HÜSEYNİLƏR – 1705–35 vә 1759–1957 illәrdә Tunisdә hakimiyyәtdә olmuş türk әsilli sülalә. Banisi osmanlı sәrkәrdәsi Hüseyn ibn Əli idi. 1707 ildә әlcәzairlilәrin müdaxilәsindәn istifadә edәrәk, ölkәni nәzarәtinә almış, İstanbulun razılığı ilә onu idarә etmişdir. İstanbul Hüseyn paşaya Avropa dövlәtlәri ilә saziş bağlamaq hüququ vermişdi. Onun varislәri Əli [1759–82] vә Hәmmudә [1782–1814] formal olaraq Osmanlı sultanına tabe olsalar da, müstәqil hökmdarlar kimi Venesiya vә İspaniya ilә müharibәlәr aparırdılar. Fransanın Misiri istilası zamanı (1798) Tunis dә digәr ölkәlәr kimi Fransaya müharibә elan etdi vә Misirә gedәn Fransa gәmilәrinin vurulmasına kömәk etdi. Hәmmudә paşanın dövrün dә Tunisin gәlirlәri artdı, xarici ticarәt genişlәndi vә xalqın rifahı yüksәldi. 1811 il sentyabrın 30-da baş vermiş H.-ә qarşı yeniçәri üsyanını amansızlıqla yatırdı. 1814 ildә çevriliş nәticәsindә H.-in böyük qolu taxta çıxdı, lakin onların dövründә bәyliyin әnәnәvi iqtisadi әsasları (ticarәt, sәnәtkarlıq, dәniz quldurluğu vә s.) zәiflәdi. Hüseyn paşa [1824–35] 1830 ildә Fransa ilә müqavilә bağlayaraq dәniz quldurluğunu vә kölәliyi lәğv etmәk öhdәliyini üzәrinә götürdü. Onun hakimiyyәti dövründә Osmanlı üslubunda nizami ordu yaradıldı. Mustafa paşa [1835–37] Osmanlı dövlәtinә vergi vermәkdәn imtina etdi vә Fransa ilә yaxın münasibәtlәr qurdu. Əhmәd bәyin [1837–55] dövründә islahatçılıq hәrәkatı fәallaşdı. Əhmәd bәy qәrbmeyilli siyasәt yürüdәrәk ordu vә donanmanı güclәndirdi, idarәetmә aparatını vә tәhsil sistemini islah etdi, ölkәnin gәlir qaynaqlarının artırılmasını diqqәt mәrkәzindә saxladı. Mәhәmmәd paşanın [1855–59] bir çox fәrmanı әks etdirәn “Əhdülәman”ında (1857) Tunis xalqına hüquq, vergi, ticarәt vә әmәk bәrabәrliyi, vicdan azadlığı, yadellilәrә dә mülk әldә etmә, dini sәrbәstlik vәd edilirdi. Mәhәmmәd Sadiq bәyin [1859–81] dövründә 1861 ildә “Qanuni-dövlә” adı ilә Tunisin ilk konstitusiyası qәbul edildi vә Mәclisi-Əkbәr açıldı. Hökumәtin israfçılığı, Fransa şirkәtlәrindәn külli miqdarda borc götürdüyü üçün vergilәrin xeyli artırılması 1864 ildә bütün ölkәni bürüyәn xalq üsyanına sәbәb oldu. Mәhәmmәd Sadiq paşa Osmanlı dövlәtinin dәstәyi ilә üsyanı yatıra bildi. Özlәrinin idarәetmә aparatını (divan) saxlamaqla Fransanın protektoratını qәbul edәn H. (1881 il Bordo müqavilәsi vә 1883 il La Marss konvensiyası) faktiki olaraq real hakimiyәtlәrini itirdilәr. Mәhәmmәd әl-Münsifin [1942–43] hökmranlığı hakimiyyәti qaytarmaq uğrunda yeganә cәhd idi. Tunisin istiqlaliyyәt әldә etmәsindәn (1956) az sonra 1943 ildәn hakimiyyәtdә olmuş Mәhәmmәd Əmin bәy devrildi, keçmiş bәylik respublika elan olundu (1957, iyul), H.-in әmlakı isә xüsusi dekretә әsasәn müsadirә edildi.










