabi xarakter daşıyan geniş dini vә ictimai-siyasi hәrәkat (1400–85). Çexiya Refor masiyasının ideoloqu Yan Husun adı ilә adlandırılmışdır. Sosial, siyasi vә millәtlәrarası ziddiyyәtlәrin kәskinlәşmәsi nәticәsin dә baş vermişdir. Kilsә islahatı şüarı altında keçirdi, halbuki islahatın dәrәcәsi vә dәrinliyi hәrәkatın iştirakçıları tәrәfindәn müxtәlif cür başa düşülürdü. H.h.-nın siyasi mәqsәdi Çexiyada alman oli qarxiyasının (dünyәvi vә dini feodalların, hәmçinin şәhәr patrisiatının) hakimiyyәtinin devrilmәsi idi. H.h.-nda çex cәmiyyәtinin bütün tәbәqәlәri iştirak edirdi (kәndlilәr, şәhәrlilәr, zadәganlar, ruhanilәrin bir qismi). Praqa un-tinin magistrları hәrәkatın әsas ideoloqları olmuşlar. H.h.-nın müxtәlif mәrhәlәlәrindә öz şüarları altında çıxış edәn vә öz mәqsәdlәrini güdәn müxtәlif sosial tәbәqә vә qruplar әsas rol oynayırdılar.
Adәtәn eyni zamanda baş verәn, lakin mahiyyәtcә fәrqli olan, bir neçә hәrәkatın cәmi kimi tәqdim edilәn H.h.-nı bir neçә inkişaf mәrhәlәsinә bölürlәr.
H.h.-nın birinci mәrhәlәsi tәqr. 1400–19 illәrә aid edilir. Bu mәrhәlәdә әsas tәlәb katolik kilsәsinin islahatı idi. Hәrәkatın iştirakçıları onun qüsurlarını [әxlaqsızlıq, dәbdәbәyә meyil, kilsә vәzifәlәrinin satışı (simoniya) vә s.] tәnqid edir, kilsә mülkiyyәtinin (Çexiyada katolik kilsәsi bütün torpaqların 1/3-inә malik idi) müsadirәsini vә ruhanilәrin imtiyazlarının lәğvi tәlәblәrini irәli sürürdülәr. Praqa un-tinin magistrları, xüsusilә Yan Hus vәzlәr ilә çıxış edir, disputlar keçirir, kilsә әleyhinә yönәlmiş traktatlar vә tezislәr dәrc edirdilәr. Husla yanaşı, kilsә islahatı tәlәblәrini vә ruhanilәrin imtiyazlarının lәğvini Kromerjişli Miliç, Yanovlu Matvey vә Praqalı Yeronim irәli sürürdülәr. Onların vәzlәri Çexiya әhalisi arasında böyük rәğbәtlә qarşılanırdı.
“Yararsız kilsә” ilә mübarizә çağırışını dәstәklәyәn Yan Hus tәrәfdarları tәdricәn iki qola bölündülәr. Varlı tәbәqәlәr (bürgerlәr, zadәganlar, un-t magistrları) kilsә әmlakının müsadirәsinә, “ucuz kilsә” tәtbiqinә, ruhanilәrin imtiyazlarının lәğvinә nail olmuş H.h.-nın mötәdil cinahını tәşkil edirdilәr. Onların “Dörd Praqa maddәsi” adlı proqramı imperator I Sigizmunddan Yevxaristiya ayininin tәtbiqi, azad ibadәt, kilsә әmlakının müsadirәsi, şәhәrlәrdә bәrqәrar olmuş nizam-intizamın qorunması tәlәblәrini ehtiva edirdi. Utrakvistlәr bu tәlәblәrin yerinә yetirilmәsini I Sigizmundun çex kralı kimi tanınması üçün әsas şәrt kimi irәli sürürdülәr.
Kәndlilәr, şәhәr yoxsulları, xırda mülk sahibi olan dvoryanlar, sәnәtkarlar, aşağı rütbәli ruhanilәr vә dini fanatiklәr H.h.-nın radikal cinahını yaratdılar. Kilsә islahatı mәsәlәsindә onlar utrakvistlәrdәn daha dәrinә gedәrәk mövcud qaydaların tam lәğvi vә әdalәtli ictimai quruluşun yaradılması uğrunda çıxış edirdilәr. Husçuların bu cinahı taborlular adlandırıldı (onların “Tabor” adlı möhkәmlәndirilmiş düşәrgәsinin adından). Allahın qanunları ilә yaşamağa cәhd edәn taborlular kommuna yaratsalar da, onların arasında siyasi vә ideoloji birlik yox idi.
İmperator I Sigizmund tәrәfindәn mühafizә fәrmanının verilmәsinә baxma yaraq, 1415 ildә Yan Hus, 1416 ildә isә Praqalı Yeronim katolik kilsәsinin Konstans mәclisinin qәrarı ilә bidәtçi kimi edam olundular. Onların edamı haqqında xәbәr Çexiyada sosial partlayışa sәbәb oldu.
