HÜDEYBİYYƏ SÜLHÜ (628) – Mәdinә islam dövlәti ilә Mәkkә arasında imzalanmış razılaşma. H.s. hәr iki tәrәf üçün mövcud durumdan çıxmağın әn optimal yolu idi. Belә ki, Mәdinә şәhәr-dövlәti c.-da Mәkkәnin, şm.-da isә bir tәrәfdәn yәhudilәrin mühüm mәrkәzi olan Xeybәr ş.-nin, digәr tәrәfdәn qarәtçi Qәtәfan vә Fәzarә qәbilәlәrinin tәhdidi altında idi. Mәkkә isә әsas ticarәt yollarının müsәlmanların nәzarәtindә olması sәbәbindәn bir növ iqtisadi blokadada qalmışdı. Belә bir şәraitdә Mәhәmmәd peyğәmbәr 627 ilin aprelindә Mәkkәnin kasıb әhalisinә vә şәhәr hakimi Əbu Süfyana hәdiyyәlәr göndәrdi. Bir müddәt sonra ümrә ziyarәti mәqsәdilә 1500 nәfәrlik dәstә ilә birlikdә Mәdinәdәn Mәkkәyә yollandı. Müsәlmanların Kәbәyә çatmaqda, qüreyşilәrin isә onları şәhәrә buraxmamaqda israrlı olması döyüşü qaçılmaz etmişdi. Peyğәmbәr Mәkkәdәn 17 km q.-dә, Hüdeybiyyә adlı yerdә dayanmaq göstәrişi verdi. Bir neçә dәfә elçilәr mübadilәsindәn sonra 628 ilin martında Hüdeybiyyәdә Əli ibn Əbu Talibin yazdığı razılaşmanın mәtni imzalandı. Razılaşmaya görә, müsәlmanlar geri qayıdaraq ziyarәtә növbәti il gedәcәk; Mәdinәyә sığınan hәr hansı mәkkәli geri qaytarılacaq, qaçan müsәlman isә geri verilmәyәcәk; razılıq 10 il qüvvәdә olacaq; tәrәflәrin müttәfiqlәri dә razılaşmanın şәrtlәrinә tabe olacaqdılar.
İslam tarixindә mühüm dönüş nöqtәsi olmuş H.s. müsәlmanların bölgәdәki sәrbәstliyini xeyli artırdı; Mәkkә elitasının Mәdinәni özünә bәrabәr qüvvәli şәhәr-dövlәt kimi rәsmәn tanımasını vә bununla da әtraf qәbilәlәr arasında müsәlmanların nüfuzunun artmasını tәmin etdi; Xeybәrin fәthi (629) vә Mәkkәnin fәthi (630) üçün zәmin hazırladı. İki il sonra qüreyşilәrin H.s.-nün şәrtlәrini pozması Mәkkәnin müsәlmanlar tәrәfindәn fәthi ilә nәticәlәndi. Quranın “Fәth” surәsindә (1 vә 27-ci ayәlәr) işarә olunan H.s. islamın zәfәri kimi sәciyyәlәndirilir.










