HÜCEYRƏ MÜHƏNDİSLİYİ – yeni xassәlәrә malik hüceyrәlәri yaratmağa imkan verәn hüceyrә biologiyası metodlarının mәcmusu. H.m. 19 әsrin sonlarında, tәcrid edilmiş bitki toxumaları hissәciklәrinin qidalı mühitdә yetişdirilmәsinә ilk cәhdlәr başlanandan meydana gәlmişdir. 1907 ildә Amerika bioloqu R.Harrison limfa damcısında qurbağa embrionunun sinir sistemi
rüşeyminin hüceyrәlәrini yetişdirmәyә müvәffәq oldu. 20 әsrin 1-ci rübündә heyvan hüceyrәlәrinin qan plazmasında yetişdirilmәsi metodu tәklif olundu (bax Hüceyrә vә toxumaların kulturası). Sonralar bitki, heyvan vә insan hüceyrәlәrinin kulturalarının müxtәlif variantlarını әldә etmәk üçün üsullar, hibridlәşdirmә metodları, ayrı-ayrı orqanel vә ya zülalların hüceyrә daxilinә ötürülmәsi, orqanellәrin konstruksiya edilmәsinin vә gen mühәndisliyinin üsulları işlәnib hazırlandı.
H.m.-nin әsasını tәşkil edәn metod, hüceyrә vә toxuma kulturası ilә yanaşı, hibridlәşdirmә – kultivasiya vә ya orqanizmdәn tәcrid edilmiş şәraitdә yetişdirilәn müxtәlif hüceyrәlәrin (vә ya onların hissәlәrinin) birlәşdirilmәsi metodudur; o müxtәlif növlәrә vә hәtta alәmlәrә aid olan orqanizmlәrin hüceyrәlәrini (mәs., insan hüceyrәlәri ilә yer kökü hüceyrәlәrini) birlәşdirmәyә imkan verir. Onun vasitәsilә hüceyrәnin hәm genetik aparatını, hәm dә onların ploidliyini (xromosom dәstlәrinin sayını) dәyişdirmәk mümkündür. O, birlәşdirilmiş hüceyrәnin sitoplazmasında müxtәlif mәnşәli orqanonellәrin (mәs., nüvә, sentrosomlar, mitoxondrilәr) kombinә olunmasına imkan yaradır. Bir hüceyrәnin nüvә fraqmentinin (karioplastın) digәr bir hüceyrәnin sitoplazmatik fraqmenti (sitoplast) ilә birlәşdirilmәsindәn yenidәn qurulmuş bir hüceyrә yaranır. Orqanizmlәrin klonlaşdırılmasının әsasında somatik hüceyrәlәrdәn götürül müşnüvәnin әvvәlcәdәn öz nüvәsi çıxarılmış yumurtahüceyrәyә köçürülmәsi texnologiyası durur. DNT fraqmentlәrindәn ibarәt konstruksiyaların daxil edilmәsi hüceyrәnin genomunu elә dәyişmәyә imkan verir ki, ya onda bәzi genlәrin hiperekspressiyası baş verir, ya bir sıra genlәrin ekspressiyası dayanır, ya da verilmiş hüceyrә üçün yad olan genlәrin ekspersiyası baş verir. Bu üsullardan istifadә edәrәk, hәm orqanizmdәn kәnarda yetişdirmәk üçün transgen hüceyrәlәr, hәm dә qabaqcadan verilmiş xassәlәrә malik transgen orqanizmlәr әldә etmәk olar. RNT-nin (onu interferensiya edәn RNT adlandırırlar) müәyyәn fragmentlәrinin hüceyrәlәrә daxil edilmәsi bu vә ya digәr genlәrin ekspressiyası prosesinin qısa vә ya uzun müddәt әrzindә dayanmasına gәtirib çıxarır.
H.m.-ndәn hәm hüceyrә biologiyasının bir çox nәzәri problemlәrinin (nüvә vә sitoplazmanın qarşılıqlı әlaqәsinin, hüceyrә diferensiasiyası mexanizminin vә hüceyrә tsiklinin tәnzimlәnmәsinin, normal hüceyrәlәrin şiş hüceyrәlәrinә çevrilmәsinin vә s. öyrәnilmәsi), hәm dә tibbin vә kәnd tәsәrrüfatının praktiki mәsәlәlәrinin hәlli üçün istifadә olunur. Biotexnologiyanın tәrkib hissәsi olaraq H.m. monoklonal anticismlәr yaradan hüceyrәlәrin yüksәk mәhsuldarlıqlı xәtlәrinin alınması, әtraf mühitin әlverişsiz amillәrinә, xәstәlik vә zәrәrvericilәrә qarşı davamlı, sürәtli böyümә qabiliyyәtli, meyvәlәrinin saxlanma müddәti uzun, keyfiyyәti yüksәk, sayı çox olan yeni bitki formalarının yaradılması üçün tәtbiq edilir.
O, ayrı-ayrı orqanizmlәrin genotipini saxlamağa vә bütöv növlәrin genefond bankını yaratmağa, vaksinlәrin alınmasına (mәs., qızılca, poliomielitә qarşı), transplantasiya üçün material kimi istifadә oluna bilәcәk toxuma (toxuma mühәndisliyi) vә orqanların modellәşdirilmәsinә, bioetikanın heyvanların öldürülmәsilә bağlı bir çox problemlәrini aradan qaldırmağa imkan verir. Orqanizmdәn kәnarda yetişdirilmiş hüceyrә konstruksiyaları orqanizmә daxil edildikdә mәs., orqanizmin zәdәlәnmiş hissәlәrindә qan damarlarının vә ya sinir çıxıntılarının inkişafını güclәndirә, oynaqları әvәz edә, yanıqlar, yaxud digәr zәdәlәnmәlәr nәticәsindә pozulmuş dәri örtüyünü bәrpa etmәyә kömәk edә bilәr.
Əd.: Р и н г е р ц Н., С э в и д ж Р. Гибридные клетки. М., 1979; Клеточная инженерия. М., 1987; Биология культивируемых клеток и биотехнология растений. М., 1991; В о л о в а Т. Г. Биотехнология. Новосиб., 1999.