1419 il iyulun 30-da Praqada H.h-nın ikinci mәrhәlәsi hesab edilәn vә әdәbiyyatda “husçu inqilabı” adlanan üsyan başladı. Bu mәrhәlәdә H.h.-nda aparıcı rolu Y.Jelivskinin başçılıq etdiyi radikal dairәlәr oynayırdı. Onlar Praqada vә Çexiyanın bir sıra digәr şәhәrindә hakimiyyәti әlә keçirdilәr, katolik monastırları vә kilsәlәrini dağıtmağa başladılar. I Sigizmund “Dörd Praqa maddәsinin” şәrtlәrini rәdd etdi. Roma papası V Martin ilә ittifaqa arxalanaraq o, Çexiyada vә ölkәnin hüdudlarından kәnar da husçuların әleyhdarlarını birlәş dirәrәk H.h.-nı zorla yatırmağa cәhd etdi. 1420–31 illәrdә husçulara qarşı beş sәlib yürüşü tәşkil olundu. Bu dövrdә tәkcә Çexiyanın dövlәt kimi deyil, hәm dә çexlәrin xalq kimi mövcudluğu ilә bağlı mәsәlә ortaya çıxdı. Çexlәr katolik kilsәsi tәrәfindәn qırılmağa mәhkum olunmuş bidәtçilәr elan edildilәr, sәlibçilәrә isә günahlarının bağışlanılması vә mәhv edilmiş bidәtçilәrin әmlakı vәd olundu. Lakin husçuların hәrbi yolla mәğlub edilmәsi cәhdi iflasa uğradı. Husçular ordusu 1420 il iyulun 14-dә Y.Jijka vә Böyük Prokopun başçılığı ilә Vitkov dağı yaxınlığında, 1422 il yanvarın 10-da Ne metski-Brod yaxınlığında Jijkanın komandanlığı altında sәlibçilәri darmadağın etdi. Üçüncü sәlib yürüşü 1422 ilin payızın da sәlibçilәrin Taxov ş. Yaxınlığından qaçması ilә nәticәlәndi. 1426 il iyunun 16-da I Sigizmundun qoşunları Usti ş. yaxınlığında Böyük Prokopun komandanlığı ilә çex ordusu tәrәfindәn mәğlubiyyәtә uğradı. 1427 il avqustun 4-dә Taxov ş. yaxınlığında vә 1431 il avqustun 14-dә Domajlitse ş. yaxınlığında husçular müvafiq olaraq dördüncü vә beşinci sәlib yürüşlәri iştirakçılarını darmadağın etdilәr. Xarici düşmәnlәrlә mübarizә aparan husçuların Çexiyanın hüdudlarından kәnarda bir sıra uğurlu yürüşlәri oldu. 1427–28 illәrdә onlar Sileziyaya, 1429–30 illәrdә Saksoniyaya, Yuxarı Frankoniyaya vә Bavariyaya, 1433 ildә Şәrqi Slovakiyaya müdaxilә etdilәr, Baltika dәnizinә çatmağa cәhd göstәrdilәr. Husçuların sәlibçi yürüşlәrinә qarşı mübarizәsi vә onların xarici sәfәrlәri “husçu müharibәlәri” adlandırıldı.
Xarici tәhlükә husçuların konsolida siyasına sәbәb oldu. Lakin tәhlükә zәiflәdikcә daha da güclәnәn ziddiyyәtlәr husçuların müxtәlif cәrәyanları arasında hәrbi toqquşmalara gәtirib çıxardı.
Hus müharibәlәri gedişindә H.h.-nın tәka mülü baş verdi. Taborluların bәrabәrlәşdirici icması dağıldı. Taborda liderlik hәrbi başçılara vә cәngavәr nümayәndәlәrinә keçdi. 1423 ildә taborlulardan Y.Jijkanın başçılığı ilә Qradets-Karlovda öz hәrbi vә siyasi mәrkәzini (Kiçik Tabor) yaratmış yeni radikal cinah ayrıldı.
Mötәdil husçular müharibәlәr nәticәsindә qarşıya qoyulmuş mәqsәdlәrә çatdılar: kilsә torpaqları müsadirә olundu, şәhәrlәrdәn rәqiblәr (alman bürgerlәri) qovuldu. Çexiya kilsәsi Hus tәliminә müvafiq olaraq islah edildi. H.h.-nın bu cinahı katolik Avropası ilә kompromisә vә onların әsas tәlәblәrinin qәbul edilmәsi müqabilindә I Sigizmund ilә barışmağa meyil göstәrdi.
