HÜCEYRƏ VƏ TOXUMALARIN KULTURASI – orqanizmdәn kәnarda (invitro) yetişdirilmiş hüceyrәlәr, toxuma parçaları vә ya orqanların rüşeymlәri. Hüceyrә vә toxuma yetişdirilmәsinin әsasında sterilliyә ciddi riayәt edilmәsi vә yetişdirilәn hüceyrәlәrin hәyat fәaliyyәtini tәmin edәn vә hüceyrәlәrin orqanizmdә qarşılıqlı fәaliyyәtdә olduğu mühitә maksimum yaxın olan xüsusi qidalı mühitdәn istifadә edilmәsi durur. H. vә t.k.-nın alınması metodu eksperimental biologiyada çox mühüm әhәmiyyәtә malikdir. H. vә t.k. dondurula vә maye azot temprunda (–196°C) uzun müddәt saxlanıla bilәr. Amerikan alimi R.Harrison 1907 ildә qurbağanın sinir sistemi rüşeyminin bir parçasını limfa laxtasında yerlәşdirmәklә heyvan hüceyrәlәrinin yetişdirilmәsinin әsasını qoyan tәcrübә hәyata keçirmişdir. Rüşeym hüceyrәlәri bir neçә hәftә sağ qalmış vә onlardan sinir liflәri boy atmışdır. Sonralar bu metod qidalı mühit kimi qan plazması vә rüşeym toxumaları cövhәrindәn istifadә etmiş A.Karrel (Fransa), M.Berrouz (ABŞ), A.A.Maksimov (Rusiya) vә digәr alimlәr tәrәfindәn tәkmillәşdirilmişdir. Bundan sonra H. vә t.k.-nın alınmasında müvәffәqiyyәtlәrin әldә edilmәsi müxtәlif tipli hüceyrәlәrin yetişdirilmәsi üçün müәyyәn kimyәvi tәrkibin işlәnib hazırlanması ilә bağlı olmuşdur. Onlar adәtәn duzlar, amin turşuları, vitaminlәr, qlükoza, boy amillәri, kulturanın bakteriya vә mikroskopik göbәlәklәrlә yoluxmasının qarşısını alan antibiotiklәrdәn ibarәt olur. Bitkilәrdә H. vә t. k. metodunun yaradılmasının (yer kökü floeması parçasında) әsası 1958 ildә F.Stüard (ABŞ) tәrәfindәn qoyulmuşdur.
İnsan vә heyvan hüceyrәlәrinin yetişdirilmәsi üçün müxtәlif mәnşәli hüceyrәlәrdәn – epiteli (qara ciyәr, ağ ciyәrlәr, süd vәzisi, dәri, sidik kisәsi, böyrәk), birlәşdirici toxuma (fibroblastlar), skelet (sümük vә qığırdaq), әzәlә (skelet vә ürәk әzәlәlәri, saya әzәlәlәr), sinir sistemi (qlial hüceyrәlәr vә neyronlar), vәzili, hormon ifraz edәn (böyrәküstü vәzi, hipofiz, Langerhans adacıqlarının hüceyrәlәri), melanosit vә müxtәlif tipli şiş hüceyrәlәrindәn istifadә oluna bilәr. Onların yetişdirilmәsinin 2 istiqamәti müәyyәn edilir: hüceyrә kulturası vә orqan kulturası (orqanların vә toxumaların kulturası). Sürәtlә proliferasiya edәn genetik cәhәtdәn bircinsli populyasiyanın hüceyrә kulturasını almaq üçün orqanizmdәn toxumanın bir parçası (adәtәn 1 mm3 ölçüyәdәk) götürülür, müvafiq fermentlәrlә işlәnilir (hüceyrәarası әlaqәlәri qırmaq üçün) vә alınan suspenziya qidalı mühitә keçirilir. Embrional toxumalardan alınan kulturalar yetkin orqanizmdәn alınmış uyğun toxumalara nisbәtәn daha yaxşı sağqalma, daha fәal böyümәlәri ilә (diferensiasiya sәviyyәsinin aşağı olması vә embrionlarda kök hüceyrәlәrinin olduğuna görә) sәciyyәlәnir. Normal toxumalar mәhdud hәyat müddәtinә malik (Heyflik hüdudu) kulturalara başlanğıc verir, şişlәrdәn alınan kulturalar isә qeyri-mәhdud müddәt әrzindә proliferasiya etmәk qabiliyyәtinә malikdir. Lakin, hәtta normal hüceyrәlәrin kulturasında belә bәzi hüceyrәlәr spontan olaraq immortallaşır, yәni ölmәz olurlar. Onlar sağ qalır vә qeyri-mәhdud hәyat müddәtinә malik hüceyrә xәtlәrinә başlanğıc verir. Başlanğıc olaraq hüceyrә xәtti hüceyrә populyasiyası vә ya ayrıca bir hüceyrәdәn alına bilәr. Sonuncu halda ona klon xәtti vә ya sadәcә klon deyilir. Uzun -müddәtli yetişdirilmә zamanı müxtәlif amillәrin tәsiri altında normal hüceyrәlәrin xüsusiyyәtlәri dәyişir, әsas әlamәtlәri hüceyrәlәrin morfologiyasının pozulması, xromosomların sayının dәyişmәsi (aneuploidiya) olan transformasiya baş verir. Transformasiyanın yüksәk dәrәcәsindә belә hüceyrәlәrin heyvanlara keçirilmәsi şişin yaranmasına sәbәb ola bilәr. Orqan kulturasında toxumanın struktur tәşkili, hüceyrәarası qarşılıqlı tәsiri qalır, histoloji vә biokimyәvi diferensiasiya saxlanır. Hormonlardan asılı olan toxumalar onlara qarşı hәssaslıqlarını vә sәciyyәvi cavablarını saxlayır, vәzili hüceyrәlәr spesifik hormonlar ifraz etmәyә davam edir vә s. Belә kulturalar kultural qabda qidalı mühitin sәthi üzәrindә sәrbәst üzәn salcıqlar (kağızdan, millipordan) vә ya metal tor üzәrindә yetişdirilir.
