HÚVER Con Edqar (Hoover John Edgar; 1.1.1895, Kolumbiya dairәsi, Vaşinqton – 2.5.1972, orada) – ABŞ dövlәt xadimi. Dövlәt qulluqçuları ailәsindә anadan olmuşdur. 1917 ildә C.Vaşinqton ad. un-tin hüquq fakültәsini bitirәrәk Ədliyyә Nazirliyinә işә qәbul edilmişdir. Ədliyyә nazirinin Tәhqiqat bürosunun sol tәşkilatlar haqqında mәlumat toplayan bölmәsinә nәzarәt edәn xüsusi kömәkçisi (1919), Tәhqiqat bürosu başçısının müavini (1921), direktoru (1924 ildәn ömrünün sonunadәk) olmuşdur. İkinci dünya müharibәsinin әvvәlindә H. FTB-nin Qәrb yarımkürәsindә kәşfiyyat vә әks-kәşfiyyat fәaliyyәti üçün sәlahiyyәtlәri әldә etmişdi. 1945 ildәn sonra H. ölkәdәki ictimai-siyasi mühitә mәnfi tәsir edәn makkartizmin inkişafında mühüm rol oynamışdır. 1950–60-cı illәrdә sosial etirazların müxtәlif tәzahürlәrinә qarşı siyasi repressiyaların genişlәnmәsi dә H.-in adı ilә bağlıdır. H.-in razılığı ilә FTB bir çox ictimai xadimin, Konqres üzvünün vә hәtta prezidentlәrin izlәnmәsini tәşkil etmişdir.











