HÜSEYN CAVİD (tәxәllüsü; әsl adı vә soyadı Hüseyn Abdulla oğlu R a s i z a d ә; 24.10.1882, Naxçıvan – 5.12.1941, Rusiya, İrkutsk vil.) – Azәrb. şairi, dramaturq. Ruhani ailәsindә doğulmuş, ibtidai tәhsilini Naxçıvanda mollaxnada, orta tәhsilini M.T. Sidqinin “Mәktәbi-tәrbiyә” adlıyeni üsullu mәktәbindә (1894–98) almışdır. Klassik üslub da ilk şeirlәrini “Gülçin” vә “Salik” im zaları ilә bu illәrdә yazmışdır. Tәbrizin “Talibiyyә” mәdrәsәsindә tәhsilini davam etdirmişdir (1899–1903). İstanbul un-tinin әdәbiyyat şöbәsini bitirmiş (1909), Naxçıvanda, sonra Gәncә vә Tiflisdә, 1915 ildәn isә Bakıda müәllimlik etmişdir. 1937 ildә sovetlәrin kütlәvi cәza tәdbirlәri dövründә repressiya olunmuş, 1941 ildә Sibirdә sürgündә olarkәn vәfat etmişdir. 1956 ildә siyasi bәraәt verilmişdir.
H.C.klassik Azәrb. vә dünya әdәbiyyatının qabaqcıl әnәnәlәrindәn bәhrәlәnәrәk әdәbi-bәdii fikir tarixinә görkәmli әsәrlәr bәxş etmiş, Azәrb. romantizminin banilәrindәn biri olmuş, dәrin fәlsәfi-estetik mәzmuna malik yaradıcılığı ilә 20 әsr Azәrb. әdәbiyyatında yeni bir mәrhәlәnin başlanğıcını qoymuşdur.
H.C. mәzmunca zәngin, forma vә bәdii sәnәtkarlıq cәhәtdәn mükәmmәl lirik şeirlәrin, lirik-epik, epik poemaların, Azәrb. әdәbiyyatında ilk mәnzum faciә vә dramların müәllifidir. “Keçmiş günlәr” adlı ilk şeir kitabı 1913 ildә çap olunmuşdur. Yaradıcılığının erkәn dövrlәrindә lirikası daha çox sosial-siyasi mahiyyәt daşımışdır. “Öksüz Ənvәr”, “Kiçik sәrsәri”, “Qadın”, “Vәrәmli bir qız”, “Bir qızın son fәryadı”, “Bilmәm kimә?”, “Neçin”,”Mәyus bir qәlbin fәryadı”, “Gecәydi” vә s. şeirlәrindә әdalәtsiz sosial mühitin bәrqәrar olduğu cәmiyyәtdә hüquqları pozulan insanların hәyat faciәsi, köhnә adәt-әnәnәlәrin, mülkәdar-burjua әxlaq normalarının qurbanına çevrilmiş qadınların fәryadı öz bәdii ifadәsini tapmışdır. İlk mәtbu әsәrlәrindәn olan “Mәsud vә Şәfiqә” şeirindә Bakının neft mәdәnlәrindә çalışan fәhlәlәrin ağır hәyatından, sahibkarlar tәrәfindәn onların istismar edilmәsindәn bәhs olunur. “Sәn nәsәn, kimsәn, deyәn ariflәrә!” (başqa adı “Bir xatirә”, 1912) şeirindә müasiri olduğu cәmiyyәt vә insan, bәşәriyyәtin gәlәcәyi haqqında düşüncәlәr öz әksini tapmışdır. “Mәzlumlar üçün” (1914), “Qüruba qarşı” (1915), “Hәrb vә fәlakәt” (1916) şeirlәrindә xalqlar arasında ziddiyyәtlәr, qanlı müharibәlәr pislәnmiş, imperializmә qarşı nifrәt öz әksini tapmışdır.
