HÜMBƏTOV Nurәddin Bahadur oğlu (d.2.2.1933, Gәncә) – Azәrb. tibb alimi, terapevt-kardioloq. Azәrb. Resp. Әmәkdar elm xadimi (1991). Tibb e.d. (1975), prof. (1977). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1957). 1957–60 illәrdә Ucar vә Gәncә şәhәr poliklinikasında, 1963–2011 illәrdә Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunda (1979–91 illәrdә II terapiya kafedrasının müdiri) işlәmişdir. 1980 ildә C.Abdullayev ad. Elmi Tәdqiqat Kardiologiya İn-tunun direktoru olmuşdur. Tәdqiqatları, әsasәn, xroniki, qeyri-infeksion xәstәliklәrin (işemik miokard infarktı, stenokardiya, arterial hipertoniya, şәkәrli diabet, tәnәffüs sistemi vә hәzm orqanları xәstәliklәri) yayılması, müalicәsi vә profilaktikası üzrәdir. 200-ә yaxın elmi әsәrin müәllifidir. Elmi kadr hazırlanmasında xidmәti var.
Ə s ә r i: Состояния сердечно-сосудистой системы при хронической почечной недостаточности. (M.M.Ağayev ilә birlikdә). B., 1989 .