Taborlular düşәrgәsi öz tәlәblәrini yerinә yetirilmiş hesab etmirdi; taborlular arasın da birlik olmasa da, onların ordusu inqilabi әnәnәlәrin daşıyıcısı idi vә H.h.-nın sağ cinahına hәrbi qәlәbәnin bәhrәsindәn tam şәkildә faydalanmağa mane olurdu. Bundan başqa, uzunmüddәtli hәrbi әmәliyyatlar, hәmçinin Çexiyanın katolik dövlәtlәri tәrәfindәn blokadası onun iqtisadiyyatına vә ticarәtinә ciddi ziyan vururdu. Belә şәraitdә utrakvistlәr katoliklәrlә sövdәlәşib birlәşәrәk 1434 il mayın 30-da Praqa әtrafındakı Lipanı k. yaxınlığında Böyük Prokopun taborlular ordusunu darmadağın etdilәr. Dubadan olan Y.Roqaçın başçılıq etdiyi taborluların dәstәlәri 1437 ilәdәk müqavimәt göstәrirdi, lakin onların sonuncu istinadgahı Sion qalası da tәslim oldu. Bununla H.h.-nın inqilabi mәrhәlәsi başa çatdı. I Sigizmundun çex kralı kimi tanınması üçün şәrtlәri işlәyib hazırlayan mötәdil husçular hәlledici qüvvәyә çevrildilәr. Eyni zamanda katolik kilsәsi ilә razılaşma әldә olundu vә 1433 ildә Bazel kilsә mәclisi Çexiya әrazisindә camdan Yevxaristiya hüququnu tәsdiqlәdi. 1436 il iyunun 5-dә Yiqlavada keçirilәn qurultayda elan olunan Praqa kompaktatları 1436 ilin iyulunda I Sigizmund tәrәfindәn tәsdiqlәndi.
Radikal düşәrgә darmadağın edildikdәn sonra H.h. inkişafının üçüncü mәrhәlәsinә – keçmiş әleyhdarlarla razılaşmalar vә cәmiyyәtin yenidәn tәşkili mәrhәlәsinә daxil oldu. Bu proses utrakvist vә katolik düşәrgәlәrindә siyasi mübarizә ilә müşayiәt olunurdu. 1458 ildә Podebradalı Yirjini kral seçmiş utrakvistlәr bu mübarizәdә qәlәbә qazandılar. Yirjinin hakimiyyәti dövründә husçu kilsәsinin mövqeyi, utrakvistlәrin siyasi hakimiyyәti möhkәmlәndi, Çexiyanın beynәxalq әlaqәlәrinin bәrpası başladı. Lakin Roma kuriyasının siyasәti vә katolik ruhanilәrin әvvәlki mövqelәrini qaytarmaq meyillәri ölkәdә daxili sabitliyi pozurdu. Çexiya kralı vә onun әleyhdarları (Roma papası vә Macarıstan kralı Matvey Korvin tәrәfindәn dәstәklәnәn katolik ruhanilәr ittifaqı) arasında müharibә başladı. 1471 ildә Yirji öldü. Çexiya taxtına kral hakimiyyәtini xeyli mәhdudlaşdıran şәrtlәrlә utrakvist silklәr tәrәfindәn Polşa kralı IV Kazimir Yaqel lonçikin oğlu, katolik II Vladislav Yaqellonçik seçildi. Siyasi idarәçilik zadәgan vә kral şәhәrlәrinin nümayәndәlәrindәn ibarәt silki icmanın әlindә cәmlәşdi. II Vladislavın katoliklәri dәstәklәmәsi 1483 ildә Praqa utrakvistlәrinin üsyanına sәbәb oldu. Bu üsyan katolik azlığın husaqәdәrki qaydaları bәrpa edә bilmәyәciyini göstәrdi. 1485 ildә konfessional fraksiyalar arasında katolik vә utra kvist kilsәlәrinin bәrabәrhüquqluğunu, hәmçinin bu çәrçivәdә çex cәmiyyәtinin bütün tәbәqәlәri üçün din azadlığını bәrqәrar edәn Kutnoqor dini sülhü bağlandı. Bu hadisә ilә Çexiya tarixindә husçular dövrü başa çatdı.
H.h. 15 әsr Avropa tarixinin әn mühüm hadisәlәrindәn biridir. O, ümumxalq, inqilabi sәciyyә daşıyırdı, dәqiq ifadә olunmuş ideologiyaya malik idi vә Kilsәnin islahatı mәqsәdini güdürdü. Husçular Avropada ilk dәfә olaraq kilsә ideologiyasının hegemonluğunu sarsıtdı, katolik kilsәsinin hakim vә әmlak mövqelәrini zәiflәtdi. Husçu ilahiyyatçılar nәinki hәr kәsin Allah qarşısında bәrabәrliyini, hәtta fikir vә şәxsiyyәt azadlığını elan edirdilәr. Husçu sәrkәrdәlәr yenil mәzliyi tәmin edәn vә sonralar Avropa ordularında istifadә olunan yeni ordu tipi, yeni silah vә yeni hәrbi taktika yaratdılar. H.h. çex milli şüurunun formalaşmasına, çex mәdәniyyәtinin qorunub saxlanılmasına sәbәb oldu. 16 әsrin әvvәlindә Avropada Reformasiyanın başlanması ilә utrakvistlәrlü teranlarla birlәşdilәr.