H.C.-in dramaturgiyası Azәrb. әdәbiyyatı tarixindә xüsusi, orijinal bir mәrhәlә tәşkil edir. Onun dram әsәrlәrindә ümumilikdә sosial әdalәtsizlik, dünyanı parçalamaq vә bölüşdürmәk istәyәn imperiyaların müstәmlәkә siyasәti, ana dilinә sevgi, saf mәnәviyyat, insanın mәnәvi ucalığı, maarifә vә mәdәniyyәtә çağırış öz bәdii ifadәsini tapmışdır. H.C. dramaturgiyası milli teatr mәdәniyyәtinin inkişafına da böyük tәsir göstәrmiş, “Cavid teatrı” kimi sәciyyәlәndirilmişdir. 1910 ildә yazdığı ilk mәnzum “Ana” dramı maraqlı tragik situasiyası ilә diqqәti cәlb edir. Əsәrdә bәşәri analıq mәhәbbәti şәxsi qisas duyğusuna qalib gәlir. Bu cәhәt, insan lәyaqәtinә inam, yüksәk ülvi duyğuların tәrәnnümü, sonralar H.C.-in bütün әsәrlәrinin mәziyyәtlәrindәn biri kimi meydana çıxır. Mövzusu mülkәdar hәyatı, ailә vә mәişәt münasibәtlәrindәn alınan “Maral” әsәri Azәrb. әdәbiyyatında qadın hüquqsuzluqundan bәhs edәn ilk faciәdir. Əsәrdә şәxsiyyәt vә qadın azadlığı mәsәlәsi qaldırılır, ailә münasibәtlәrindә feodal-burjua vә mürtәce ruhani әxlaqi görüşlәri tәnqid edilir. Azәrb.әdәbiyyatında ilk mәnzum faciә olan “Şeyx Sәnan” (1914) әsәrinin başlıca qayәsi dini tәәssübkeşlik, fanatizm әleyhinә mübarizә ideyası olmuşdur. Bakı mәtbәә işçilәrinin hәyatından bәhs edәn “Şeyda” (1917) pyesindә çәtin, açıq hәyat tәrzinin vә azadlıq düşüncәsinin tәqdimi ön mövqeyә çәkilmişdir. Digәr dram әsәrlәrindәn fәrqli H.C. bu әsәrdә realist, hәyati mәsәlәlәrә geniş yer ayırmışdır. Müharibә әleyhinә yazılmış “İblis” (1918) faciәsi H.C.-in yaradıcılığında xüsusi yer tutur, әsәr bu gün dә siyasi, bәdii qiymәtini itirmәmiş Azәrb. dramaturgiyasının әn parlaq nümunәlәrindәn biridir. Romantik faciәnin bәdii qayәsi dünyada qarşıdurmalar yaradan әsl iblislәri göylәrdә deyil, gah Şәrqdә abid, gah Qәrbdә zahid cildinә girmiş fitnәkarlar, imperialistlәrin cәsusları arasında axtarmaq vә görmәk olmuşdur. Əsәrdә dünyanı bürümüş işğalçıqanlı müharibәlәr, 20 әsrin “mәdәni vәhşiliyi” lәnәtlәnmişdir. H.C. 1920 ilәdәk yazdığı әsәrlәrindә sosial-siyasi problemlәri mәnәvi-әxlaqi aspektdә işıqlandırmış, cәmiyyәti tәrәqqiyә doğru yönәltmiş, yenilәşmәyә çağırışlar etmişdir.
