HÜQUQİ DÖVLƏT – hakimiyyәti hüquqla mәhdudlaşdırılan, hüquqi formalarda hәyata keçirilәn dövlәt. “H.d.” (Rechtsstaat) termini alman hüquq әdәbiyyatında (alman hüquqşünasları K.T.Velker, R. fon Mol vә b.-nın әsәrlәrindә) 19 әsrin 1-ci rübündә yaranmış vә özünü tәsdiq etmişdir. Sonralar o, geniş yayılaraq, müxtәlif şәrhlәr qazanmışdır.
İlkin alman variantında H.d. öz fәaliyyәtindә verdiyi qanunlarla mәhdudlaşan dövlәt mәnasını daşıyır. G.Yellinekin özünü hüquqla mәhdudlaşdıran dövlәt konsepsiyası daha geniş yayılmışdır. Bu mәnada hüquq dövlәtin qәbul etdiyi qanunlarla (vә digәr normativ aktlarla) eynilәşdirilir. Dövlәt öz idarәetmә fәaliyyәtindә qәbul etdiyi qanunlarla bağlı olsa da, istәnilәn vaxt vә istәyinә uyğun şәkildә onların mәzmununu dәyişmәk hüququnu özündә saxlayır.
“H.d.” anlayışının analoqu Anql-saks hüquq әnәnәsi ölkәlәrindә ingilis hüquq şünası A.V.Daysinin 19–20 әsrlәrin ayrıcında klassik variantda işlәyib hazırladığı hüququn aliliyi konsepsiyasıdır (rule of law). Hüququn aliliyi hakimiyyәt özbaşınalığını vә hәtta hökumәtin geniş diskresiyalı sәlahiyyәtlәrini istisna edir. İnsanların idarә olunması hüquq әsasında hәyata keçirilir. Cәza yalnız mәhkәmә tәrәfindәn müәyyәn olunmuş qanun pozuntusuna görә mümkündür. Vәtәndaşların hüquq bәrabәrliyi tanınır. Vәzifәsindәn vә mövqeyindәn asılı olmayaraq, hәr bir insan dövlәtin adi qanunlarına tabedir vә adi mәhkәmә yurisdiksiyası altındadır. Qadağan olunmayan hәr şey icazә verilmiş sayılır. Ayrı-ayrı şәxslәrin hüquqlarının effektiv mәhkәmә müdafiәsi hәyata keçirilir. Bütövlükdә ingilis doktrinası hüququn onu müdafiә vasitәlәrinin mövcud olduğu yerdә olması (ubi jus ibi remedium) müddәasından çıxış edir.
H.d.-in müasir şәrhlәri insanın tәbii ayrılmaz hüquqları ideologiyasına әsaslanır. H.d.-in birinci әlamәti olan dövlәtin hüquqla mәhdudlaşması insan hüquq vә azadlıqlarının aliliyini nәzәrdә tutur; onların dövlәtә münasibәtdә ilkinliyi, dövlәtdәn, onun qanunlarından törәmәdiyi, әksinә, dövlәtin vәzifәsini vә onun ümumi hakimiyyәt sәlahiyyәtlәrinin hüdudlarını müәyyәnlәşdirmәsi qәbul edilir. Bu ideya Azәrb. Resp.-nın Konstitusiyasında әksini tapmışdır: “İnsan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının, Azәrbaycan Respublikasının vәtәndaşlarına layiqli hәyat sәviyyәsinin tәmin edilmәsi dövlәtin ali mәqsәdidir” (maddә 12); “Hәr kәsin doğulduğu andan toxunulmaz, pozulmaz vә ayrılmaz hüquqları vә azadlıqları vardır” (maddә 24); “Azәrbaycan Respublikası әrazisindә insan vә vәtәndaş hüquq vә azdalıqları birbaşa qüvvәdәdir. İnsan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının pozulması ilә әlaqәdar mәsәlәlәri mәhkәmәlәr hәll edir. Dövlәt orqanları yalnız bu Konstitusiya әsasında, qanunla müәyyәn edilmiş qaydada vә hüdudlarda fәaliyyәt göstәrә bilәr” (maddә 71). H.d.-dә ayrı-ayrı şәxslәrә münasibәtdә “qanunla birbaşa qadağan olunmayan hәr şeyә icazә verilir” prinsipi qüvvәdәdir. İnsan hüquqlarının mәhdudlaşdırılmasına yalnız digәr insanların hüquq vә azadlıqlarının müdafiәsi, hәmçinin ictimai asayişin qorunması (bu çәrçivәdә onlar tanınır vә tәmin edilir) mәqsәdilә yol verilir. Ümumi hakimiyyәt sәlahiyyәtlәrinә malik şәxslәrә vә orqanlara münasibәtdә “qanunla birbaşa icazә verilmәyәn hәr şey qadağandır” prinsipi qüvvәdәdir. Onlara yalnız insan hüquqları vә azadlıqlarının müdafiәsi vә ümumi asayişin qorunması üçün zәruri olanlar icazә verilә bilәr. İnsan hüquq vә azadlıqlarının yuxarıda göstәrilmiş mәnada aliliyinin tanınması H.d.-in birinci vә başlıca әlamәtidir.
