HÜQUQ DÜŞÜNCƏSİ – ictimai şüur növlәrindәn biri; hüquqi gerçәkliyin psixi inikası, yәni obyektiv hüquqa, subyektiv hüquq vә vәzifәlәrә, hәmçinin onları müәyyәnlәşdirәn sosial institutlara (ilk növbәdә dövlәtә) dair ideyalar, görüşlәr, mülahizәlәr, tәsәvvürlәr, tәlәblәr, qiymәtlәndirmәlәr, emosiyalar, әhvali-ruhiyyәlәr, hisslәr vә s.-nin mәcmusu.
H.d. (hüquqi mәtnlәr vә hüquqi münasibәtlәrlә birlikdә) hüququn xarici ifadә vә varlıq formalarından biridir. Hüquq insanın hәyat fәaliyyәtindә (hüquqi münasibәtlәrdә) sosial cәhәtdәn tipik, “normal” vә buna görәdә lazım olan davranış modellәrini tәsbit edir. Fәaliyyәt isә şüurun tәnzimlәyici rolu olmadan mümkün deyil. Ona görә hüququn vacib bildiyi davranış nümunәlәri, bir tәrәfdәn, hüquqi qarşılıqlı fәaliyyәtin әvvәlki tәcrübәsini әks etdirmәli vә özündә cәmlәmәli, müәyyәn münasibәtlәrin H.d. tәrәfindәn lazımi, normal, düzgün, yaxud әksinә, deviant kimi qiymәtlәndirmәsinin nәticәsi olmalı, digәr tәrәfdәn, H.d. onları qәbul vә tәqdir etmәlidir. Belәliklә, hüquq normaları vә subyektiv hüquq vә vәzifәlәr hәmişә H.d. formasında tәqdim olunur.
H.d. mürәkkәb çoxölçülü tam kimi müxtәlif әsaslara görә strukturlaşdırılır. Hüquqi gerçәkliyin inikası sәviyyәsindәn asılı olaraq nәzәri vә praktiki H.d. ayırd edilir. Nәzәri H.d. hüququn vә onunla bağlı olan sosial hadisәlәrin xüsusi öyrәnilmәsi әsasında formalaşır. O, sosial-hüquqi inkişaf qanunauyğunluqlarının hüquq nәzәriyyәlәri, konsepsiyaları, doktrinaları vә s. şәklindә sistemlәşdirilmiş bilgisindәn, ümumilәşdirmәsindәn ibarәtdir. Praktiki H.d. insanın praktiki fәaliyyәti prosesindә tәşәkkül tapır vә ona hüquq sahәsindә düzgün istiqamәtlәnmәnin gündәlik vasitәsi kimi xidmәt edir.
Hüququn inikası üsulundan asılı olaraq hüquq ideologiyasını vә hüquq psixologiyasını fәrqlәndirirlәr. Hüquq ideologiyası hüquqa vә onu şәrtlәndirәn sosial institutlara rasional münasibәt sahәsidir, onun әsasında hüquqi biliklәr vә hüquqi ünsiyyәt vәrdişlәri durur. Hüquq psixologiyası hüquqi gerçәkliyin emosional qiymәtverici mülahizәlәr, әhvali-ruhiyyәlәr, rәylәr vә hәyәcanlardan ibarәt hissi qavranılmasıdır.
H.d. subyektindәn (daşıyıcısından) asılı olaraq ictimai, fәrdi vә qrup H.d. növlәri var. İctimai H.d. bütövlükdә cәmiyyәt sәviyyәsindә fәaliyyәt göstәrәn hüquqi biliklәr, tәsәvvürlәr, hisslәrdir; fәrdi H.d. konkret insanın H.d.-dir; qrup H.d. hüquqi gerçәkliyin hәm real (әmәk, tәdris, hәrbi vә s. bu kimi formal, hәmçinin qeyri-formal kollektivlәr), hәm dә şәrti (gәnclәr, dövlәt qulluqçuları, cinayәtkarlar vә s.) sosial qruplar üçün sәciyyәvi olan inikas spesifikasıdır. Subyektin (daşıyıcının) say әlamәtlәrindәn çıxış edәrәk kütlәvi H.d. vә xüsusilәşmiş H.d.-ni ayırmaq olar. Kütlәvi H.d. sosial tipikliyi vә praktiki fәaliyyәtә istiqamәtlәnmәsi ilә fәrqlәnir vә mahiyyәtcә geniş yayılmış praktiki H.d.-nin eynidir. Xüsusilәşmiş H.d. müәyyәn şәrti sosial qrupların H.d.-dir.
İstәnilәn subyektin (daşıyıcının) H.d.-nin tam xarakteristikası üçün vәziyyәt anlayışı istifadә olunur. H.d.-nin vәziyyәti dedikdә onun hәmin mәqamda hansı ideyalar, görüşlәr, tәsәvvürlәr, hisslәr, rәylәr, qiymәtlәndirmәlәr vә s. elementlәrin üstün mövqe tutmasından asılı olan konkret tә zahürlәri başa düşülür. H.d.-nin vәziyyәti subyektin fәaliyyәtinin determinasiyasında başlıca rol oynayır.
Fәrdi H.d.-nin vәziyyәtinin xarakteristikası üçün “hüquqi mәqsәdyönlülük” terminindәn istifadә edilir. Bu termin insan üçün bu vә ya digәr hüquqi hadisәnin dәyәri, mәnası vә әhәmiyyәti ilә bağlı olan, onun hüquq sahәsinә adaptasiyasına yardım edәn vә bu vә ya digәr hüquqi әhәmiyyәtә malik vәziyyәtdә müәyyәn şәkildә hәrәkәt etmәyә vadar edәn, tәcrübә әsasında formalaşan subyektiv vәziyyәtdәn ibarәt sosial mәqsәd yönlülük növünü bildirir. Mәqsәd yönlülük konkret obyekt vә situasiyaya müәyyәn şәkildә reaksiya vermәyә hazırolmadır. Hüquqi mәqsәdyönlülüyün strukturunda (o cümlәdәn ictimai vә qrup H.d. vәziyyәtindә) üç komponent ayrılır: koqnitiv (hüquqi bilik), affektiv (onların emosional qiymәtlәndirilmәsi) vә konativ (mәqsәdyönlülüyün özü, konkret hüquqi әhәmiyyәtli hadisәyә müәyyәn tәrzdә reaksiya vermәyә hazırolma). Ən ümumi şәkildә yuxarıda göstәrilәn komponentlәrin mәzmunca “dolğunlaşma”sından asılı olaraq H.d. vәziyyәti (fәrdi hüquqi mәqsәdyönlülük) hüquqa tabeçilik, yaxud hüquqi nihilizm kimi müәyyәnlәşә bilәr.