H.C.-in sonrakı yaradıcılığında Azәrb. qadınlarının savadlanması vә müasir cәmiyyәt quruculuğunda yaxından iştirakına dair mövzular, zәhmәtkeş xalqın tәrәnnümü әsas yer tuturdu. “Azәr” dastanı (1926–36) şairin ideya-bәdii inkişafındakı dönüşü, nikbinliyi әks etdirәn xarakterik әsәrdir. H. C. 1926 ildә müalicә üçün Almaniyaya getmiş, 7 ay Berlindә yaşamışdır. Ölkәnin sosial siyasi hәyatı ilә yaxından tanış olmuşdur. Misir xalqının hәyatından bәhs edәn “Nil yavrusu” әsәrindә müstәmlәkә zülmü qәzәb vә nifrәtlә tәsvir olunur. 20–30-cu illәrdә H.C. “Peyğәmbәr” (1922), “Topal Teymur” (1925), “Sәyavuş” (1933), “Xәyyam” (1935) adlı tarixi dramlar yazmışdır. 1936 ildә yazdığı “İblisin intiqamı” faşizm әleyhinә yazılmış pyes idi. 1936–37-ci illәrdә faşizmin tәcavüzkar planları, İkinci dünya müharibәsi tәhlükәsinin artması bәşәriyyәti ciddi narahat etmәyә başlamışdı. Əsәrin әsas ideyasını bütün dünyada sülhü qorumaq üçün faşizm ideologiyasına qarşı mübarizә tәşkil edirdi. H.C. Cәnubi Azәrb.-dakı zәhmәtkeş azәrb.-ların İran feodalları vә әrbablarının ağır zülmü altında keçәn dözülmәz hәyatına, görә narahatlığını, düşüncәlәrini “Telli saz” dramında (1930) vә “Korneyrәn” (1930) poemasında ifadә etmişdir. Poeziyası yüksәk bәdii sәnәtkarlığı, dәrin emosionallığı, psixologizmi vә tәbiiliyi ilә seçilir. Əsәrlәri bu gün dә öz ideya-bәdii әhәmiyyәtini, monumentallığını vә yüksәk tәsir gücünü saxlamışdır.
1982 ildә anadan olmasının 100 illik yubileyi geniş qeyd olunmuşdur. Naxçıvanda (1981) vә Bakıda (1991) ev-muzeylәri yaradılmışdır. Bakıda, vaxtı ilә yaşadığı binada (indiki Azәrb. MEA Əlyazmalar İn-tu) H.C.-in barelyef olan xatirә lövhәsi vurulmuşdur. Yubiley әrәfәsindә cәnazәsi İrkutsk vil.-ndәn Azәrb.-a gәtirilmiş, Naxçıvanda dәfn olunmuşdur (3.11.1982). 2002 ildә 120 illik, 2017 ildә isә 135 illik yubileylәri keçirilmişdir. Adına kәnd (Nax. MR, Babәk r-nunun Cavidabad k.), Bakıda vә resp.-nın digәr şәhәr vә r-nlarında prospekt, küçә, park, mәktәb kitabxana, kinoteatr vә s. mәdәni-maarif müәssisәlәri var. Bakıda abidәsi (1993, heykәltәraş Ö. Eldarov) ucaldılmış, Türkiyәnin İstanbul ş.-ndә büstü qoyulmuşdur (2019; heykәltәraş S.Eynullayev). Şeirlәrinә mahnılar bәstәlәnmişdir. Haqqında filmlәr çәkilmişdir (“Cavidi xatırlarkәn”, 1982; “Qayıdış”, 1992; “Sәma şairi”, 2003; “Cavid ömrü”, 2007 vә s.).

Ə s ә r l ә r i: Seçilmiş әsәrlәri, 4 cilddә, B., 1982–84; Женщина Востока. Стихи и пьесы. Б., 1982; H.Cavid. Əsәrlәri, 5 cilddә, B., 2005.
Əd.: M.C ә f ә r. Hüseyn Cavid. B., 1960; Əjdәr
İ s m a y ı l o v. Dünya pomantizm әnәnәsi vә Hüseyn Cavid. B.,1982; y e n ә o n u n, Hüseyn Cavid yaradıcılığı vә dünya әdәbiyyatında demonizm әnәnәsi. B., 1991; R a f a e l N ü s e y n o v. Vaxtdan uca. B., 1987; y e n ә o n u n, Əbәdi Cavid. B., 2007; H ü s e y n H ә ş i m l i. Hüseyn Cavidin lirikası vә Avropa әnәnәlәri. B., 2012.