Bitkilәrdә hüceyrә becәrilmәsi ümumilikdә heyvanlarda olan eyni prinsiplәrә әsaslanır. Becәrilmә üsullarında fәrqlәr isә bitki hüceyrәlәrinin struktur vә biol. xüsusiyyәtlәri ilә müәyyәnlәşdirilir. Bitki toxumalarının әksәr hüceyrәlәri totipotentlik xüsusiyyәtinә malikdir, yәni belә hüceyrәlәrin birindәn müәyyәn şәraitdә tam bitki inkişaf edә bilәr. Bitki hüceyrәlәrinin kulturasını almaq üçün içәrisindә canlı hüceyrәlәr olan istәnilәn toxumanın (mәs., kallus) vә ya orqanın (kök, gövdә, yarpaq) bir parçasından istifadә edilir. O, içәrisindә mineral duzlar, vitaminlәr, karbohidratlar vә fitohormonlar (çox vaxt sitokinlәr vә auksinlәr) olan qidalı mühitә yerlәşdirilir. Bitki kulturaları 22–27°C temp-rda qaranlıq vә ya işıqlı yerdә saxlanılır.
H. vә t.k. biologiya vә tibbin müxtәlif sahәlәrindә geniş tәtbiq edilir. Somatik hüceyrәlәrin (cinsiyyәt hüceyrәlәrindәn başqa orqanizmin bütün orqan vә toxumalarının hüceyrәlәri) orqanizmdәn kәnarda yetişdirilmәsi ali orqanizmlәrin genetikasının öyrәnilmәsinin klassik genetika metodları ilә yanaşı molekulyar biologiya metodlarından istifadә edәn yeni üsullarının da inkişafı üçün imkanlar müәyyәnlәşdirdi. Mәmәlilәrin somatik hüceyrәlәrinin molekulyar genetikasının daha çox inkişaf etmәsi insan hüceyrәlәri üzәrindә birbaşa tәcrübәlәrin aparılması imkanlarının meydana çıxması ilә әlaqәdardır. H. vә t.k.-ndan genlәrin ekspressiyasının, erkәn embrional inkişaf, diferensiasiya vә proliferasiya, nüvә vә sitoplazmasının, hüceyrәnin mühitlә qarşılıqlı fәaliyyәti, müxtәlif kimyәvi vә fiziki tәsirlәrә adaptasiya, qocalma, bәdxassәli transformasiya vә s. kimi ümum bioloji problemlәrin mexanizminin müәyyәnlәşdirilmәsi, irsi xәstәliklәrin diaqnostika vә müalicәsi mәqsәdilә istifadә edilir. Test obyekti kimi hüceyrә kulturaları yeni farmakoloji vasitәlәrin sınaqdan keçirilmәsi zamanı heyvanlardan istifadәyә alternativdir. Onlardan transgen bitkilәrin alınması, klonal çoxaldılma zamanı istifadә edilir. Hüceyrә kulturaları hibridlәrin yaradılması zamanı biotexnologiyada, vaksin vә biol. fәal maddәlәrin istehsalında mühüm rol oynayır. Bax hәmçinin Hüceyrә mühәndisliyi.
Əd.: Методы культивирования клеток. Л., 1988; Культура животных клеток. Методы / Под ред. Р.Фрешни. М., 1989; Биология культивируемых клеток и биотехнология растений. М., 1991; F r e s h n e y R.I. Culture of animal cells: a manual of basic technique. 5th ed. Hoboken, 2005.










