HÜMAYUN (6.3.1508, Kabil – 27.1.1556, Dehli) – Böyük Moğollar dövlәtinin hökmdarı [1530–39, 1555–56]. Böyük Moğollar sülalәsinin banisi Baburun oğlu vә xәlәfi, Əkbәrin atasıdır. Şimali Hindistanın işğalında iştirak etmiş, Baburun ölümündәn (1530) sonra Aqra vә Dehlini irsәn almış, Malvanı vә Qucaratı zәbt etmişdı. 1537 ildә Sәfәvi hökmdarı I Tәhmasib H.-un tabeliyin dә olan vә mühüm ticarәt-karvan yolu üstündә yerlәşәn Qәndәharı alaraq Budaq xan Qacarı oraya hakim tәyin etmişdi. Az sonra H.-un qardaşı Kamran Mirzәnin başçılıq etdiyi moğol qoşunu şәhәri geri qaytarmışdır. H. Bihar üzәrindә nәzarәt uğrunda müharibәyә qatılmış, 1539 ildә Çausa yaxınlığında vuruşmada Bihar hakimi Şirxan (1540 ildә şah elan edilmişdir) tәrәfindәn mәğlub edilәrәk Hindistandan qovulmuş, bir müddәt Sәfәvilәr dövlәtinә sığınmağa mәcbur olmuşdur. Budaq xan Qacar vә Şahverdi bәy Ustaclının rәhbәrliyi altında Sәfәvi hәrbi hissәlәri ilә geri dönәn H. Şir şahı mәğlub etmiş, 1545 ildә Kabili, 1555 ildә Şir şahın ölümündәn sonra Aqranı vә Dehlini azad etmişdir. Yenidәn hakimiyyәtdә möhkәmlәnәn H. minnәtdarlıq әlamәti olaraq Qәndәharı Sәfәvilәrә güzәştә getmişdir. Dehlidәki Hümayun mәqbәrәsinin (1565) memarı azәrb. Mirәk Mirzә Qiyas olmuşdur.










