“HÜMMƏT” – Azәrb.-da ilk milli sosialdemokrat tәşkilatı. 1904 ilin oktyabrında fәaliyyәtә başlamışdı. Bir qrup azәrb. demokrat ziyalının (S.Əfәndiyev, Ə.Ağayev, M.Ə.Rәsulzadә, M.Əzizbәyov, M.Mirqasımov, M.Rәsulzadә (Rәsuloğlu), İ.Aşurbәyov, M.Hacınski, M.Mövsümov, Ə.Mәlikov, Ə.Axundov vә b.) tәşәbbüsü ilә yaradılmışdı. “H.” Rusiya Sosial-Demokrat Fәhlә Partiyasının (RSDFP) Bakı Komitәsinin şöbәsi kimi yaransa da, әslindә müstәqil fәaliyyәt göstәrirdi. “H.” vәrәqәlәrindә özünü çox vaxt partiya adlandırırdı. Öz xalqını milli әsarәtdәn qurtarmaq ümidi ilә yaşayan ziyalıları onun sıralarına sosialdemokratiyanın mövcud hakimiyyәtә müxalifliyi cәlb edirdi. “H.”-in RSDFP Bakı Komitәsi vә “Balaxanı vә Bibiheybәt fәhlәlәrinin ittifaqı” ilә birlikdә tәşkil etdiyi ilk siyasi aksiyalardan biri 1904 ilin dekabr tәtili oldu. Tәtil, Rusiyada ilk dәfә olaraq, fәhlәlәrlә mәdәn-zavod sahiblәri arasında kollektiv müqavilәnin (“Mazut konstitusiyası”nın) imzalanması ilә nәticәlәndi. 1905 ilin fevral vә avqust aylarında ermәni daşnaklarının azәrb.-lara qarşı törәtdiklәri soyqırımları zamanı “H.” qırğınların qarşısının alınmasındaboyük rol oynadı. “H.” tәşkilatının orqanı olan “Hümmәt” qәzeti 6-cı nömrәsindәn sonra “zәrәrli istiqamәtinә görә” bağlandı. 1905 ildә İran inqilabının başlanması ilә әlaqәdar “H.”-in fәaliyyәti genişlәndi. Cәnubi Azәrb.-ın azad edilmәsinә olan ümidlәrini İran inqilabının qәlәbәsinә bağlayan “hümmәt” -çilәr bu inqilabda iştirak etdilәr. 1906–07 illәrdә tәşkilat tәrәfindәn Azәrb. dilindә “Dәvәt-Qoç”, “Tәkamül” vә “Yoldaş” qәzetlәri buraxılırdı. 1907 ilin repressiyaları nәticәsindә üzvlәrinin әksәriyyәti hәbs edildiyi üçün “H.” 1917 ilәdәk, demәk olar ki, fәaliyyәt göstәrmirdi. Lakin tәşkilatın şöbәlәri Yelizavetpolda (indiki Gәncә), Şuşada, Naxçıvanda, Culfada, Tiflisdә kifayәt qәdәr fәal idi. Bunların arasında N.Nәrimanovun rәhbәrlik etdiyi Tiflis şöbәsi (1905) әn әhәmiyyәtlisi idi. “H.”-in Tiflis şöbәsi Azәrb.-ın, o cümlәdәn Cәnubi Azәrb.-ın, hәm dә Şimali Qafqazın әksәr şәhәrlәrindә fәaliyyәt göstәrirdi. 1909 il Tәbriz üsyanı zamanı üsyançılara kömәyә gedәn “H.” könüllülәrinin sayı 800 nәfәrә çatırdı. 1911 ilin dekabrında İran inqilabı yatırıldıqdan sonra Tәbrizdә vә Rәştdә hәrbi-sәhra mәhkәmәlәri tәşkil edildi, könüllülәrin çoxu hәbs olundu.
