HÜCEYRƏ DİVARI – birhüceyrәli, kolonial vә çoxhüceyrәli göbәlәk vә bitkilәrin, hәmçinin bakteriyaların hüceyrә qılafı. Çox hüceyrәli bitkilәrdә H.d. vә hüceyrәarası boşluqlar bütün orqanizm üçün ümumi olan vahid strukturu (apoplastı) tәşkil edir ki, bu da maddәlәrin hüceyrәdәn hüceyrәyә keçmәsini tәmin edir. H.d. qalınlığı ayrı-ayrı hüceyrәlәrdә fәrqlidir (mәs., bitkilәrdә 0,1 mkm-dәn onlarla mkm-ә qәdәr). Onu әmәlә gәtirәn maddәlәr, әsasәn, polisaxaridlәrdir. Onlar matriksi (amorf maddә) vә onun tәrkibinә daxil olan, praktiki olaraq dartılmayan vә H.d.-nın yırtılmaya qarşı davamlılığını tәmin edәn müxtәlif ölçülü nazik liflәri – mikro- vә makrofibrillәri әmәlә gәtirir. Belә mikro- vә makrofibrillәr şaxәlәnmәmiş paralel xәtti xitin (әksәr göbәlәklәrdә), sellüloza (bәzi göbәlәklәrdә vә әksәr bitkilәrdә), ksilan (bir sıra göy-yaşıl vә qırmızı yosunlarda), mannan (bәzi göy-yaşıl yosunlarda) molekullarından ibarәtdir. Bunlar orqanizmin taksonomik mәnsubiyyәtindәn, toxumanın tipindәn vә hüceyrәnin yaşından asılı olaraq H.d.-nın quru çәkisinin ≈4%-dәn ≈90%-ә qәdәrini tәşkil edir. Matriksin әsasını sulu mәhlullarını keçirәn, müxtәlif әlaqәlәr vasitәsilә üçölçülü incә şәbәkәdә birlәşәn şaxәlәnmiş vә şaxәlәnmәmiş peptidoqlikan, mannan (göbәlәklәr), pektin vә hemisellüloz (ali bitkilәr), alqinat vә fukoidan (qonur yosunlar) molekulları tәşkil edir. Matriksә hәmçinin zülallar (o cümlәdәn qlikoproteinlәr) daxildir ki, bunların da H.d.-da rolu az öyrәnilmişdir.
H.d.-nın formalaşması plazmatik membranının sәthinә, biopolimerlәri hüceyrә daxilindә sintez olunan vә ekzositoz yolu ilә onun sәthinә ifraz olunan matriks qatının çökmәsilә başlayır. Mikro- vә makrofibrillәr protoplastın xaric etdiyi monomerlәrdәn hәrәki zülal komplekslәrinin kömәyilә sintez olunur. Sonuncular membranı deşib keçir vә onu altdan döşәyәn sitoskeletin mikroborucuqları ilә әlaqәlәnir. Bir hüceyrәli vә kolonial orqanizmlәrdә matriksin ilkin qatı mikro- vә makrofibrillәrdәn mәhrumdur, çox vaxt seliklәnir; sporlarda o mineral maddәlәrlә vә/vә ya polifenollarla inkrustasiya olunur, ya da sporopolleninlә әvәzlәnir; çoxhüceyrәli orqanizmlәrdә ilkin matriks hüceyrәarası lövhәlәri әmәlә gәtirir. Bundan sonra protoplast matriksi ilkin tәbәqәnin bilavasitә davamı olan H. d.-nın özünü formalaşdırır. Göbәlәklәrdә H.d. qatı içәrisindә fibrilsiz peptidoqlikanlardan ibarәt orta qat әməlә gәlir. Bitkilәrdә ilkin vә ikinci H.d. fәrqlәndirilir. Birincisi hüceyrәlәrin böyümәsi zamanı әmәlә gәlir vә o, qurtardıqdan az sonra başa çatır; buna az miqdarda nizamsız mikro- vә makrofibrillәr daxildir ki, bu da hüceyrә böyüdükcә onun divarının dartılmasına imkan verir. Bәzi ali bitkilәrin hüceyrәlәrinin ilkin H.d.-nın içәri tәrәfi üzәrindә bir-birinә paralel olaraq kip yerlәşmiş, aydın görünәn qatqat quruluşlu mikro- vә makrofibrillәrә malik ikinci H.d.-ı әmәlә gәlir. İkinci H.d.-nın müxtәlif qatlarındakı fibrillәr müxtәlif istiqamәtlәrә yönәldiklәrindәn dartılmaz olur. H.d. әhәnglәşmәyә (mәs., “әhәngli” göy-yaşıl vә qırmızı yosunlarda), silisiumlaşmağa (mәs., qatırquyruğunda), oduncaqlaşmaya (borulu bitkilәrdә), mantarlaşmaya (ali bitkilәrdә), pektin-hemiselluloz matriksin kallozla әvәzlәnmәsinә (floema elementlәrinin әlәyәbәnzәr sahәlәrindә) mәruz qalabilir.
H.d. hüceyrәnin xarici skeleti, qoruyucu örtüyü, su rejiminin tәnzimlәyicisi funksiyalarını yerinә yetirir, metabolik proseslәrdә iştirak edir, әtraf mühitdәn gәlәn siqnalları hüceyrә daxilinә ötürür. Toxum en dospermasındakı H.d.-nın hemisellulozları rüşeym (xurma, palmalarda) üçün ehtiyat qida maddәsidir. Ali bitkilәrin bәzi hüceyrәlәri yetkin mәrhәlәdә protoplastdan mәhrum olur vә yalnız H.d. (mәs., fellema hüceyrәlәri, ksilemanın keçirici elementlәri) ilә tәmsil olunur; oduncaq әsasәn ölü hüceyrәlәrin H.d.-dan tәşkil olunmuşdur. Əslindә ağac emalı vә selluloz-kağız sәnayesi, viskoz istehsalı, hәmçinin tibb, qida vә kosmetika sәnayesi üçün aqar vә alginatların alınması üçün xammal mәhz H.d.-dır. Bakteriyaların hüceyrә divarı haqqında Bakteriyalar mәqalәsinә bax.
Əd.: Ботаника с основами фитоценологии: анатомия и морфология растений. М., 2007.










