HÜBNER Kurt (1.9.1921, Praqa – 8.2. 2013, Kil) – alman filosofu. Praqa, Rostok vә Kil un-tlәrindә tәhsil almışdır. Berlindә Texniki un-tin (1961–71), Kil un-tinin (1971–88) prof.-u, Alman fәlsәfә cәmiyyәtinin prezidenti (1969–75) olmuşdur. Əsas әsәrlәri: “Elmi şüurun tәnqidi” (“Kritik der wissenschaftlichen Vernuft”, 1978), “Mif hәqiqәti” (“Die Wahrheit der Mythos”, 1985), “İnanc vә tәfәkkür” (“Glaube und Denken”, 2001).
H. formullaşdırdığı “ümumi metanә zәriyyә”dә gerçәkliyin çoxölçülü “aspektli” xarakterindәn çıxış edәrәk, onun elm, mif vә vәhy kimi spesifik vә müddәalarına görә fәrqli olan idrak formalarının suveren legitimliyini tәsdiq edirdi. Müasir dünya qavrayışını әhәmiyyәtli dәrәcәdә müәyyәn edәn empirik elmlәr (müasir dövrdә onların rolu orta әsrlәrdә ilahiyyatın roluna uyğun gәlir) gerçәkliyin sistemli izahında qavranılan fenomenlәrin ümumi anlayışlara – qanunlara (tәbiyyat elmlәrindә) vә qaydalara (tarix elmlәrindә) müncәr edilmәsinә әsaslanır. Bu qanun vә qaydaların şübhәsiz tәsәvvür edilәn aprior aksiomatik önşәrtlәri müәyyәn sosiomәdәni vәziyyәtdә üstün mövqe qazanan vә hәmin vәziyyәtin dәyişmәsi ilә birlikdә dәyişәn müxtәlif tarixi sistemli müddәalar toplusuna (Kantda tәcrübәnin “mümkünlük şәrtlәri”) әsaslanır. Elmin inkişafının hәrәkәtverici qüvvәsi hәmin sistemli toplunun daxilindәki ziddiyyәtlәrdir vә onların aradan qaldırılmasına yamövcud elmi sistemlәrin “eksplikasıya”-sı (mümkün olan dәqiqlәşmәsi), ya da “mutasiya”sı, yәni әsaslarının dәyişdirilmәsi yolu ilә nail olunur.
Mücәrrәd anlayışla konkret fakt arasında yunan fәlsәfәsindә tәsbit olunmuş bu fәrq mifdә mövcud deyil, belә ki, mifdә ümumi ilә xüsusi olan ayrılmaz vәhdәtdә birlәşmişdir. Mifoloji dünyagörüşü üçün sәciyyәvi olan materiya vә idealın, ümumi vә fәrdi konkretin vәhdәti incәsәnәtdә yaşamaqda davam edir, necә ki, mifik “müqәddәs” zaman vә mәkanın arxetipik statusu da bәdii zaman vә mәkanın “şәrti” (gündәlik hәyata münasibәtdә) statusu olaraq qorunub saxlanır.
Mif hәm dә dini vәhyin inteqral hissәsi kimi üzә çıxır. H. Bibliya obrazlarından istifadә etmәklә, “hәyat ağacı”ndan qidalanan vәhy loqosunu (gerçәkliyi yaradan Allah Sözü) muxtar insan şüurunun tam әhatәli dünya mәnzәrәsini qurmaq cәhdindә “idrak ağacı”ndan qidalanan metafizika loqosuna qarşı qoyur. H.-in izlәdiyi irihәcmli metafizik sistemlәrin daxilәn ziddiyyәtli tarixi (Platon vә Aristoteldәn tutmuş G.V.F.Hegel vә F.V.Şellinqә qәdәr) “allahsızlıq metafizikası” (F.Nitsşe, J.P. Sartr) vә Allahdan uzaqlaşmış hadisәlәr alәminin müxtәlif sahәlәrinin hipotetik izahını tәklif edәn çoxsaylı fәnlәrә, rәqabәtdә olan nәzәriyyәlәrә parçalanma ilә bitir.