“H.” tәşkilatı yalnız 1917 ilin martında bәrpa edildi. Hәmin ayda keçirilәn konfransda tәşkilatın RSDF(b)P ilә birlәşmәmәsi vә “H.” adının saxlanması qәrara alındı. İyunun 16-da N. Nәrimanov başda olmaqla, “H.”-in daimi şәhәr komitәsi seçildi. Komitәyә 14 üzv, o cümlәdәn S.Əfәndiyev, H.Sultanov, Ə.Axundov, M.Əziz bәyov, A.Yusifzadә, B.Sәrdarov, M.İs rafilbәyov (Qәdirli), T.Şahbazi daxil idi. Bolşeviklәrin proqramı tәşkilatın әsas proqramı kimi qәbul olundu. İyulun 3-dә “Hümmәt” qәzetinin yenidәn çapına başlanıldı. Bakının Binәqәdi, Suraxanı, Sabunçu rayonlarında, hәmçinin Gәncә, Lәnkәran, Şamaxı vә Naxçıvanda tәşkilatın şöbәlәri yaradıldı. İyunun sonunda Bakı bolşeviklәrinin tәzyiqi nәticәsindә “H.” tәşkilatında parçalanma baş verdi. Sol qanadı tәşkil edәn “hümmәt”çilәr bolşeviklәrlә sıx әlaqәdә işlәyirdilәr, sağ qanad isә menşevikyönlü “hümmәt”çilәrdәn ibarәt idi. Onlar Tiflisdәki sosial-demokrat menşevik “H.”-i vә onun liderlәri İ.Əbilov, S.Ağamalıoğlu, Ə.Pepinov vә b. ilә әmәkdaşlıq edirdilәr. 1918 ilin ikinci yarısında Tiflis “hümmәt” çilәri Bakıya köçdükdәn sonra Azәrbaycan Xalq Cümhuriyyәti (AXC) parlamentinin sosialistlәr fraksiyasını tәşkil etdilәr.
1919 ilin aprel ayında Bakıda “H.”-in hәr iki qanadının konfransı keçirildi. Mübahisәlәrә baxmayaraq, konfrans “H.” tәşkilatının 11 nәfәrdәn ibarәt vahid Mәrkәzi Komitәsini seçdi (onlardan 7-si – M.D.Hüseynov, Ə.H.Qarayev vә b. “Hümmәt”in solqanadını tәmsil edirdi). Lakin 1919 ilin yayında bolşeviklәrin Bakı komitәsinin “H.”-i RK(b)P-yә birlәşdirmәk niyyәti mәlum olduqdan sonra menşevik “hümmәt”çilәr tәşkilatdan çıxdılar. Bolşevik “hümmәt”çilәr RK(b)P-nin Qafqaz Diyar Komitәsinin vә RK(b)P Bakı Komitәsinin tәşәbbüsü ilә Azәrb. Kommunist Partiyasının (AKP) yaradılması mәsәlәsini dәstәklәdilәr. Azәrb. Kommunist tәşkilatlarının 1920 il fevralın 11–12-dә keçirilәn I qurultayı RK(b)P Bakı Komitәsini, “H.”-i vә “Ədalәt” tәşkilatını vahid Azәrb. Kommunist (bolşeviklәr) Partiyası [AK(b)P] halında birlәşdirmәyi qәrara aldı. Hәmin vaxtdan “H.”-in müstәqil fәaliyyәtinә son qoyuldu. S.Ağamalı oğlunun rәhbәrlik etdiyi menşevik “H.” fraksiyası yalnız parlamentdә fәaliyyәt göstәrirdi.
1920 il aprelin 28-dә Azәrb.-da sovet hakimiyyәti qurulduqdan sonra yaradılan Azәrb. Müvәqqәti İnqilab Komitәsi üzvlәrinin әksәriyyәtini bolşevik “hümmәt”çilәr (N.Nәrimanov, D.Bünyadzadә, M.D. Hüseynov, H.Sultanov, Ə.Qarayev, Q.Musabәyov) tәşkil edirdilәr.










