HÜNKƏR İSKƏLƏSİ MÜQAVİLƏSİ (1833) – Rusiya ilә Osmanlı dövlәti arasında iyunun 26-da (iyulun 8-dә) İstanbulun yaxınlığındakı Hünkәr İskәlәsi adlanan yerdә imzalanmışdı. 1831 ildә qiyam qaldıran sultanın vassalı Misir paşası Mәhәmmәd Əli Osmanlı dövlәti ilә müharibәyә (1831–33) girdi. Misir qoşunları Suriyanı tutdu, 1832 ildә Konya yaxınlığında türk qoşunları darmadağın edildi. Misirlilәr İstanbulu tutmaq vә Osmanlı dövlәtinin parçalanmasına nail olmaq fikrindә idilәr. Yaranmış vәziyyәtdә Sultan Mahmud kömәk üçün Rusiyaya müraciәt etdi. İmperator I Nikolayın әmri ilә 1833 ilin aprelindә tәqr. 35 minlik rus desant qoşunu Hünkәr İskәlәsi adlanan yerdә Bosforun sahilinә çıxdı, İstanbulun Mәhәmmәd Əlinin oğlu İbrahim paşa başda olmaqla Misir ordusu tәrәfindәn zәbt olunmasının, Osmanlı dövlәtinin parçalanmasının qarşısını aldı, onu geri çәkilmәyә vә may ayında Türkiyә ilә sülh bağlamağa mәcbur etdi. H.İ.m. iki ölkәdәn biri hücuma mәruz qaldığı halda ona hәrbi yardımın göstәrilmәsini, müqavilәnin әlavә mәxfi maddәsi isә Türkiyәyә qoşun göndәrmәmәyi, lakin Bosfor vә Dardanel boğazlarının bütün ölkәlәrin hәrbi gәmilәri üçün (Rusiyadan başqa) bağlı saxlamağı nәzәrdә tuturdu. İstanbula sultan yanında fövqәladә vә sәlahiyyәtli sәfir, Türkiyәdәki bütün rus hәrbi vә dәniz qüvvәlәrinin ali komandanı kimi qraf A.F.Orlov göndәrildi. Onun әsas vәzifәsi artıq Peterburqda hazırlanmış vә bәyәnilmiş rus-türk ittifaqı haqqında müqavilәnin bağlanması idi. 8 il müddәtinә bağlanan müqavilәni Rusiya tәrәfindәn rus eskadriyasının komandanı kontr-admiral M.P.Lazarev imzaladı. Osmanlı dövlәti tәrәfindәn rus hәrbi-dәniz ekspedisiyasının iştirakçılarını tәltif etmәk üçün xüsusi medal tәsis olundu. Müqavilә nәticәsindә Rusiya tәsirinin Aralıq dәnizinin ş.-indә vә bütövlükdә Yaxın Şәrqdә möhkәmlәnmәsi, rus gәmilәrinin Qara dәnizdәn boğazlar vasitәsilә Aralıq dәnizinә çıxması Fransa vә İngiltәrәni narahat edirdi. H.İ.m.-nin müddәti bitdikdәn sonra Avropa dövlәtlәrinin tәzyiqi altında Rusiyanı üçüncü ölkә hәrbi gәmilәrinin Qara dәnizә çıxmasına mane olmaq hüququndan mәhrum edәn “Boğazlar haqqında” London beynәlxalq sazişi (1841) imzalandı.










