HÜCVİRİ (الهجويرى ), Ə b ü l - H ә s әn Ə l i i b n O s m a n i b n Ə b i Ə l i ә l - C ü l l a b i ә l - H ü c v i r i (?, Əfqanıstan, Qәzni ş., Hücvir – 1072, yaxud 1077, Pakistan, Lahor) – sufi mütәfәkkir. İran, yaxud hind әsillidir. Daha çox Data Gәnc bәxş (xәzinә bağışlayan ulu övliya) adı ilә tanınmışdır. İlk tәhsilini atasından almışdır. Bir çox yerlәrә sәyahәt etmiş, dövrünün böyük sufilәri (Əbu Sәid Əbülxeyr, Əbülqasim Quşeyri) ilә görüşmüşdür. Əbülabbas Şәqqani, Əbülqasim Cürcani vә Müzәffәr ibn Əhmәd ibn Hәmdandan faydalanmışdır. Mürşidi Əbülfәzl Xüttәli ilә Dәmәşqdә tanış olmuş, onunla birlikdә Azәrb.-a gәlmişdir. Mürşidinin vәfatından sonra dostları Əhmәd ibn Hәmmad Sәrәxsi vә Əbu Sәid Hücviri ilә birgә Hindistana yollanmışdır; Lahorda islamı yaymışdır. Tәsәvvüfün nәzәri vә әmәli mövzularını farsca әn mәşhur әsәri olan “Kәşfül-mәhcub”da ilk dәfә sistemli şәkildә işlәmişdir. Əsәrin yazılmasında Əbu Nәsr Sәrrac Tusi (“әl-Lümә”) vә Sülәmidәn (“Tәbәqatüs-sufiyyә”) bәhrәlәnmişdir. Birinci hissәdә tәsәvvüfün nәzәri problemlәri, 74 sufi şeyxinin bioqrafiyası, elәcә dә 12 sufi mәktәbi haqqında mәlumatlar yer alır. “Kәşfül-hicab” adlanan ikinci hissәdә fәlsәfi müddәalar, şәriәt normalarına uyğun mistik “yol” un doktrina vә praktikası, hәmçinin sufizmdә qәbul edilmiş texniki terminlәr vә s. tәhlil edilmişdir. Əsәr sonrakı dövr sufi әdәbiyyatına böyük tәsir göstәrmiş, F.Əttar (“Tәzkirәtül-övliya), Ə.Cami (“Nәfәhat әlüns”) vә digәr müәlliflәr ondan sitatlar gәtirmişlәr.
Lahorda H.-nin mәzarı üzәrindә inşa olunmuş türbә yanındakı mәscidlә birlikdә “Data dәrbar” ziyarәtgah kompleksini tәşkil edir. İlin müәyyәn günlәrindә sufi mәrasimlәrinin keçirildiyi bu kompleks Cәnubi Asiyada әn böyük sufi ziyarәtgahıdır.










