HÜQUQİ AKT – sәlahiyyәtli orqan tәrәfindәn әvvәlcәdәn müәyyәn olunmuş formada verilәn vә müәyyәn hüquqi nәticәlәr doğuran rәsmi sәnәd. Orqanın növündәn asılı olaraq H.a. müxtәlif cür adlanır: parlamentin qәbul etdiyi qanun; prezidentin fәrmanı; hökumәtin qәrarı; nazirliyin (nazirin) tәlimatı; mәhkәmәnin hökmü vә qәrarı vә s. Xarici ölkәlәrdә rezolyusiya (ABŞ Konqresinin), ordonans vә dekret (Fransa prezidenti vә hökumәtinin), dekret-qanun (İtaliyada Nazirlәr Şurasının qәrarı ilә qәbul edilmiş prezident aktı) vә s. adlar tәtbiq edilir.
H.a. vәtәndaşların, dövlәt orqanlarının vә tәşkilatların hüquq münasibәtlәrini nizamlamağa yönәlmişdir, şәxsiyyәtin hüquq vә azadlıqlarının, ictimai asayişin qorunmasını, ictimai münasibәtlәrin tәnzimlәnmәsini tәmin edir. H.a.-ların icbari icrası dövlәtin hüquqi әhәmiyyәt daşıyan (cinayәt, inzibati, mülki vә digәr mәsuliyyәt növlәri) mәcburetmә vasitәlәri ilә tәmin olunur.
H.a.-ın növlәri: hüquq normalarından ibarәt olan normativ müqavilә; hüququn müxtәlif subyektlәri arasında bağlanan saziş (mәs., beynәlxalq müqavilәlәr, hәmçinin federativ dövlәtin ayrı-ayrı subyektlәri arasındakı müqavilәlәr). Əmәk hüququnda normativ әhәmiyyәt kәsb edәn müqavilәlәr dә bağlanır (mәs., kollektiv müqavilәlәr).
Qanunların rәsmi şәrhlәri (mәs., Azәrb. Resp. Konstitusiya Mәhkәmәsinin Azәrb. Resp.-nın Konstitusiyasının, ayrı-ayrı qanunların maddәlәrinә verdiyi şәrhlәr) H.a.ların müstәqil növüdür. Ayrı-ayrı orqanların, tәşkilatların vә vәtәndaşların konkret hüquq vә vәzifәlәrini doğuran vә bununla da ümumi sәciyyәli normativ aktlardan fәrqlәnәn fәrdi aktlar H.a.-ların xüsusi növüdür.
Sәlahiyyәtli orqanlar, yaxud vәzifәli şәxslәr tәrәfindәn müәyyәn hüquq vә vәzifәlәri müәyyәnlәşdirәn vә hüquqi mәsuliyyәti tәsbit edәn hüquq normalarının tәtbiqi aktları fәrdi H.a.-lar arasında әsas yer tutur. İcraedici hakimiyyәt orqanlarının konkret mәsәlәlәrlә (vәzifәyә tәyinetmә, pensiya tәyinatı) bağlı, hüquq-mühafizә orqanlarının (mәhkәmә hökmü, arbitraj mәhkәmәsinin qәrarı), inzibati müәssisә vә idarәlәrin (işә götürmә, mәzuniyyәt, intizam tәnbehinin tәtbiqi haqqında әmrlәr) qәrarları bunlara aiddir. Qanunvericiliklә nәzәrdә tutulmuş hallarda hüquq normalarının tәtbiqi aktları ictimai tәşkilatlar tәrәfindәn verilә bilәr. Müәssisәlәr, tәşkilatlar arasında (podrat, icarә müqavilәsi), onlar vә vәtәndaşlar arasında (malların alqı-satqı müqavilәsi), hәmçinin ayrı-ayrı vәtәndaşlar arasında (mәs., bağışlama müqavilәsi) bağlanan hüquqi sәciyyәli saziş vә razılaşmalar da fәrdi H.a.-lardandır.
H.a. müvafiq orqanın (tәşkilatın) qanunla müәyyәnlәşdirilmiş sәlahiyyәti çәrçivәsindә verilmәli, müvafiq formada tәrtib olunmalı vә yuxarı hüquqi instansiyanın verdiyi qanuna vә digәr normativ aktlara әsaslanmalıdır.
Hüquqi faktların, yәni hüquq subyektlәrinin konkret hüquq münasibәtlәrini yaratmaq (dәyişmәk, xitam vermәk) niyyәti ilә hәyata keçirdiyi qanunauyğun hәrәkәtlәrin müәyyәn hissәsi dә H.a. adlanır.










