HÜDUDLAYICI TİKİLİLƏR, h ü d u d l a y ı c ı q u r ğ u l a r – liman, tәrsanә vә qurudulan әrazilәri daşqın, axın, buz vә digәr tәsirlәrdәn qorumaq üçün hidrotexniki tikililәr. Liman H.t.-i dәnizin, gölün, su anbarının açıq vә ya qismәn mühafizә olunan sahillәrindә qurulur. Sahil xәttinә nәzәrәn yerlәşmәsinә görә sahil bәndinә (şaquli vә ya maili divar şәklindә hüdudlayıcı hidrotexniki tikili) vә dalğaqırana ayrılır. Buzdan mühafizә üçün buzkәsәnlәr vә buzdanqoruyan dambalardan istifadә edilir. Yerli şәraitdәn, sahil xәttinin formasından, dalğalanmanın istiqamәti vә xarakterindәn, hәmçinin portun tәyinatından asılı olaraq reydlәr vә havanlar bir, yaxud bir neçә sahil bәndi vә dalğaqıranla, ya da sahil bәndi vә dalğaqıran sistemlәri ilә mühafizә oluna bilәr. Bu zaman H.t. hesablanmış ölçülәrdә lazımi sayda gәmilәrin dayanması vә manevr etmәsi üçün rahat akvatoriya yaratmalıdır. Gәmilәrin istәnilәn havada sәrbәst hәrәkәti üçün sahil bәndi ilә dalğaqıran arasında port keçidi qoyulur. Akvatoriyanın forması vә H.t.-in yerlәşmәsi port keçidindәn daxil olan dalğaların söndürülmәsini tәmin etmәlidir. H.t. dayanıqlığın tәmin edilmәsi üsuluna görә qravitasiyalı (dayanıqlığı öz çәkisi hesabına tәmin edilir) vә yortaclı (özülündә yortaclardan istifadә edilir), suyun nüfuz etmәsinә görә divarı bütöv vә ya giriş-çıxışlı (dalğasöndürәn konstruksiya yalnız yuxarı hissәdә yerlәşir) olur. Bütöv qravitasiyalı H.t. daha geniş yayılmışdır. Ərazinin qurudulmasındakı H.t. kompleksi hüdudlayıcı şәbәkә adlanır; buraya qapalı (tutucu drenlәr vә sahil drenlәri) vә açıq (dağlıq-tutucu kanallar) şәbәkәlәr vә bәndçәkәn dambalar daxildir.










