HÜCEYRƏ BİOLOGİYASI – hüceyrә quruluşunun fiziki-kimyәvi әsasları, onun membran komponentlәrinin strukturu vә funksiyaları, genetik aparatının işi, zulalların hüceyrәdaxili yerdәyişmәsinin mexanizmi vә yolları, bu proseslәrdә membranın vә sitoskeletin rolu, mübadilә proseslәrinin struktur tәşkilinin prinsiplәri, hüceyrәdaxili vә hüceyrәarası qarşılıqlı fәaliyyәtlәrin siqnal mexanizmlәri haqqında elm; H.b.-nın predmetinә hәmçinin hüceyrәlәrin hәyat tsiklinin xüsusiyyәtlәri vә tәnzimlәnmәsi, mitoz vә meyozun molekulyar vә struktur әsasları, habelә hüceyrәlәrin reparasiyasının xüsusiyyәtlәri, bәrpa olunmaz zәdәlәnmәlәri vә proqramlaşdırılmış hüceyrә ölümü (apoptoz) zamanı hüceyrәlәrin struktur vә molekulyar-bioloji dәyişmәlәri dә daxildir.
“H.b.” termini ilk dәfә 1884 ildә fransız alimi J.-B.Karnua tәrәfindәn onun hüceyrә haqqında mәlumatları ümumilәşdirәn “La biologie cellulaire” (Hüceyrә biologiyası) monoqrafiyasında istifadә edilmişdir. Lakin 20 әsrin ortalarına qәdәr sovet elmi әdәbiyyatında hüceyrә quruluşu haqqında morfoloji elmin tәyinindә sitologiya terminindәn istifadә olunurdu, әsas tәdqiqat metodu hüceyrә komponentlәri vә onların funksiyaları haqqında mühüm mәlumatlar әldә etmәyә imkan verәn işıq mikroskopiyası idi. 1950-ci illәrdәn fizika vә kimya da әldә olunan müvәffәqiyyәtlәr sayәsindә, sitologiyada hüceyrәni molekulyar sәviyyә dә öyrәnmәyә imkan verәn üsullar tәtbiq edilmәyә başlandı. Mәhz bu dövrdә hüceyrә haqqında yeni kompleks sintetik elmin formalaşmasını әks etdirәn “H.b.” termini yenidәn canlandı.
Subhüceyrә strukturlarının öyrәnilmәsi üçün elektron mikroskopiyadan istifadә edәn, molekulyar biologiyanın, immunokimyanın, molekulyar-genetik analizin vә s. yeni üsullarını tәtbiq edәn klassik biokimya, genetika vә sitologiya tәdqiqatçılarının sәy vә maraqlarının birlәşdirilmәsi çox hüceyrәli orqanizmlәrdә hüceyrәarası qarşılıqlı münasibәtlәrin yollarını vә xüsusilә dә müxtәlif hüceyrәlәrdә ixtisaslaşmanın (diferensiasiyanın) xüsusiyyәtlәrini aşkara çıxarmağa imkan verdi. Geniş mәsәlәlәr dairәsinin hәlli üçün molekulyar biologiya üsulları tәtbiq edildiyindәn H. b. çox zaman molekulyar hüceyrә biologiyası adlandırılır.
Bir çox elmi istiqamәtlәri birlәşdirәn müasir H.b. hüceyrә fiziologiyasının öyrәnilmәsini başa çatdırmağa yaxınlaşmaqla yanaşı, hәm dә klassik sitologiya vә hüceyrә nәzәriyyәsinin әsas müddәalarını qoruyub saxlamış vә güclәndirmişdir. H.b.-nın nailiyyәtlәrindәn ümumbioloji mәsәlәlәrin hәllindә, tibdә, kәnd tәsәrrüfatında geniş istifadә olunur.
Əd.: Молекулярная биология клетки. 2-е изд. М., 1994. Т. 1–3; Molecular biology of the cell. 4th ed. N. Y., 2002; Molecular cell biology. 5th ed. N. Y.,2003.










