HÜDAYİ Əziz Mahmud (1541, Türkiyә, Şәrәfliqoçhisar – 1628, İstanbul) – sufi mütәfәkkir, şair. Mәnbәlәrә görә, soy şәcәrәsi Cüneyd Bağdadiyә çatır. İlk tәhsilini Sivri hisarda almış, daha sonra İstanbulda mәdrәsәdә davam etdirmişdir. Müәllimi Nazirzadә Ramazan Əfәndi ilә birlikdә Şama vә Misirә getmiş, Kәrimәddin әl-Xәlvәtidәn faydalanmışdır. Misirdәn qayıtdıqdan sonra Bursada müdәrrislik etmişdir. Bir müddәt sonra müdәrrisliyi buraxaraq Muhyiddin Üftadәnin rәhbәrliyi altında “seyrü süluk”u (sufi praktikası) tamamlamış, “Hüdayi” (doğru yola mәnsub) tәxәllüsünü dә ondan almışdır. Şeyxülislam Xoca Sәәdәddin Əfәndinin tәyinatı ilә Kiçik Ayasofya mәscidindә 8 il şeyxlik etmişdir. 1589–95 illәrdә öz tәkyәsini qurmuş, çox sayda mürid yetişdirmişdir. Türbәsi İstanbulda mühüm ziyarәtgahlardan biridir.
H.-nin dövrün bütün hökmdarları ilә yaxın әlaqәsi olmuş, onlara mәslәhәtlәr vermişdir. Fәrhad paşa ilә birlikdә Tәbriz sәfәrindә iştirak etmişdir. Xәlәflәri vә otuza yaxın әsәrilә Anadolu vә Balkanların dini-tәsәvvüfi hәyatında mühüm rolu olmuş H. mәnbәlәrdә “qütbül-әqtab”, “sahibi-zaman”, “mürşidi kamil” kimi adlarla xatırlanır. İstanbulun әn mühüm tәsәvvüf vә mәdәni mәrkәzi olan tәkyәsindә görkәmli elm adamları, şeyx vә musiqişünaslar yetişmişdir. H. heca vә әruz vәznindә şeirlәr yazmış, onların bәzilәrinә musiqi bәstәlәmişdir. Tәsәvvüfә dair әrәb vә türk dillәrindә әsәrlәrin müәllifidir.










