HÜQUQ FƏLSƏFƏSİ – fәlsәfә vә hüquq şünaslıq bölmәsi; hüququn mәnasını, onun anlayışını, insanın, cәmiyyәt vә dövlәtin hәyatında, xalqların vә bәşәriyyәtin taleyindә vәzifәsini tәdqiq edir. Qısa şәkildә H.f.-ni müxtәlif formalarda hüququn tәbiәti vә vәzifәsi, ümumfaydalı cәhәtlәri, imkanları vә ifadә üsulları haqqında tәlim kimi, eyni zamanda onun qanunçuluq vә әdalәt tәlәblәri mövqeyindәn müxtәlif qeyri-kamilliklәrinin çoxölçülü meyarı kimi şәrh etmәk olar. Hüquqa fәlsәfi baxışın mәrkәzi rakursu hәmişә hüququn ümumi anlamı olmuş vә indi dә belәdir; o, әnәnәvi olaraq çox vaxt yanaşı mövcud olan iki variantda tәsәvvür edilir. Ən geniş yayılmış variantda hüquq anlamı әmrә – ali hakimiyyәtin (monarxın, parlamentin, ümumiyyәtlә dövlәtin simasında hakimiyyәtin) qanunilәşdirilmәsinә müncәr olunur. Bu cür qavrayış qısaca legist (lat. lex – qanun), yaxud dar pozitivist qavrayış adlandırılır (belә şәrhdә qüvvәdә olan qanun vә ümumәn hüquq eyni şeydir). Pozitivizm empirik tәcrübәmizdә verilmiş, hәr hansı metafizik güman vә fantaziyadan uzaq, hәmçinin sosial şәrait, yaxud üstün әxlaqi tәsәvvürlәr nәzәrә alınmadan ağılla dәrk olunan hüququn mәntiqi vә linqvistik işlәnmәsinә yönәlmişdir. Hüququn normativ qüvvәsi mәcburetmәdәn ibarәtdir. Bu әnәnәdә ali dәyәr vә ali mәqsәd sülh, qayda-qanun vә tәhlükәsizliyin bәrqәrar edilmәsi naminә xaosdan vә özbaşınalıqdan qurtulmaqdır. İnsan özünün hüquq düşüncәsinә uyğun olaraq, yәni hüquq sahәsindә әdalәtlilik vә әdalәtsizlik haqqında öz tәsәvvürlәrini nәzәrә almaqla, hüquq münasibәtlәrinә daxil olur vә hüquq qaydası yaradır. Demәli, hüquqi tәlәblәrin vә qaydaların mühüm mәnbәyi yalnız suverenin iradәsindәn deyil, hәm dә hüquqi münasibәtlәrin iştirakçılarının aydın hüquq düşüncәsindәn qaynaqlanır.
Digәr şәrh hüququ, әsasәn, şәxsi azadlığın zәmanәtli tәminatı ilә, hәmçinin şәxsi toxunulmazlıqla, xüsusi mülkiyyәtә sahibliyin vә sәrәncamvermә hüququnun zәmanәtli vә etibarlı qorunması ilә әlaqәlәndirir. Hüququn tәbiәtinin vә vәzifәsinin bәzi digәr oxşar şәrh versiyaları liberal vә eqalitar planda hüququn әsas mәqsәdini rifahın (xoşbәxtliyin), daha az hallarda, lakin yetәrli fәlsәfi әsaslandırma ilә әdalәtin bәrpası, yaxud bәrqәrar edilmәsi ilә әlaqәlәndirir. İlkin liberal hüquq anlayışı iki dәyәr tәmayülünü – şәxsi azadlığı vә ümumi rifahı ehtiva edirdi. Müasir dövrdә ikinci tәmayül şüurun periferiyasına sıxışdırılmışdır vә bәzi elmi-publisistik şәrhlәrdә şәxsi azadlıq vә bütün şәxsi-xüsusi olanların birgәyaşayış rifahının ziyanına ilk növbәdә qorunması ön plana çәkilmişdir.
Hüquq tәcrübәsindә mәntiqi forma, şәxsin, yaxud qrupun iqtisadi marağı, müxtәlif etik dәyәr mövqelәri eyni zaman dayanaşı mövcud ola bilir; onlar bir-biri ilә o dәrәcәdә rәqabәt aparır, yaxud bir-birinә qarışırlar ki, aralarındakı qarşılıqlı әlaqә haqqında düşünmәmәk mümkün deyil (mәs., mövcud olan ilә әslindә mövcud olmalı olan arasında). Buradan aydın olur ki, hәyati, o cümlәdәn hüquqi münasibәtlәrin yalnız әsl fәlsәfi qavrayışı mәqsәdә aparmağa qadirdir. Hüququn vә mәnәviyyatın (әxlaqın) qarşılıqlı әlaqәsinin müzakirәsi çox zaman iki bir-birinә әks mövqedәn aparılır. Bir mövqe hüququn әxlaqla bağlılığına (Kant әnәnәsi), digәri isә hüquq vә әxlaqın qismәn oxşarlığına vә eyni zamanda prinsipial fәrqliliyinә әsaslanır, belә ki, әxlaqi qayda-tәlәblәrdә imperativlik mövcud olsa da, bu qaydaları pozmaya görә sanksiya mövcud deyil.