H.d.-in ikinci әlamәti insan hüquqları vә azadlıqlarının lazımi formal-hüquqi tәminatlarının mövcudluğudur. Bu o demәkdir ki, insan hüquqları qanunvericilikdә (vә digәr hüquq mәnbәlәrindә) tam, konkret vә ziddiyyәtsiz tәsbitini tapmalı, elәcә dә onların hәm ayrı-ayrı şәxslәr, hәm dә dövlәt tәrәfindәn mümkün pozulmalarından effektiv müdәfiәsini tәmin edәn orqanlar vә prosedurlar yaradılmalıdır.
H.d.-in üçüncü әlamәti insan hüquqlarının institusional tәminatlarının mövcudluğudur. Onlar ilk növbәdә dövlәt hakimiyyәtinin hakimiyyәt bölgüsü prinsipinә uyğun tәşkil olunmasından ibarәtdir. Ümumi hakimiyyәt sәlahiyyәtlәrinin dövlәt hakimiyyәtinin üç qolu – qanunverici, icraedici vә mәhkәmә hakimiyyәtlәri arasında bölüşdürülmәsi, onlara bir-birinә qarşılıqlı nәzarәt vә fәaliyyәtlәrini mәhdudlaşdırmaq imkanlarının verilmәsi hakimiyyәtin inhisarlaş dırılmaması vә eyni zamanda vәtәndaşların fәrdi azadlığı üçün zәruri tәminatlar yaradır.
Müasir H.d. bütün vәtәndaşların dövlәt hakimiyyәtinin hәyata keçirilmәsindә (seçmәk vә seçilmәk hüququ, referendumda iştirak hüququ, dövlәt xidmәtinә daxil olmaq hüququ vә s.) azad vә formal bәrabәr iştirakının, hәmçinin dövlәt hakimiyyәtinin hәyata keçirilmәsinә tәsir göstәrmәyә imkan verәn geniş ümumi azadlıqların – söz vә fikir, vicdan, mәlumat, yaradıcılıq, sәrbәst toplaşmaq, birlәşmәk vә s. azadlıqlarının tәmin olunduğu demokratik dövlәtdir.
H.d.-dә konstitusiya ölkәnin dövlәthüquq sisteminin әsası kimi nәzәrdәn keçirilir vә H.d.-in bütün әsas әlamәtlәrini әksetdirir. Buna görә dövlәt hakimiyyәti orqanlarının qәrar vә fәaliyyәtlәrinin ölkә konstitusiyasına uyğunluğunu tәmin edәn vә ilk növbәdә qanunların konstitusiyaya zidd olmadığına nәzarәti hәyata keçirәn konstitusiya nәzarәti H.d.-in әn mühüm institutudur (bax Konstitusiya mәhkәmәsi).
Bir çox ölkәnin 2-ci dünya müharibәsindәn sonra qәbul edilmiş konstitusiyaları dövlәtin hüquqi sәciyyәsini tәsbit edir (mәs., Almaniya Əsas qanununun 28-ci maddәsi, İspaniya Konstitusiyasının 1-ci maddәsi, Portuqaliya Konstitusiyasının 2-ci maddәsi, Bolqarıstan Konstitusiyasının 4-cü maddәsi).
Azәrb. Resp-nın Konstitusiyasında Azәrbaycan dövlәtinin demokratik, hüquqi, dünyәvi unitar respublika olması әks olunmuşdur (maddә 7).










