HÜQUQ (әr. حقوق; حق – haqq sözünün cәmi) – dövlәt hakimiyyәti tәrәfindәn norma vә prinsiplәr formasında müәyyәnlәşdirilmiş, yaxud sanksiyalaşdırılmış ümum icbari qaydaların mәcmusu. İctimai inkişafın erkәn mәrhәlәsindә bu funksiyanı adәt hüququ yerinә yetirirdi. Tәdricәn bütün hüquqi qaydalar korpusu vә onların әsasında aparılan müvafiq tәhqiqat proseduru istisnasız olaraq dövlәtin işinә çevrildi; dövlәt konkret norma vә prinsiplәrin kömәyi ilә vәtәndaşların, dövlәt orqanlarının, ictimai idarә vә tәşkilatların vәzifәli şәxslәrinin vә s. hüquq vә vәzifәlәrini müәyyәnlәşdirmәyә başladı.
Hüquqi sәciyyәli ümumicbari sosial normalar (davranış qaydaları) dәstindә dövlәtin müәyyәnlәşdirdiyi vә tәmin etdiyi qaydalar (pozitiv hüquq) vә tәbiәtin, şüurlu insan birgәyaşayışının tәlәblәrindәn doğan qaydalar (tәbii hüquq) fәrqlәndirilir. Tәbii hüquq tәrәfdarlarının görüşlәrinә әsasәn H. tәbii şәkildә yaranmış, dövlәtdәn әvvәl meydana gәlmiş, Allah tәrәfindәn bәxş edilmiş, yaxud tәbii mәnşәyinә görә daim dәyişmәz mövcud olmuşdur, odur ki, dövlәt insanın tәbii hüquq vә azadlıqlarına (yaşamaq hüququ, fikir azadlığı hüququ, mülkiyyәt hüququ, nikah vә nәsli davam etdirmәk hüququ, dövlәtdә birlәşmәk hüququ) hörmәt vә riayәt etmәlidir.
Tarixәn mövcud olmuş bütün cәmiyyәtlәrdә H. mövcud sosial institutların kömәyi ilә insanların hüquqi ünsiyyәtini dәstәklәyir vә istiqamәtlәndirir, o bunu hәyat fәaliyyәtinin müxtәlif sahәlәrindә – siyasi, iqtisadi vә sosial sahәdә hәyata keçirir, barışıq, cәzalandırma, elәcә dә hәvәslәndirmәnin mühüm vә çox vaxt әvәzsiz kömәkçi vasitәsi rolunu icra edir. Bu mәqsәd vә vәzifәlәrә çatmaqda H-dan praktiki istifadә üçün hüquqi ünsiyyәtin bütün iştirakçıları üçün hüquq vә vәzifәlәrin qarşılıqlığı vә ekvivalentliyi, hәmçinin maraqların münaqişәsi ilә әla qәdar fikir ayrılıqları zamanı әdalәt mühakimәsi tәminatına zәmanәtin mövcudluğu xüsusilә vacibdir.
Yazılı vә adәt (yazılmayan), dünyәvi vә dini, milli (dövlәtdaxili) vә beynәlxalq H. fәrqlәndirlir. Yazılı H. ayrı-ayrı qanunlar vә onların topluları, hәmçinin mәhkәmә presedentlәri şәklindә mövcuddur. Hәcmindәn vә tәnzimlәmә istiqamәtindәn asılı olaraq H. müxtәlif sahәlәrә (Aqrar hüquq, Su hüququ, Torpaq hüququ, Cinayәt hüququ vә s.) bölünür. Sahәlәrarası hüquqi normaların topluları (sahibkarlıq hüququ) da mövcuddur. Müasir dünyada beynәlxalq hüququn hamı tәrәfindәn tanınan prinsip vә normaları xüsusi әhәmiyyәt daşıyır.
H. sosial-normativ tәnzimlәyici kimi cәmiyyәtin hüquq mәdәniyyәtinin ayrılmaz elementini tәşkil edir. Hüquqi tәnzimlәmә maraq, iradә, vәzifә, icazә, qadağa kimi adi insani sәy vә davranışlara xüsusi mәna verir. Ümumi sosial tәyinatlı qayda vә prinsiplәr H.-un reallaşması prosesindә özünәmәxsus olur (nümayәndәli vә mәsuliyyәtli idarәçiliyin tәmin edilmәsindә demokratiya prinsipi; qanun vә mәhkәmә qarşısında bәrabәrlik kimi hüquq bәrabәrliyi prinsipi; formallaşdırılmış bәrabәrlik tәlәblәrinin razılıqlı tәtbiqi şәklindә әdalәt prinsipi; qanunçuluq vә faydalılıq prinsipi; hüquq vә azadlıqların vәzifәlәrlә ayrılmaz vәhdәti prinsipi; qanunun tәlәblәrinә dәqiq vә qәti surәtdә әmәl olunması kimi qanun çuluq prinsipi; beynәlxalq vә dövlәtdaxili hüququn qarşılıqlı iyerarxik tabeçiliyi prinsipi).
H. Qәdim Roma hüququ dövründәn ümumi hüquqa (konstitusiya H.-u, inzibati H., maliyyә H.-u, cinayәt H.-u, mәhkәmә H.-u, beynәlxalq ümumi H.) vә xüsusi hüquqa (әnәnәvi olaraq onun әsasını mülki hüquq tәşkil edir) ayrılır.
Milli H. sistemi qrupları da fәrqlәndirilir (bax Hüquq ailәsi).
H. vә dövlәtin qarşılıqlı münasibәtinin әn sadә şәrhini bütün H. sahәlәrinin reallaşmasında dövlәtin rolunu ifrat yüksәltmәklә tanınan hüquqi pozitivizm cәrәyanının tәrәfdarları vermişlәr; onlar dövlәti formalaşma vә yaradılma mәrhәlәsindәn tutmuş sanksiyalaşdırma vә dәstәklәmәdәn imtinaya qәdәr qanunla eynilәşdirirdilәr. 19 әsrin 2-ci yarısında H.-un elmi araşdırılmasının әhәmiyyәtli dәrәcәdә genişlәnmәsi hüquqşünaslıqda sosioloji, antropoloji, psixoloji vә s. mәktәblәrin yaranması ilә nәticәlәndi. 20 әsrin sonlarında H.-un hermenevtika, fenomenologiya, psixoanaliz, struktur-sistem yanaşması, kommunikasiya nәzәriyyәsi mövqeyindәn öyrәnilmәsi geniş yayıldı.
H.-un sosial institut kimi qavranılmasın da h ü q u q a n l a m ı mühüm әhәmiyyәtә malikdir. 21 әsrdә formallaşdırılmış bәrabәrlik, ümumi vә zәruri azadlıq ölçüsü, norma-tәlәblәrin bәrabәr, әdalәtli vә ağıllıfaydalı tәtbiqi şәklindә ümumicbari әdalәt ölçüsü kimi bir neçә ümumicbari qaydatәlәbin mәcmusu olaraq başa düşülәn çox - aspektli hüquq anlamı daha adekvat hesab edilir. 21 әsrdә әksәr dövlәtlәrdә üstünlük tәşkil edәn nisbәtәn dar hüquq anlamı H.-un hansısa bir atributunu (mәs., dövlәtin qәbul etdiyi norma kimi) vurğulayır.










